Azərbaycan siyasətində sosial şəbəkələr: nə baş verir? - ARAŞDIRMA

Azərbaycan siyasətində sosial şəbəkələr: nə baş verir? - ARAŞDIRMA

Facebook - 2,5 milyard, YouTube - 2 milyard, WhatsApp - 1,6 milyard. Planetimizin təxminən yarısı gerçək dünyadan fərqli qaydalarla yaşayan sosial şəbəkələrin, virtual aləmin hissəsidir.

Sosial medianın yaratdığı yeni virtual media siyasətlə bağlı təsəvvürlərimizi tam dəyişdi. Hakimiyyətlə cəmiyyət arasındakı təmaslar daha sürətli, bilavasitə olub. Hər halda, zahirən belədir.

Siyasətçilər, siyasətlə məşğul olmaq istəyənlər və ya özlərini siyasətdə sınamaq fikrinə düşənlər ideyalarını yaymaq, həmfikirlərini tapmaq üçün sosial şəbəkələrdən aktiv istifadə etməyə başlayıblar. Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri də sosial şəbəkələrdəki botlar və trolların aktivliyi ilə müşahidə olundu. Onlar bu və digər namizəd üçün "çalışdılar".

Çağdaş dünyanın reallıqlarından biri də budur ki, sosial media və messencerlər vasitəsilə insanların siyasi baxışlarına, mövqelərinə təsir etmək olar. "Brexit"dən Donald Trampa və Jair Bolsonaruyadək siyasətçilərin populyarlığına Facebook-da bir status belə, təsir edib.

Facebook və ya YouTube kimi platformalardan siyasi kommunikasiyalar üçün istifadə ediləndə insanlar siyasi prosesə cəlb olunurlar: yayılan məlumatlar yalan və ya konspiroloji olmasa belə.

Bu səbəbdən sosial media yeni siyasi diskursun həlli üçün çözüm vasitəsinə çevrilir.

Hələ 2016-cı ildə ABŞ-dakı prezident seçkilərində sübut olunmuşdu ki, Facebook-un istifadəçilər üçün tərtib etdiyi xəbər lenti onların siyasi baxışlarına görə formalaşır. Belə "informasiya köpük"ləri də təbii ki, seçicilərin bu və digər namizədi dəstəkləməsi baxımından onlara təsir edib.

2018-ci ilin noyabrında Facebook rəhbərliyi etiraf etdi ki, Myanmada müsəlman rohincalara qarşı nifrətin təbliğinin qarşısını almaq üçün gərəkli addımlar atmayıb. Xatırladaq ki, Myanmada rohincalar faktiki soyqırıma məruz qalıblar.

Facebook illərdir ki, siyasi reklama görə tənqib olunur. Bu səbəbdən 2019-cu ilin əvvəlində sosial şəbəkədə yeni qayda tətbiq olundu: siyasi reklam sifarişçiləri kim olduqlarını, hansı maraqların təminatı üçün bu reklama pul verdiklərini açıqlamalıydılar.

Fəqət, bu məhdudiyyəti də biznes-akkauntlar vasitəsilə asanlıqla aşmaq olur.

Azərbaycana gəldikdə isə, sosial şəbəkələr, xüsusilə də Facebook siyasi və sosial proseslərə bilavasitə təsir edən amillərdən birinə çevrilib.

Parlament seçkiləri əsnasında Facebook-da qapalı qruplar xüsusilə aktivləşmişdi.

Facebook rəhbərliyinin sosial şəbəkədə dezinformasiya ilə mübarizəsi nəzarət və tənzimlənmə sxemlərinin təkmil, hətta normal olmaması cəhdlərin uğursuzluğuna səbəb oldu. Seçkilərə qatılmış subyektlər də bundan gen-bol istifadə etdilər.

Nəticədə Facebook-un Azərbaycan seqmentində saxta və yalan xəbərlərin sayı dəfələrlə artdı. "Lamestream", yəni saxta xəbərlərin yayğınlığı indi az qala təhlükəli həddə çatıb.

YouTube-a gəldikldə isə, bu videoservisdə istifadəçilərə təklif olunan videolar siyahısının hansı alqoritmlər əsasında formalaşdığı bəlli deyil. Bu bir yana: videoların avtomatik işə salınması mexanizmi əksər halda radikal və ya konsprioloji məzmunlu kadrları göstərir.

Son illər YouTube məhz bu alqoritmdən qidalanan siyasi radikallaşmanın sakit dayverinə çevrilib. İş o yerə çatıb ki, sözügedən videoservis istifadəçilərə və abunəçilərə daha radikal kontent təklif edib.

Sağ radikal və xüsusilə də Azərbaycanda mövcud hakimiyyətə düşmən mövqe tutmuş "bloqer"lər bəhs etdiyimiz alqoritmdən yararlanmağa, "məhsul"larının servisin "baxılması məsləhət bilinən" videolar və "trenddəki videolar" bölmələrinə düşmələrinə nail olmağı öyrəniblər.

Təbii ki, bu da əsasən reklama yatırılan vəsait hesabına əldə olunur.

Azərbaycanda siyasətçiliyin klassik davranışına sədaqətli olanlar az deyil. Onlar əmindirlər ki, vətəndaşlarla birbaşa ünsiyyəti heç nə əvəzləyə bilməz. Lakin son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onlayn, əsasən də sosial şəbəkələr vasitəsilə vizual kommunikasiya verbal kommunikasiyanı bir çox nüanslar baxımından üstələyib.

Adi siyasətdən fərqli olaraq sosial şəbəkədə orta statistik vətəndaşın özü sosial mediaya can atır, boş vaxtı ilə bahəm, iş vaxtının xeyli hissəsini məhz onlayn xəbərlərdən məlumatlı olmağa sərf edir.

