Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir

Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir

Google şirkəti bugünə kimi Android əməliyyat sisteminə oyun platforması qismində böyük diqqət ayırmırdı. Lakin vəziyyət dəyişib. Belə ki, şirkət Google Play online mağazasına inteqrasiya edilmiş yeniliklərdən danışıb. Həmin yeniliklər ildən-ilə daha böyük həcmli olan oyunların yüklənmələrini sadələşdirmək üçün nəzərdə tutulublar. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə Google Play-ə inteqrasiya edilmiş yeniliklərdən birincisi assetlərin çatdırılması ilə bağlıdır. Onun əsas məğzi ən əsas materialların ilkin yüklənməsindədir.

Bu cür üsul artıq uzun zamandır ki, kompüter və konsol oyunlarında tətbiq edilir və istifadəçilər bütün faylların yüklənmələrinin bitməsindən öncə oyunları işə sala bilirlər. Faktiki olaraq Google şirkəti tətbiqlərin standart yüklənməsini dəyişməyi qərara alıb. Belə ki, bundan öncə tətbiqlər quraşdırılan APK fayla və 2 GB-a kimi olan genişləndirici fayllara ayrılırdılar. İndi isə 2 GB-a kimi olan genişləndirici fayllar 3 ayrı-ayrı paketə çevrilir. Oyunun cihaza quraşdırılması zamanı birinci APK fayl və həcmi 1 GB-ı keçməyən əlavə fayl yüklənir. Onlar isə özlərində oyunu işə salmaq üçün nəzərdə tutulmuş bütün vacib materiallara artıq sahib olurlar.

Daha sonra həcmi 1 GB-ı keçməyən ikinci fayl paketi yüklənməyə başlayır. Həmin paketdə isə oyunun növbəti mərhələlərini əhatə edən materiallar olur. Yüklənən üçüncü fayl paketi sorğuya əsasən oyuna əlavə kontentləri daxil edir. Onların arasında oyundakı video səhnələr, xəritələr, yenilənmələr və digər kontentlər var. Sözügedən sonuncu fayl paketinin həcmi 512 MB, faylların sayı isə 50 ədəd təşkil edir. Daha bir yenilik isə oyundaxili yenilənmələr ilə əlaqəlidir. Bəzən hansısa kontenti əldə etmək üçün oyunu yeniləmək lazım gəlir. Yeni funksiya sayəsində isə istifadəçi bunu birbaşa oyunda olan zaman edə biləcək. Beləliklə oyunu yarıda qoyub Google Play-ə daxil olmağa ehtiyac qalmayacaq. Tərtibatçılar isə bu üsul ilə bağlı beta versiyalar çərçivəsində istifadəçilərə test yenilənmələrini göndərə bilərlər.

Milli.Az

Mənbə: news.milli.az