İKT üzrə ekspert: “Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də söz sahibidir”

İKT üzrə ekspert: “Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də söz sahibidir”

Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz özünün facebook hesabında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı status yazıb.

Ekspert əvvəlcə Prezident İlham Əliyevin noyabrın 19-da Bakı Dəmir Yolu Vağzalında dəmiryolçularla görüşü zamanı C.Qurbanovla bağlı dediyi "Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var” var sözlərinə münasibət bildirib:

"Ötən gün Prezident "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovu tərifləyib.

Adətən Prezident birbaşa tərifə nadir hallarda üstünlük verir. Əslində, diqqətlə baxdıqda görmək olar ki, həqiqətən də Cavid müəllim son illər xeyli aktivləşib.

Doğrudur, Balakən - Bakı Dəmir Yolu xəttinin keyfiyyəti ilə bağlı Cavid müəllimdən xeyli narazı olsam da, görünən odur ki Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiyasında və regionun Nəqliyyat Mərkəzinə çevrilməsində o, xeyli enerji sərf edir. Nəqliyyat və logistika ilə bağlı bütün beynəlxalq tədbirlərdə başdadır.

Əslində bu statusu yazmağıma səbəb dünənki fotoda arxa planda onun da görsənməsi oldu.

Belə ki, son dövrlərdə görsənir ki, hörmətli Cavid müəllim bizim sektora da "əl qoyub".

Ötən gün Xəzərin dibi ilə TransXəzər FiberOptik magistral xəttin çəkilişinin başlaması ilə bağlı Qazaxstanın Aktau şəhərində təşkil olunan mərasimdən çəkilən şəklə diqqət etsək arxa planda (sağdan ikinci) Cavid Qurbanovu da görə bilərik”.

 

O.Gündüz əlavə edib ki, C.Qurbanov cari ilin əvvəli Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında dövlətlərarası sazişin bağlanmasında aktiv iştirak edib. Təşkilat rəhbəri xatırladıb ki, bu saziş artıq Milli Məclis tərəfindən qəbul edilib və Prezident tərəfindən təsdiqlənib:

"TransXəzər optik magistralı Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsini nəzərdə tutan, AzerTelecom tərəfindən həyata keçirilən "Azerbaijan Digital Hub” proqramının əsas hissəsidir.

Bu Proqram çərçivəsində həm də bütün ADY (Azərbaycan Dəmir Yolları – red.) infrastrukturu boyunca rəqəmsal rabitə xəttinin çəkilişi nəzərdə tutulur.

Məhz bu Proqram Azərbaycanı Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative” layihəsində telekommunikasiya dəhlizinə çevirəcək.

Beləliklə, buradan belə qənaətə gəmək olar ki, Cavid Qurbanov artıq nəhəng rəqəmsallaşma layihələrində də "söz sahibidir”.

Adı çəkilən tədbirin mahiyyətinə baxsaq düşünmək olardı ki, məntiqlə bu tip tədbirdə başqa bir mərkəzi icra orqanının birinci şəxsi olmalıydı.

Lakin fotodan görünür ki, aidiyyatı qurumlar üzrə mərkəzi icra orqanlarından birinci şəxsi ADY rəhbəridir.

Beləliklə, görünən odur ki ADY rəhbəri lokalda, regionalda və qlobal müstəvidə xeyli fəaldır və Prezidentin tərifi üçün də ciddi əsaslar var”.

Mənbə: ann.az