DİQQƏT: Azərbaycanda əhalinin 10 faizi koronavirusa yoluxsa... - AÇIQLAMA

DİQQƏT: Azərbaycanda əhalinin 10 faizi koronavirusa yoluxsa... - AÇIQLAMA

"İnsan psixologiyası bilmədiyi mövzu ilə bağlı özü üçün daha çox təhlükə yaradır. Məlumat olmadığı yerdə daha çox təşviş və fobiyalarını artırır. Hamı evdə oturub və məlumat gözləyir. Onları bir qədər sakitləşdirəcək, toxdadacaq məlumatlar axtarırlar. Təklif edərdim ki, infeksionistlər daha geniş və daha ətraflı məlumat versinlər. Çünki onlar qısa məlumatlarla kifayətlənirlər".

Bu sözləri Redaktor.az-a açıqlamasında psixoloq-konsultator Murad İsayev deyib. O bildirib ki, xarici mediada daha çox araşdırmalar, vaksinin hazırlanmasının gedişat proqramları və s. barədə mütəxəssislər insanlarla birbaşa kontaktdadırlar:

"Sosial şəbəkələrdə mütəxəssislərin özlərinin təbliğat xarakterli videolar və yazılarının olmasının tərəfdarıyam. Lakin bizdə belə informasiyalar yoxdur. Çox yaxşı olar ki, mütəxəssislər mütəmadi olaraq insalarla birbaşa ünsiyyət yaratsın. Xarici medianın informasiya çirkliliyindən insanlar zəhərlənməsinlər. Çünki, deyilən hər bir fikir onları çaşdıra bilər".

Psixoloq qeyd edib ki, səlahiyyətli nümayəndələrin, eləcə də tibb işçilərinin detallı açıqlamaları olduqca vacibdir:

"Hazırda elə bir dərman yoxdur ki, bu virusu sağaltsın. Lakin zaman-zaman mediada müəyyən dərmanların adı çəkilir. İnsanlar kütləvi şəkildə həmin dərmanları alır. ÜST məlumat verir ki, hələ ki, vaksin yoxdur, heç bir yerə əl atmayın və aldanmayın. Antibiotiklərdən istifadə etməyin. Burda müxtəlif xəstəliklər ola bilər. Məsələn, yuxarı tənəffüs yolları xəsətliyi olan insanlar da qorxu içərisində qalırlar. Ona görə də video vasitəsilə tibb işçiləri detallı məlumatlar verməlidirlər".

Azərbaycan hökümətinin insanların kütləvi yoluxmasının qarşısının alınması üçün maksimum şəkildə tədbirlər həyata keçirdiyini, lakin insanlarda qorxu rahatlığının olmasını vurğulayan M.İsayev bunun ciddi fəsadlara səbəb ola biləcəyini deyib:

"İnsanlar həm qorxur, həm də rahatdırlar. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər. Hər kəs bacardıqca evdə qalmalı və virusun yayılmasının qarşısının alınmasına çalışmalıdır. Qeyri-rəsmi mənbələrədə yer alan xəbərləri oxumamağa və yalnız rəsmi məlumatlara diqqət yetirmək lazımdır. Bu müvəqqəti olan bir hadisədir və müvəqqəti dönəmdə səhv etməməliyik. Kütləvi edilən səhv kütləvi fəlakətlərə gətirib çıxara bilər. Bunun da qarşısını sonradan almaq imkanımız olmayacaq. Əgər epidemiya əhalinin 10 faizində olsa, onda insanlar özləri bayıra çıxmaq istəməyəcəklər. Yoluxma və ölüm hallarının az olması hər şeyin bitməsi demək deyil".

Sevda Ulutau / Redaktor.az

Mənbə: redaktor.az