Samsung "Azərpoçt" MMC-nin ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi açıqlama verib

Samsung "Azərpoçt" MMC-nin ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi açıqlama verib

Sentyabr ayının 24-də day.az, Trend.az saytına istinadən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin yanında fəaliyyət göstərən "Azərpoçt" MMC-nin, ölkə əhalisinə müraciəti haqqında məlumatı paylaşıb.

Məlumata əsasən, "Azərpoçt" MMC son zamanlar qurum adından əhaliyə "Azərpoçt" MMC-nin loqosu ilə saxta bildirişlərin göndərildiyi haqqında xəbərdarlıq edir. Bildirişin məzmununa görə, istifadəçinin bank kartı məlumatlarının qeyd etməsi müqabilində, ona Samsung Galaxy 10 məhsulu hədiyyə olunması vəd edilir. Beləliklə də, aldadılmış sakinlərin hesablarından pul vəsaitləri silinir.

Öz növbəsində, Samsung-un Azərbaycanda rəsmi nümayəndəliyi də bu məsələ ilə bağlı açıqlama verərək, bu bildirişlərin şirkətlə heç bir əlaqəsi olmadığını qeyd edib. Şirkət bildirib ki, bütün rəsmi "Samsung" məhsulları yalnız xüsusi alış-veriş mərkəzlərində və şirkət tərəfdaşlarının mağazalarında əldə oluna bilər və şəxsi məlumat müqabilində şirkət tərəfindən hər hansı məhsulun təqdim edilməsi həyata keçirilmir. Həmçinin, "Samsung", keçirilən aksiyalarla bağlı bütün məlumatın şirkət tərəfdaşlarının rəsmi saytlarında və sosial şəbəkə hesablarında, həm də KİV vasitəsi ilə geniş ictimaiyyətə təqdim olunduğunu qeyd edib.

Əziz vətəndaşlar, diqqətli olun! Bu kimi bildirişlərin "Samsung" şirkəti ilə əlaqəsi olmadığını bir daha diqqətinizə çatdırırıq. Həmçinin, qeyd etmək istəyirik ki, brauzeriniz sizi yönləndirdiyi kənar saytlarda olan məlumatlar həqiqətə uyğun deyil, belə ki, onlar zərərli proqramlar tərəfindən yaradılır.

Mənbə: az.trend.az