Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

 Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

"Agentliyin atdığı addımlar anlaşılmaz və düşündürücüdür, o cümlədən, birmənalı olaraq ekosistemin inkişafına əngəl yaradan bir haldır"

"Təəssüflə bildirmək istərdim ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında yaradılan İnnovasiya Agentliyinin ilk addımları ekosistem üçün elə də uğurlu olmayıb. Artıq məlum olduğu kimi, bu qurum agentlikdə yerləşən BARAMA Mərkəzində çalışan bütün startaplara 2 həftə ərzində buranı tərk etməyi tapşırıb".

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə deyib.

Onun sözlərinə görə, yalnız gələn ildən müqaviləyə yenidən baxıla biləcəyi elan olunub: "Hətta bu tip məlumatları açıqladığına görə rəhbərlik əsəbiləşib və startaplara dərhal bu dövlət qurumunun ofisini tərk etməyi əmr edib. Qeyd etmək istərdim ki, bu quruma rəhbərlik edənlər görünür, buranın dövlət qurumu olmasını və son zamanlar ölkədə aparılan islahatları, idarəetmədə yeni yanaşmaları unudublar və ya ümumiyyətlə, bundan xəbərsizdirlər. Məlum olduğu kimi, "Azercell" dövlət şirkətinə çevriləndən sonra onun BARAMA Akselerasiya Mərkəzi "Azercell"in əlindən alındı və İnnovasiya Agentliyinə verildi. BARAMA-nın tərkibində müqavilə ilə işləyən startaplar da bura köçürüldü və onlarla agentliklə yeni müqavilələr bağlanacağı bildirilmişdi".

Osman Gündüz bildirib ki, "Azercell" dövlətləşəndən və BARAMA Mərkəzi Agentliyin tabeliyinə qatılandan sonra onun bütün rəhbərliyi də istefa verib: "İndi köhnə BARAMA komandasından burada heç kim qalmayıb. Qalan yalnız BARAMA adıdır. Təəsüfləndirici haldır. Çünki istənilən halda ekosistemdə bir xeyli müddət oturuşmuş və müəyyən ənənəsi olan qurumu, yenisi olmadan ləğv etmək heç bir halda doğru addım deyildi. İnnovasiya Agentliyinin yeni rəhbərliyinin BARAMA rəhbərliyi ilə yola getməməsi hər halda anlaşılan ola bilər. Çünki yeni rəhbərlik güman ki, yeni konsepsiya ilə fəaliyyətə başlayacaq və ola bilər ki, onlar daha yaxşı töhfə verəcəklər. Amma buradakı onlarla "köhnə" startap komandasını da bir anda bayıra atmaq, düşünürəm ki, izahı olmayan və yolverilməz bir haldır. Xüsusilə də, ölkə rəhbərliyi bu dövlət qurumunu yaradanda ölkədə ekositemi inkişaf etdirmək, daha yaxşı, daha əlverişli innovativ mühit formalaşdırmaq məqsədi qarşıya qoyub. Burada yaradılacaq İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə startaplara, gənclərə hər cür köməklik etmək vəzifəsi qarşıya qoyulub. Bildiyim qədər bu məqsədlə quruma 15000000 manat dövlət vəsaiti də ayrılıb".

Ekspert hesab edir ki, İnnovasiya Agentliyinin atdığı addımlar anlaşılmaz və düşündürücüdür: "O cümlədən, birmənalı olaraq ekosistemin inkişafına əngəl yaradan bir haldır. Son zamanlar ekosistemə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində müsbət təcrübələrimz artmaqdaydı. Məsələn, dövlət resursları ilə formalaşan İNNOLAND ekosistemin inkişafında ciddi rol oynamağa başlayıb. Yaxşı təcrübələri var. Yeni yaranan agentliyin beynəlxalq və yerli təcrübələri öyrənərək daha aktiv fəaliyyət qurmaq əvəzinə bu cür anlaşılmaz addımlar atması təəssüf doğurur. Ümid edirəm ki, əlaqədar qurumlar, NRYTN buna münasibət bildirəcək".

Mənbə: xeberler.az