Kvant erası bəşəriyyəti xilas edəcək - Kaku

Kvant erası bəşəriyyəti xilas edəcək - Kaku

Kvant erası bəşəriyyətin gələcəyini müəyyən edəcək. Kvant kompüterləri bəşəriyyətin ən ciddi problemlərinin bir çoxunu həll etməyə kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu amerikalı məşhur fizik Miçio Kaku deyib.

Onun sözlərinə görə, kvant kompüteri indiki nəsil kompüterlərdən çox fərqli və mükəmməldir:

“Bəziləri inanır ki, kvant inqilabı bütün xəstəliklərin kökünü kəsəcək qədər geniş nəticələr verəcək. Kvant kompüterləri əslində çox şey edə bilər. Düşünürəm ki, nəhayət, onlar qocalıq problemini həll edə biləcək və insanlar qocalıqdan ölməkdən əl çəkəcək. Kvant nəzəriyyəsini təbabətə tətbiq etsək, o zaman molekulyar səviyyədə araşdırmalar aparılacaq. Hər bir fərdi molekulun necə işlədiyini görə və anlaya biləcəksiniz. Bundan sonra siz mövcud biliklərdəki boşluqları doldurmağa və hərfi mənada sıfırdan yeni dərmanlar yaratmağa başlayacaqsınız.

Gələcəyin kimyaçıları kimyəvi reaksiyaları başa düşmək üçün kvant nəzəriyyəsindən istifadə edəcəklər və biz kvant mexanikasına əsaslanan dərmanlar yaradacağıq. Kvant kompüterləri xərçəngə qalib gəlməyə kömək edəcək. Xəstəliyi vaxtından daha əvvəl təxmin edə biləcəyik”.

Alim vurğulayıb ki, kvant texnikası mümkünsüz sayılan problemləri asanlıqla çözə bilər:

“Onlar qlobal istiləşmə probleminin həllinə kömək edəcəklər. Bizə nüvə tullantıları istehsal etməyən termonüvə elektrik stansiyaları verməyə qadirdirlər. Xərçəng, Alzheymer və ya Parkinson sindromu kimi xəstəliklər üçün yeni dərmanlar yaradacaqlar. Şübhəsiz ki, cəmiyyətin rifahının yüksəldilməsi mənbəyinə çevriləcəklər.

Ancaq kvant kompüterlərinin hazırda öhdəsindən gələ bilmədiyi bir şey var - müharibə etmək istəyi və ya paxıllıq kimi insan zəifliklərini aradan qaldırmaq”.

Mənbə: axar.az