Onu cəmi beş dəqiqəyə öldürmək olar – Koronavirus barədə yeni araşdırma

Onu cəmi beş dəqiqəyə öldürmək olar – Koronavirus barədə yeni araşdırma

Alimlər vurğulayıblar ki, virus tibbi maskaların üzərində yeddi gün qalır və onun diqqətlə dezinfeksiya edilməli olduğunu qeyd ediblər

 Honkonq Universitetinin alimləri koronavirusun xüsusilə aktiv olduğu temperaturu açıqlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, araşdırmanın nəticələri "medRxiv" saytında yerləşdirilib.

Qeyd olunur ki, koronavirus təxminən 4 dərəcə temperaturda uzun müddət olduqca aktiv qalır və dezinfeksiya olmayacağı təqdirdə onun aktivliyi yalnız 14 gündən sonra azalmağa başlayır.

Araşdırmalar göstərir ki, SARS-CoV-2 yüksək temperaturlara həssasdır və 70 dərəcə temperaturda 5 dəqiqə ərzində aktivliyini itirir.

Bundan əlavə, mütəxəssislər koronavirusun müxtəlif əşyaların üzərində nə qədər qaldığını da araşdırıblar. Belə ki, kağız üzərində virus üç saat, paltar və işlənmiş ağacın üzərində iki gün, şüşənin üzərində dörd, plastikin üzərində isə yeddi gün qalır.

Alimlər vurğulayıblar ki, virus tibbi maskaların üzərində yeddi gün qalır və onun diqqətlə dezinfeksiya edilməli olduğunu qeyd ediblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: sputnik.az