XƏBƏRDARLIQ !“Hakerlər şəxsi məlumatlarınızı ələ keçirə bilər” - ALDANMAYIN !

XƏBƏRDARLIQ !“Hakerlər şəxsi məlumatlarınızı ələ keçirə bilər” - ALDANMAYIN !

Aytəkin İbrahimova: “Törədilən əməl dələduzluqdur. Bu isə Cinayət Məcəlləsinin xüsusi tərkib hissəsidir”

Elmar Nurəliyəv: ”Qalib olmusuz, bu linkə daxil olun, hədiyyəni əldə edin” kimi mesajlara ayıq-sayıq reaksiya göstərməlidirlər. Çünki hakerlər şəxsi məlumatları ən çox bu yolla əldə edirlər”

Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.

"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilərlər", - deyə Mərkəzdən bildirilib.

 

Məsələ ilə bağlı “Sherg.az”a danışan BDU-nun Hüquq fakültəsinin dekan müavini, dosent Aytəkin İbrahimovanın sözlərinə görə, həmin şəxslər Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunmalıdırlar:

“Törədilən əməl dələduzluqdur. Bu isə Cinayət Məcəlləsinin xüsusi tərkib hissəsidir. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.1. maddəsinə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə, yaxud 178.2. maddəsinə müvafiq olaraq iş açılmalıdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyəv isə əhaliyə diqqətli olmağı tövsiyə edir:

“Belə haker hücumları hər zaman olub. Ancaq indiki həssas məqamda, yəni insanların yaranmış vəziyyətlə bağlı psixoloji gərginlik keçirdiyi vaxtda hakerlər, kibercinayətkarlar bunu fürsət bilib öz çirkin əməllərini həyata keçirməyə cəhd edirlər. Odur ki, insanlar diqqətli olmalı, saxta domenlərdən, tanınmamış saytlardan, etibarlı olmayan onlayn xidmət portallarından, mobil telefonlara gələn xidmət mesajı, uduş mesajı, “qalib olmusuz, bu linkə daxil olun, hədiyyəni əldə edin” kimi mesajlara qarşı ayıq-sayıq reaksiya göstərməlidirlər. Çünki hakerlər şəxsi məlumatları ən çox bu yolla əldə edirlər. İnsanlar müvafiq “link”ə daxil olur və sonra tələblərə uyğun olaraq şəxsi məlumatlarını, o cümlədən bank hesablarını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazırlar. Nəticədə isə şəxsi məlumatlarını öz əllərilə başqasına verirlər. Ona görə də tanınmayan “link”ləri açmağa tələsmək lazım deyil. Yalnız onun təhlükəsizliyinə əmin olduqdan sonra bunu etmək məsləhətdir. Onu da deyim ki, belə hallarla qarşılaşanlar vaxt itirmədən müştərisi olduqları bankla əlaqə saxlayıb hesablarını dondurmalı və aidiyyatı üzrə müvafiq dövlət orqanlarına müraciət etməlidirlər”.

Mənbə: sherg.az