Bu universitetdə robototexnika ixtisası ilə bağlı dərs vəsaitləri hazırlanır – AÇIQLAMA

Bu universitetdə robototexnika ixtisası ilə bağlı dərs vəsaitləri hazırlanır – AÇIQLAMA

“Azərbaycan Texniki Universitetində (AzTU) 1982-ci ildə “Mexanika” fakültəsinin bazasında “Maşınqayırma” fakültəsi yaradılıb. Lakin 2019-cu ilin oktyabrından fakültə “Maşınqayırma və robototexnika” adlandırılıb. Robototexnika texnologiya ilə bağlı bir sahə olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Bu sahə Azərbaycanda yeni bir istiqamətdir”.

Bu sözləri TED.az-a açıqlamasında AzTU-nun “Maşınqayırma və robototexnika” fakültəsinin dekanı Ərəstun Məmmədov deyib.

Maraqlıdır, robototexnika ixtisası üzrə yetərli dərs vəsaitləri varmı?

Fakültənin dekanı bildirib ki, robototexnika ilə bağlı dərs vəsaitləri hazırlanır: “Bizdə 2019-cu ildən “Mexatronika və robototexnika” ixtisası açıldı. Onun tədris planlarını biz hissə-hissə hazırlayırıq. Təbii ki, onların hamısı hələ tam hazır deyil. Bu ixtisasın tələbələri hələ cəmi 6 ay dərs keçiblər. Təbii ki, birinci semestrdə ümumi dərslər keçirildiyi üçün hələ ixtisas fənləri tədris olunmayıb. Kafedra olaraq tədris planı və dərs vəsaitlərini hazırlayırıq”.

Ərəstun Məmmədov qeyd edib ki, tələbələrin bununla bağlı heç bir problemi yoxdur: “Çünki hamısının əlində keçdikləri fənləri üzrə dərs vəsaitləri var. İxtisas fənlərinin tədrisi daha çox ikinci kursdan, əsasən də ikinci kursun ikinci semestrindən başlanır. Bu da 2021-ci ilin fevral ayına çəkir. O vaxta qədər də bizim bütün plan və vəsaitlərimiz tamamlanacaq. Kafedralar hamısı çox intensiv işləyirlər”.

Nuranə DAXİLQIZI

Mənbə: ted.az