Çin donanması sürətlə yüksəlir: O, ABŞ donanmasına yetişə bilərmi?

Çin donanması sürətlə yüksəlir: O, ABŞ donanmasına yetişə bilərmi?

Çin donanmasının bugünkü gücü 30 il əvvəlkindən çox uzaqdadır. Hətta 1990-cı illərdə belə o, ABŞ donanması ilə müqayisədə kiçik imkanlara malik, əsasən sahil mühafizə gücü idi. Lakin Çin donanmasının yüksəlmə sürətinə baxdıqda, bu nailiyyətlərin inqilabdan daha çox təkamülə bənzədiyini görərik. Pekin ehtiyatlı və getdikcə artan templə yeni dizaynlar, ləvazimatlar təqdim edir.

Minilliyin dəyişməsində Pekin yeni, yerli gəmilərin istehsalına başlasa da, onların dizaynlarının əksəriyyəti əsasən Rusiyadan və digər xarici texnologiyadan asılı idi. Eyni zamanda Çin Rusiya döyüş gəmilərinin alınmasına da davam edirdi. Bunlara “Sovremenni” sinifli esminesləri, “Kilo” sinifli sualtı qayıqları misal göstərmək olar.

Əsrin ilk onilliyinin gedişatında Çin özünü hər döyüş gəmisi növü üzrə kiçik dəstələrin inşası ilə məhdudlaşdırdı. Yalnız bütün növlər üçün hərtərəfli sınaqlar həyata keçirildikdən sonra gücləndirilmiş dizaynlara keçid başlandı. Bu onilliyin tədbirli eksperimentləri ölkənin dəniz qüvvələrinə geniş miqyaslı istehsalat üçün etibarlı modellərin yaradılmasında özünəinam verdi. Çin tərsanələri sürətlə “Type 054A” freqatı, “Type 039A” sualtı qayığı, “Type 052D” esminesi və “Type 056” korvetini ərsəyə gətirdi. Buna baxmayaraq, belə istehsal da filotiliyanın həcmini artıra bilmədi və sadəcə köhnəlmiş, istifadəyə uyğun olmayan gəmiləri əvəzləməklə faydalı ola bildi.

Lakin müasir esmineslər, freqatlar, korvetlər, dizel enerjili sualtı qayıqların sayının artımı donanmanın artan gücünün bir aspektini təşkil edir. Qarşıdakı 10 il ərzində Çin yeni nəsil atom sualtı qayıqları, katapult atış sistemləri ilə təchiz edilmiş yeni növ aviadaşıyıcılar inşa edəcək, “Type 075” sinifli amfibik hücum gəmilərindən ibarət filotiliyasını istifadəyə verəcək.

Dəyanət Ağalarlı

Mənbə: ordu.az