Koronavirus: Qoxu və dadbilmə hissinin itirilməsi əsas simptomlardımı?

Koronavirus: Qoxu və dadbilmə hissinin itirilməsi əsas simptomlardımı?

Britaniya tədqiqatçılarına əsasən, qoxu və ya dadbilmə hissinin itirilməsi koronovirusa yoluxduğunuzu göstərən əlamətlər sayıla bilər.

Londondakı Kings College Universitetinin alimləri Covid-19 simptomları ilə bağlı 400 mindən çox insanın smartfon tətbiqinə verdiyi cavabları təhlil ediblər, BBC-nin səhiyyə məsələləri üzrə redaktoru Michelle Roberts-in məlumatında deyilir.

Ancaq qoxu və iybilmə hissinin yoxa çıxması adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəlikləri vaxtı da müşahidə oluna bilər.

Buna görə mütəxəssislər müayinə və müalicənin təyin edilməsində qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyyə edirlər.

Əgər sizdə və ya sizinlə birgə yaşayan şəxsdə (şəxslərdə) davamlı öskürək və ya yüksək temperatur varsa, virusun yayılması riskini azaltmaq üçün evdə qalmaq məsləhətdir.

Araşdırma nəyi üzə çıxarıb?

Kings College Universitetinin alimləri xəstəliyi daha yaxşı başa düşmək üçün, koronavirus infeksiyasına xas olan simptomlar barədə bütün məlumatları bir araya gətirməyə çalışıblar.

“Covid Symptom Tracker” proqram əlavəsini istifadə edənlər aşağıdakı simptomlar barədə bildirirlər:

53% - halsızlıq və ya yorğunluq 29% - davamlı öskürək 28% - nəfəs darlığı 18% - iybilmə və ya dad hissinin yoxa çıxması 10,5% - qızdırma

400 min istifadəçi şəxsi məlumatlarını bölüşüb. Bunlardan 1702-si Covid-19-u müəyyən edən testdən keçib.

Nəticələrə görə 579 nəfərdə virus aşkar olunub, daha 1123 şəxsin virusdan azad olduğu təsdiqlənib.

Koronavirus infeksiyasına yoluxanların beşdə üçü (59%) qoxu və ya dadbilmə hissini itirdiyini deyir.

İy və dadbilmə hissinin yoxa çıxması koronavirusun əsas simptomlarına aid edilməlidirmi?

Mütəxəssislər hələ ki, kifayət qədər dəlil olmadığını söyləyirlər. İngiltərənin səhiyyə qurumu ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onları koronavirusun əsas əlamətlərinə aid etməyib.

Qulaq, burun və boğaz həkimlərini təmsil edən ENT UK birliyinə əsasən, xəstələrdən bənzər şikayətlərin daxil olması təəccüb doğurmamalıdır. Lakin bu simptomlar yalnız koronavirusa yoluxma vaxtı müşahidə olunmur.

Britaniya tədqiqatçıları deyirlər ki, iy və dadbilmə hissinin itkisi öskürək və qızdırma kimi mühüm simptomlarla yanaşı nəzərdən keçirilən əlavə əlamətlər ola bilər.

Başqa əlamətlərlə yanaşı iy və dadbilmə hissini itirənlər arasında koronavirusa yoluxanların sayı üç dəfə artıq olur, Kings College alimlər qrupunun aparıcı tədqiqatçısı professor Tim Spector bildirir.

Onun sözlərinə görə, belə təqdirdə virusun yayılmasının qarşısını almaq üçün özünü təcrid etmək tövsiyyə olunur.

Mənbə: www.bbc.com