“Vikipediya”da “bürokratlıq” uğrunda savaş: Azərbaycanca məqalələr silinir, təhdid “göydə uçuşur” - QALMAQALLI MÜSAHİBƏ

“Vikipediya”da “bürokratlıq” uğrunda savaş: Azərbaycanca məqalələr silinir, təhdid “göydə uçuşur” - QALMAQALLI MÜSAHİBƏ

Son günlər “Vikipediya”nın azərbaycanlı istifadəçiləri qəribə halla üzləşiblər.

Yüzlərlə, bəlkə də minlərlə “Vikipediya” beynəlxalq ensiklopediyası üçün Azərbaycan dilində yaradılmış məqalələr silinir. Məqalələri silinmiş istifadəçilər dəfələrlə sosial şəbəkələrdə müzakirə etsələr də, bir nəticə olmayıb.

Yaranmış vəziyyətlə bağlı Cebhe.info-ya müsahibə verən “Azərbaycanca “Vikipediya”” redaktorlarından (“Vikipediya”da bu vəzifə “bürokrat” adlandırılır) biri Nihat Vəlizadə bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb.

Qeyd edək ki, Nihat Vəlizadə 2010-cu ildən etibarən (daimi olaraq 2011-ci ildən-müəll.) “Azviki"də istifadəçi hesabı açıb, fəaliyyət göstərib. Bu günə qədər 65.000 dən çox məqalə redaktə edilib və 1.500-dən çox məqalə hazırlanıb. İcmanın səsverməsi əsasında 2011-ci ildə də idarəçi, 2019-ci ildə də bürokrat seçilib.

- “Vikipedia"da məqalələr pozulur, bu da məqalə sahiblərinin narazılığına səbəb olur. Nə baş verir, niyə belədir?

- “Oxucular və “Vikipediya” elektron ensiklopediyasının işləmə mexanizmi haqqında məlumatsız olan şəxslər elə zənn edə bilər ki, saytın Azərbaycanca dil bölməsi olan “Azviki”də (www.az.wikipedia.org) məqalələr əllərində idarəçi hüququ olan şəxslərin şəxsi istəklərinə əsasən silinir. Bu, qətiyyən belə deyil. “Ensiklopedik əhəmiyyətlilik haqqında” Qanun lokal qayadada tam qəbul olunmadığı üçün biz mübahisə yaradan və ensiklopedik olması şübhə doğuran məqalələri “Silinməyə Namizəd Səhifələr” bölməsinə təqdim edirik və orada icma üzvləri tərəfindən müzakirələr, yekunda səsvermələr aparılır. “Azviki”nin hazırda 14 idarəçisi var və bizə tanınmış hüquqlar məqaləni birbaşa silmək hüququnu versə də, icmaya qarşı hörmətsizlik olmaması naminə biz belə bir addım atmırıq.

6 yanvardan etibarən start götürmüş və sosial şəbəkələrdə, xüsusi ilə Azərbaycanca “Vikipediya”nın açıq “Fecebook” qrupunda geniş reaksiya doğuran olaya gəlincə isə, həmin hadisə də, daha öncə dəfələrlə silinmiş bir məqalə ilə bağlı da iddia olunurdu ki, guya məqalələr şəxsi qərəzçilik zəmində silinib. Təkcə mən 10 illik fəaliyyətim ərzində 14 min məqalə silmişəm və gün ərzində 10-12 məqalə silirəm. Məqalənin silinməsinə mədəni formada etiraz edən və ya kömək istəyən şəxslərə həmişə can-başla köməyə hazır olmuşam, ancaq bir şərtlə ki, ortada təhdid və təhqir olmasın.

- Bəzi məlumatlara görə, "Vikipedia"nın Azərbaycan bölməsi üzrə idarə edilməsində qarşıdurma var. Fikirləriniz maraqlıdır.

