Süni intellekt sayəsində ən təhlükəli bakteriyaları öldürən antibiotik tapıldı

Süni intellekt sayəsində ən təhlükəli bakteriyaları öldürən antibiotik tapıldı

Elm adamları dünyanın ən təhlükəli bakteriyaları arasında yer alan və bütün dərmanlara müqavimət göstərən bir bakteriya növünü öldürəcək antibiotiki süni intellektdən istifadə edərək tapdıqlarını açıqlayıb.

Primetime.az xəbər verir ki, elm redaktoru İan Səmplın sözlərinə görə, edilən testlərdə antibiotikin Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilən ən təcili dərmana ehtiyac duyulan 3 patogendən ikisi olan "acinetobacter baumanii" və "enterobacteriaceae" bakteriyalarını öldürdüyü kəşf edilib. Araşdırmanı aparan komandanın təcrübəli tədqiqatçısı Recin Barzilay ilk dəfə belə bir dərmanın yaradıldığını deyib.

Biomühəndis olan Ceyms Kollins dərmanın bu günə qədər tapılan ən güclü dərmanlardan biri olduğunu vurğulayaraq "Antibiotikə müqavimət göstərən çox sayda patogenə qarşı diqqət çəkəcək qədər təsirlidir" - deyə qeyd edib.

Yeni antibiotikin tapılması üçün araşdırmaçılar bakteriyaları öldürən molekulları süni intellekt öyrədib. Bunun üçün təxminən 2.500 dərman və təbii birləşmələrdən istifadə olunub. Alqoritm təsirli bir antibiotik içində nəyin lazım olduğunu başa düşdükdən sonra elm adamları dərmanlarda istifadə edilə biləcəyi 6000 element blokunu da təqdim edib. Alqoritm daha sonra mövcud antibiotiklərdən fərqli, lakin təsirli sayılan element blokları ilə rəqəmsal təcrübələr etməyə başlayıb. Bu da mövcud antibiotikin öncəkilərdən çox fərqli olmasını və beləliklə müqavimət göstərən bakteriyaları da öldürməsini təmin edib.

Tədqiqatçılar dərmana "2001: Bir Kosmos Səyahəti" filmindəki robot Halın adından istifadə edərək "Halicin" adını verib. Bu kəşfdən sonra elm adamları 6 min element yerinə 1.5 milyard elementi süni intellektə tanıdıb və bunlardan 107 milyon üzərində təcrübə aparılmasını təmin edib. Üç günlük kompüter hesablamalarından sonra proqram 23 potensial antibiotik tövsiyələri ilə geri dönüb və bunlardan ikisinin son dərəcə təsirli olduğu ortaya çıxıb.

Tədqiqatın müəlliflərindən biri Conatan Stokes 107 milyon element blokunu ənənəvi yollarla əldə etmək və laboratoriyalarda tək-tək təcrübələr aparmağın mümkün olmadığını, ancaq süni intellekt ilə rəqəmsal mühitdə sınaya bildiklərini söyləyərək "Bu təcrübələri kompüterdə edə bilmək vaxt və xərc baxımından böyük üstünlükdür" deyib.

Tədqiqatçı Barzilay gələcəkdə bakteriyaları daha seçici şəkildə öldürən və beləliklə bağırsaqdakı sağlam bakteriyalara zərər verməyən antibiotiklərlə sınaq keçirməyi planlaşdırdıqlarını söyləyib.

Mənbə: primetime.az