İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə baş mütəxəssis Kəmalə Qurbanovanın “İnklüziv təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə məsələləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, sağlamlıq vəziyyətindən, maddi təminatından, irqindən, dinindən, dilindən, yaşından və s. asılı olmayaraq cəmiyyətin hər bir üzvünün təhsil alması üçün bərabər imkanlar yaradılması sosial bərabərliyin əsasını təşkil edir.

Hamı üçün bərabər təhsilin reallaşdırılması ideyasının bir sıra beynəlxalq normativ-hüquqi sənədlərdə təsbit olunduğunu deyən məruzəçi bildirib ki, bu sənədlərin qəbul edilməsində məqsəd əlil şəxslərin hüquqlarının müdafiəsi ilə yanaşı, onların sağlam insanlarla bərabər şəkildə ictimai həyatda iştirakı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasıdır.

K.Qurbanova, həmçinin inklüziv təhsilə keçidin vacib şərtlərini diqqətə çatdırıb. Qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) inklüziv təhsildə kompensasiya, kommunikasiya, didaktik məqsədlərlə istifadə olunur. Bundan əlavə, inklüziv təhsildə İKT-dən istifadə imkanlarını araşdıran tədqiqatçılar rəqəmsal, informasiya, köməkçi texnologiyalar və digər anlayışlardan istifadə edirlər.

Məruzəçi inklüziv təhsilin reallaşmasında informasiya texnologiyalarının mühüm rol oynadığını qeyd edərək sağlamlıq imkanları məhdud insanlar üçün hazırlanmış müxtəlif texniki vasitələr və proqram təminatları, onların təyinatı haqqında məlumat verib.

Seminarda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Mənbə: azertag.az