Tovuz təxribatı zamanında qlobal sosial şəbəkələrin Ermənistana tərəf tutması necə izah olunur...

Tovuz təxribatı zamanında qlobal sosial şəbəkələrin Ermənistana tərəf tutması necə izah olunur...

Nicat Qasımlı: “Nəhəng şirkətlərin uzun müddət ikili standartlarla fəaliyyət göstərməsi reputasiyalarına ciddi zərər gətirə bilər”

Ermənistanın Tovuz rayonumuz ətrafında atəşkəsi pozması nəticəsində bir neçə gün dövlət sərhədimizdə gərginlik yaşandı. Bu, eyni zamanda, bizim Ermənistanın informasiya diversiyaları ilə üz-üzə qaldığımızı da ortaya qoydu. Tam olaraq bu nəticəyə gəlmək olur ki, Ermənistan bu təxribata əvvəlcədən, özü də sistemli şəkildə hazırlaşıbmış.

Maraqlıdır ki, bir sıra qlobal sosial şəbəkələrin də bu məsələdə Ermənistana dəstək olduğu üzə çıxır. Belə ki, bu günlər ərzində biz bir çox fəal adamların sosial şəbəkə hesablarının bloklandığının şahidi oluruq. Eyni aqibətlə erməni yalanlarını peşəkar səviyyədə ifşa edən tanınmış KİV-lərin internet resursları da üzləşib. Məsələn, iki gündür ki, bizim qəzetin eyniadlı saytında yayımlanılan xəbərlərin “Facebook” şəbəkəsi üzərindən paylaşılması mümkün deyil. Texniki heyətin məsələyə müdaxiləsindən sonra məlum olub ki, qəzetin adını daşıyan eyniadlı domen adı sosial şəbəkə tərəfindən bloka salınıb. Vəziyyətin bu səviyyəyə gəlib çatması ilə bağlı təcrübəli İKT ekspertinin rəyini aldıq.

İKT sahəsi üzrə ixtisaslaşmış “VR360AZ” şirkətinin rəhbəri Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tovuz təxribatı zamanı sosial şəbəkələrin Azərbaycan seqmentində qəribə hallar müşahidə olunmağa başladı:“Müharibə şəraitində olduğumuz düşmən ölkə ilə digər sahələrdə olduğu kimi, informasiya sahəsində də ikili standartlara əsaslanan hallar geniş vüsət aldı. Həmin ikili standartlar sosial media üzərindən özünü daha çox büruzə verməyə başladı. Təbiidir ki, istənilən sosial şəbəkə əvvəlcədən bəlli edilmiş standartlar əsasında fəaliyyət göstərir. O standartlar ki, müəyyən tərkibli məlumatların paylaşılması (təcavüz, irqçilik və s.) qadağan olunur. Bu tip qadağan olunmuş məlumatlar paylaşıldıqda isə həmin sosial şəbəkə paylaşılan məlumatı silir və bu barədə dərhal istifadəçiyə bildiriş göndərir. Əksər hallarda yalançı erməni məlumatlarını işıqlandıran aktiv sosial media hesabları, səhifələr və xəbər saytları bloklanma halları ilə qarşılaşdı. Halbuki, dərc edilən məlumatlar heç bir qadağan olunmuş məlumat paylaşımı siyahısına aid deyildir. Eynilə, erməni tərəfin bu cür paylaşımlarında sosial şəbəkələr tərəfindən qadağaların tətbiq olunmadığı açıq-aydın görünür. Bəllidir ki, öz yalanlarına dünyanı inandırmağa çalışan erməni lobbisi nəhəng sosial media şirkətlərindən də yan keçməyib. İstənilən aktiv sosial media hesablarının və xəbər saytlarının harada, hansı bölgədə erməni təxribatına qarşı fəaliyyət göstərdiyinin sosial media şirkətlərinin administrasiyası tərəfindən müəyyən edilməsi o qədər də çətin deyil. Erməni kökənli və daxilində erməni sevgisi bəsləyən insanların sosial media şirkətlərində administrativ heyət səviyyəsində fəaliyyəti ikili standartların meydana çıxmasını labüd edir. Çıxış yolu olaraq, həmin aktiv sosial media hesabı istifadəçiləri və sayt rəhbərlərinin mövcud qadağan olunma halları ilə bağlı sosial media şirkətlərinin dəstək xidmətinə əsaslandırılmış şəkildə müraciət etmələrini məsləhət görürəm. Ermənilərin müharibə təxribatı müddətində bu cür hallar yaşansa da, daha sonra mövcud qadağaları aradan qaldırmaq mümkündür. Çünki nəhəng şirkətlərin də uzun müddət ikili standartlarla fəaliyyət göstərməsi reputasiyalarına ciddi zərər gətirə bilər. Eyni zamanda, bacardıqca bu hallar ictimailəşməlidir ki, onlar reputasiyalarına dəyən ziyandan yan keçmək üçün yalnışlıqlarını düzəltməyə məcbur qalsınlar. Belə müraciətləri mümkün qədər dünyada daha çox ünsiyyət vasitəsi kimi istifadə olunan dillərdə etmək daha məqsədəuyğundur”.

Doğrudan da böyük korporasiyaların ermənilərə belə cılız tərəfkeşlik etməsi təəccüb doğurur. Belə faktları lazımi şəkildə ictimailəşdirə bilsək, növbəti gərgin məqamlarda analoji təxribatla üzləşmərik.

Mənbə: www.baki-xeber.com