BMW Frankfurtda Concept 4 kupesini nümayiş etdirib - FOTO

BMW Frankfurtda Concept 4 kupesini nümayiş etdirib - FOTO

Bu gün Frankfurtda işinə başlayan avtosalonda BMW markası Concept 4 konseptual kupesini nümayiş etdirib. İlk baxışdan diqqəti cəlb edən konseptin iri formalı radiator barmaqlığıdır - belə iri "böyrəklər" bir çoxlarını şoka sala bilər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Bavariya markasının pərəstişkarları uzun müddətdir ki, həsrət ilə BMW 4 Series kupesinin işqı üzü görməsini gözləyirlər. Bavariyalılar kupe aşiqlərinin həsrətini bir qədər yüngülləşdirmək üçün, Concept 4 konseptual kupesini hazırlayaraq, marka pərəstişkarlarına gələcək 4 Series modelinin stilistikasını nümayiş etdiriblər. Kupe dinamik siluetə, çıxıntılı uzun kapota, yan tərəflərdəki dərin xətlərə, nazik formalı ön və L-şəkilli arxa fənərlərə malikdir. Bütün bu elementlər çox güman ki, seriya modelində də öz əksini tapacaqdır. Lakin, konseptin 21-düymlük təkər diskləri, nazik yan güzgüləri, iri diffuzoru və radiator barmaqlığı çox güman ki, elə Frankfurtda da qalacaqdırlar. Amma, atalar demişkən - sən saydığını say, gör münhenlilər nə sayır...

Alman markasının şef-dizayneri Domaqoy Dukeç BMW Concept 4 konseptini yaradarkən, BMW 328 və BMW 3.0 CSi modellərini gözü önündə canlandırdığını bildirib. Bununla belə, dizaynerlərin qarşısında duran məsələnin 4 Series modelinin dizaynının müasir firma üslubuna uyğunlaşdırılması olub. Bəlkə də, məhz buna görə, konseptdə BMW 8 Series kupesinin tanış cizgilərini görmək olar.

Bütün bunlara baxmayaraq, bu il işıq üzü görməli olan 4 Series cari 3 Series modelinə daha çox bənzəyəcəkdir. Bavariyalılar konseptin texniki hissəsi barədə məlumat verməyiblər - çox güman ki, konsept sadəcə texniki hissəyə malik olmayan maketdir.

 

Milli.Az

Mənbə: news.milli.az