-Qarşıdurmanı qruplaşdırma iddiası olaraq adlandırsaq, məncə, daha gözəl olardı. “Vikipediya”nın 300-dən çox dil bölməsi var. Azərbaycandan əsasən türk, ingilis və rus dili bölmələri daha çox oxunur. Oxşar qarşıdurma və qruplaşma iddiaları hər bir “Vikipediya”da adi haldır. Çox zaman şəxslərin müzakirələrdə fikirləri üst-üstə düşmür və emossiyalar pik həddə çatır. Zaman-zaman bu hal bizim “Azviki”dən də yan keçməyib, ancaq 2019-cu ilin yay aylarında mənim bürokrat seçilməyimdən sonra sözün əsl mənasında mənə qarşı qruplaşma formalaşıb. Sözügedən qruplaşmaya “Azviki”nin bir neçə nəfər idarəçisi daxildir və həmin şəxslər konkret olaraq icmanın səsverməsi əsasında mənə verilmiş idarəçilik və bürokratlıq hüquqlarımın əlimdən alınmasına çalışırlar. Bununla bağlı “Azviki” daxilində olan müxtəlif platformalarda 4 müzakirə, 2 səsvermə keçirilib və icma üzərinə olan təzyiqlərin məntiqi nəticəsi olaraq 7 yanvar, 2019-cu ildə tarixində haqqımda final səsverməsi adlandıra biləcəyim səsvermə başlayıb. Belə ki, “Vikipediya”da idarəçi olan bir şəxsin idarəçilikdən kənarlaşdırılması üçün ilk öncə idarəçilər arasında razılıq olmalıdır və daha sonra icmada olan istifadəçilərin fikirləri soruşulur. İlkin mərhələ də idarəçilər razılıqlarını veriblər və icmanın səsvermə hüququ olan kəsiminə "Baskervill”dən (Nihat Vəlizadə) idarəçi və bürokrat statusunun alınmasına razısınızmı?" sualı soruşulacaq və qalıb-getmək şanslarımı 50/50 nisbətində qiymətləndirirəm.

- Bu qarşıdurma niyə ictimai prosesə təsir etməlidir, yəni ki, səhifələr, məqalələr silinməlidir? Zərərçəkən vəziyyətdən necə çıxmalıdır? Silinən məqalələr necə bərpa oluna bilər?

- Əslində, “Vikipediya”da olan bir müzakirə və ya sorğu heç bir formada ictimai prosesə təsir etməməlidir. Bir qrup şəxs tərəfindən məqsədli şəkildə məlumatlar sosial şəbəkədə yayılır və orada olan insanlara yalnış məlumatlar çatdırılır. “ “Vikipediya”da təxribat" , “ “Vikipediya”da özbaşınalıq" , "Amandı, qoyma gəldi" formatındakı cəlbedici başlıqlar altında linçləmə kampaniyası tam sürətdə davam etdirilir. Bizim icma dünyagörüşü, dini inancları və həyata baxışları baxımından çox fərqli insanlardan təşkil olunsa da, onları birləşdirən tək dəyər öz ana dillərində online resus yaratmaq ehtiyacı olub.

Bir sözlə, “Azviki”də olan mübahisəli məsələləri oradaca həll etmək mümkün olsa da, bəzi şəxslər vəziyyəti daha da dramatikləşdirməyin tərəfindədirlər. Konkret olaraq mənimlə bağlı yaranmış vəziyyətin səbəbi isə yuxarıda da, qeyd etdiyim kimi bürokratlıq statusunun əlimdən alınması ilə bağlıdır. "Biz qala-qala sən niyə bürokrat olmaslısan" prinsipi ilə hərəkət edən şəxslər barəmdə kompaniya aparır və ciddi cəhdlə əlimdəki hüquqları məhdudlaşırıb, bütün fəaliyyətimin üzərində xətt çəkmək istəyir. Zamanla silinmiş məqalələrin bir bəhanə, bir vasitə olduğunu anladım və əsas məqsədin mənim idarəçi profilimin üzərində "Yartımaz vikipediyaçı" yarlığının formalaşdırmaq olduğunu gördüm.

Çox olub ki, bir məqalə müzakirə əsasında silinib, ancaq yenidən yaradılıb və busəfərki müzakirədə daha ciddi faktlar təqdim edilib və saxlanılmasına qərar verilib. Biz hər şeyi müzakirə və müzakirə əsaslı səsvermə ilə həll etməyə üstünlük veririk, təəssüflər olsun ki, bəziləri təhdid dili ilə danışmağı üstün tutur.

- Sizə qarşı təhdid və şantajlar hansı formadadır ?

