Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurdu

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurdu

Ötən il ekstremal hava şəraiti səbəbi ilə Avropada 151 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Kopernikus” İqlim dəyişməsi Xidməti və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatında deyilir.

Avropa Yer kürəsində ən tez istiləşən qitədir, istilik səbəbi ilə ölüm hallarının sayı isə artır. 1980-ci illərdən bəri Avropada orta temperatur dünya ortalamasından təxminən iki dəfə tez artır. 2023-cü ildə orta temperatur sənaye dövründən əvvəlki dövrdən 2,6 dərəcə yüksəkdir, hərçənd dünyada bu göstərici 1,48 dərəcə təşkil edib.

Bildirilir ki, 2023-cü ildə Avropada orta temperaturdan daha yüksək göstərici müşahidə edilib - Skandinaviya, İslandiya və cənub-şərqi Qrenlandiya istisna olmaqla. Ötən il Avropada ümumilikdə orta göstərici ilə müqayisədə təxminən 7 faiz çox yağıntı yağıb. Ekstremal yağıntının miqdarının artması 2023-cü ildə İtaliya, Yunanıstan, Sloveniya, Norveç və İsveçdə böyük daşqınlara gətirib çıxarıb, eyni zamanda digər regionlara quraqlıq yayılıb.

“2023-cü ildə Avropa tarixdə ən böyük meşə yanğınları, güclü dəniz istiləri və genişmiqyaslı dağıdıcı daşqınların şahidi olub, temperatur isə artmaqda davam edir”, – deyə “Kopernikus” İqlim dəyişməsi monitorinq Xidmətinin direktoru Karlo Buontempo vurğulayıb.

İqlim dəyişməsi ilə əlaqəli maliyyə itkiləri 13,4 milyard avrodan çox məbləğdə qiymətləndirilir.

Mənbə: publika.az