Bill Geyts Fondu koronavirusla mübarizəyə 10 milyon dollar ayırdı

Bill Geyts Fondu koronavirusla mübarizəyə 10 milyon dollar ayırdı

Microsoftun qurucusu, milyarder Bill Geyts və həyat yoldaşı Melinda - Bill & Melinda Gates Fondunun rəhbərləri - yenicə yayılan koronavirusla - "2019 nCoV” mübarizə aparmaq üçün təcili olaraq 10 milyon dollar ayırıb.

Virtualaz.org bildirir ki, bu barədə xeyriyyə təşkilatının saytında məlumat yayılıb.

Ayrılmış məbləğdən 5 milyon dolları Çində koronavirusla mübarizəyə yönəldilib. Qalan eyni miqdarda məbləğ isə, Afrikada virusun yayılmamasını nəzarətə götürmək və qarşısının alınması üçün yardım mərkəzlərinə göndəriləcək. Fond "artıq dövlət və özəl sektordakı bir sıra Çin tərəfdaşları ilə işləyir", - məlumatda bildirilir.

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində əvvəllər məlum olmayan koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi baş qaldırıb. Xəstəlik ölkənin demək olar ki, bütün bölgələrində, Asiya ölkələrində, Avropa və ABŞ-da qeydə alınıb. Son bir həftə ərzində Çinin bir neçə şəhərində virusun yayılma təhlükəsi səbəbindən xüsusi icazə olmadan insanların və nəqliyyat vasitələrinin giriş-çıxışına qadağa qoyulub.

ÇXR-nin prezidenti Si Tszinpin hazırki vəziyyəti "mürəkkəb" adlandırıb və virusun yayılma tempinin sürətləndiyini söyləyib.

Bu günədək Çində təxminən koronavirusa yoluxan 2700 xəstə qeydə alınıb, 80 nəfər isə ölüb.

Mənbə: virtualaz.org