- Təhdid və şantajlar “Vikipediya”da aparılmır. Ümumiyyətlə, “Vikipediya”da kiməsə qarşı artıq söz yazmağa yol verilmir. Mən öz kimliyimi gizlətmirəm və Azərbaycanda 100-dən çox şəxs məni sırf vikipediyaçı olaraq tanıyır və bu tanınmanın əsas səbəblərindən biri kimi 2014-cü ildə tərəfimdən təşkil edilmiş "Gənc Vikipediyaçılar adlı tədbir olub. Sözügedən tədbirdə 25 nəfər gəncə bu ensiklopediyada fəaliyyət göstərməyin yolları öyrədilib. 2017-ci ilin avqust ayında isə Kanadanın,Kvebek əyalətinin Montreal şəhərində keçirilən sayca XIV Vikimaniya konfrasında Azərbaycan Vikimedia İcmasını təmsil etmişəm və yüzlərlə müraciətçi arasından seçilmişəm. Kanadada baş tutan tədbir nəticəsində “Facebook” sosial şəbəkəsində aktiv olan, ancaq vikipediyaçı kimi fəaliyyət göstərməyən daha çox şəxs məni tanımağa və fəaliyyətlərimi izləməyə başlayıb. Həmin təhdid və şantajlarda “Facebook” üzərindən yazılır. Bir qismi “inbox”da, bir qismi videomüraciət formasında və bir qismi də Azərbaycan dilində “Vikipediya”ya aid olan açıq qruplarda. Qarşı tərəf olaraq adlandıra biləcəyim şəxs və ya şəxslər heç nədən çəkinmədən mənim adımı çəkir və bildirirlər ki, Azərbaycana gələcəyim təqdirdə məni çox pis aqibətin gözləyir və bura yaza bilməyəcəyim ağır söyüşlərlə təhqir edirlər. Həmin yazışamaları oxuyan hər bir vikipediyaçı dərhal başa düşür ki, burada söhbət “Vikipediya”da olan hansısa məqalənin silinməsindən və ya hansısa narazılıqdan getmir, burada konkret hədəf göstərilir və ona qarşı linç kompaniyası aparılır. Mənə ən ağır gələn isə məni ailəmlə təhdid etmələridir. Düşünrəm ki, 10 ildən çox bu ensikopediyaya xidmət göstərməyin sonu bu olmamalı idi.

-Sizə qarşı təhdidlərlə bağlı harasa müraciət və ya şikayət etmisinizmi ?

-Kanadanın Toronton şəhərində yaşadığımdan fiziki olaraq Azərbaycandakı hansısa quruma şikayət etməyim mümkün deyil. Bu səbəbdən də çıxış yolu kimi “Azərbaycanca “Vikipediya””nın da daxil olduğu bütün “Vikipediya” ensiklopediyalarını idarə edən Vikimedia Fonduna vəziyyətlə bağlı e-mail yazmışam. Yeni il tətili olmasına baxmayaraq, mənə dərhal cavab verilib və vəziyyətin bu dərəcədə olmasından ciddi narahatlıq keçiriblər. Vikimedia Fondunun mərkəzi ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir və bütün lahiyələrin koordinasiya edilməsi buradan həyata keçirilir. Göndərmiş olduğum məktubda qarşı tərəflə heç bir problemimin olmadığı qeyd etmişəm və xahiş etmişəm ki, mənə qarşı olan təhdidlərə son qoyulmasına yardımçı olsunlar. Fondun əməkdaşları ilə aparılan danışıqların məzmunu barədə daha detallı məlumatı haqqımda yekun səsvermənin keçirilməsindən sonra elan etməyi düşünürəm.

Ölkədə olmamağımdan istifadə edib, məni ailəm və yaxınlarımla təhdid edirlər və nə zaman Bakıya qayıdacağımı soruşurlar . Ağır təziqlər, təhdidlər və hədələr altında “Azviki”də fəaliyyət göstərmək çətin olsa da, bu sayt üzərində olan zəhmət və əziyyətimi belə məsələlərə görə yekunlaşdırmaq, qoyub getmək istəmirəm. Həmişə demişəm ki, biz bu ensiklopediyanı birlikdə yaratmalıyıq, hər bir peşəkar idarəçi və ya istifadəçi bizim üçün əhəmiyyətlidir. Mənim statuslarımı əlimdən almaq üçün bütün mümkün cəhdləri edən şəxslər belə düşünmür və hesab edirlər ki, əvəz olunmaz şəxs yoxdur və Baskervill (yəni mən) getməliyəm. Təəssüf edirəm ki, yeni-yeni məqalələr yaradıb, müxtəlif redaktələrlə ana dilimizdə olan ensiklopediyamıza daha çox töhfə verə biləcəyimiz təqdirdə kimlərinsə mənim əlimdə olan statusların alınmasını müzakirə edirik və vaxtımızı belə bir işə sərf edirik.

Bizim qeyd: “Azviki”də ümumi 14 idarəçi və 3 bürokrat hüququlu şəxs var. Bürokrat olmaq idarəçi olmaqdan daha üstün sayılır, yəni ki, bürokrat olan şəxs başqa şəxslərə idarəçi statusu verə bilirsə, idarəçilərin heç kimə idarəçi hüququ vermək haqqı yoxdur.

https://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Baskervill?fbclid=IwAR3XFrQin3Fwe_4E_3NQ9tIqIzGUIBYKJaKlOQzadnd3tVXmRXmFh2bZflo

https://az.wikipedia.org/wiki/Vikipediya:%C4%B0dar%C9%99%C3%A7i_m%C3%BCzakir%C9%99si?fbclid=IwAR2KQLzW9NUXXYOrpc9J6B95f9G39gLw96K7syhffUeM3s-wilZA3ZqqaPw

Fuad Sadıqov
Cebhe.info

 

 

Mənbə: cebhe.info