Məhz bu səbəbdən indi sosial şəbəkələr asudə vaxt siyasətinə çevrilib və bilavasitə istifadəçi tərəfindən kontrolda saxlanılır.

Ənənəvi, klassik siyasət verilən iinformasiyanın və ya yayılan bəyanatın çeşidlənməsinə, "yanlış" və "səhih" bölünməsinə söykənən xarici senzuranı ehtiva edirdi. İndisə siyasət şərti senzoru sosial şəbəkə istifadəçinin "daxili"nə köçürüb və konkret insan onlayn mediada oxuduğu məlumatların hansının yalan, hansının da dürüst olduğuna qərar verir.

Məhz bu səbəbdən çağdaş siyasət effektivliyini başqa sahələrdə sübut etmiş istənilən vasitələri dərhal əxz edir. Məsələn, hazırda Azərbaycanda da siyasətçilərin Facebook-da istifadə etdikləri "mikrotarqetinq" anlayışı biznesdən gəlib.

Sosial şəbəkələr ənənəvi siyasəti dəyişərək onu texnologiyaya meyillənmiş yeni əməliyyatlar səviyyəsinə köçürüb və bu, seçki kampaniyalarında seçicilərlə kommunikasiyaları əsaslı şəkildə dəyişməyə imkan verib.

Azərbaycada da sosial şəbəkələrin belə populyarlığının əsas səbəbləri istənilən böyük auditoriyaya ani və sürətli çıxış, "yad" kommunikasiyaların seçicinin fərdi kommunikasiyalar sisteminə uyğunlaşdırılmasının təminatı, habelə məlumatların elə seçicilər tərəfindən yayılmasıdır. İstənilən siyasi kampaniyada olduğu kimi, ölkəmizdə də seçkilər prosesində mənfi, neqativ xəbərlər pozitiv məlumatlarla müqayisədə daha sürətlə yayılıb. Seçici də sosial şəbəkədə formalaşan yeni sistemdə onun səsi olduğunu hesab edərək kommuniksiyanın müasirliyindən, ikitərəfli olmasından, idarəetmənin asanlığından faydalanır.

Bu isə yeni, aktiv auditoriya fenomenidir. Sosial şəbəkələr siyasəti "evcilləşmə" prosesinə məruz qoyublar və sonucda seçicilərin özləri dəstəklədikləri namizəd barədə məlumatları paylaşırlar. Səbəb sadədir: orta statistik seçici ənənəvi medianın və ya küçələrdəki siyasi reklamların təsirindən qurtulmaq üçün azadlıq hissini yaşamaq istəyir.

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri göstərdi ki, sosial şəbəkələr bu kampaniyada maraqlı olan, bu və digər seçici qrupunun eşidib görmək istədiyi məumatları yayan, onları daha aktiv edəcək xəbərləri paylaşan adamlar daha öndə olurlar. Beləliklə, sosial şəbəkələr siyasətə ani reaksiya, vədlər paylaşıb ittihamlar tirajlamaq və suçlamaları çoxaltmaq imkanları verdi.

Sosial şəbəkələr konkret seçiciyə çox yaxındır. Çünki vətəndaşda məhz onun prosesi idarə etməsi, aktiv iştirakçı olması kimi illüzor hisslər yaradır.

Sosial şəbəkələrdə aktiv olan insana siyasətçinin obrazının fərqli, yeni məcahları gərəkdir.

Məsələn, hansısa obyektin istifadəyə verilmə mərasimində qırmızı lenti kəsən anda çəkilmiş foto adi insana, daha doğrusu, sosial şəbəkə istifadəçisinə maraqsızdır. O, dəstəklədiyi siyasətçidən - konkret halda namizəddən - yadda qalan davranış və bəyanatlar gözləyirdi.

Facebook-un virus yayımı kimi xüsusiyyəti var: yəni istənilən adamın paylaşımı haqqında çox qısa zamanda on minlərlə, yüz minlərlə insan xəbər tuta bilər.

Ona görə də Facebook-dakı post əksər hallarda ənənəvi medianın reaksiyasını işə salan triqqerə çevrilir.

Azərbayycanda siyasətlə sosial şəbəkələr arasındakı qarşılıqlı əlaqələrin məğzi belədir:

1. Sosial media axınlarında emosionallıq rasionallığı üstələyir, "rasio" ənənəvi davranışın aləti olaraq qalır

2. Sosial medianın bütün palitrasından istifadə olunur. İnstagram artıq peşəkarların və şou-biznes ulduzlarının xitab məkanı yox, adi vətəndaşların xəbər mənbəyinə dönür. Facebook orta yaşlıların siyasi mübarizə vasitəsi olmaqdan çıxaraq bütün yaş qruplarını cəlb edir.

3. Siyasi kampaniyaların mənfi, neqativ çalarları artıb. Səbəb - "dirty politics"lərin istənilən adam və ya sayt tərəfindən asanlıqla yayılmasıdır.

4. Vətəndaşlarla kommunikasiya xüsusi səhifələr və qruplar vasitəsilə aparılmağa da başlanıb.

.... Azərbaycanın daxili siyasətində sosial şəbəkələr aktiv, bir sıra olaylarda isə həlledici "oyunçu"ya çervilməkdədir. Lakin qaliblər və məğlublar oyun qaydalarına riayət etməlidirlər. İstənilən halda, sosial şəbəkələr daha çevik olduğundan, ənənəvi medianı bir sıra hallarda qabaqlamağa başlayıblar.

Elçin Alıoğlu
Milli.Az

Mənbə: news.milli.az