Distant təhsilin tədrisi daha çətindir – Şəmil Sadiq ilə MÜSAHİBƏ

Distant təhsilin tədrisi daha çətindir – Şəmil Sadiq ilə MÜSAHİBƏ

"Distant təhsil deyəndə bəziləri elə bilir ki, elə kameranı açıb danışmaqla iş bitir"

Hazırda koronavirus pandemiyasından dolayı ümumtəhsil müəssisələrində tədris prosesi dayandırılıb və dərslər onlayn keçilir.

Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiq TED.az-a rəhbərlik etdiyi müəssisənin imkanları, eləcə də qurduğu sistem barədə danışıb:

Şəmil bəy, karantin günlərində Təhsil Nazirliyinin qərarı ilə distant təhsilə start verildi. Bu istiqamətdə Hədəf STEAM Liseyi hansı addımlar atır?

Martın 15-dən Google Classroom, Ekurs və WhatsApp tətbiqləri vasitəsi ilə balabilgələrə müəyyən tapşırıqlar verilib, şagirdlərin dərslərdən geri qalmamalarını təmin edilib. Martın 25-dən isə onlayn dərslərə başlamışıq. Dərslər Microsoft Teams proqramı üzərindən həftənin beş günü olmaqla aparılır. Həftəiçi dərslər sabit cədvəl üzrə bölüşdürülüb. Hər gün dörd fənn tədrisi nəzərdə tutulub. Dərslərin müddəti 30 dəqiqə və hər dərsin arasında 10 dəqiqəlik fasilə kimi təyin olunub. Dərslər saat 14:00-dan 16:30-dək keçirilir.

Onlayn dərslər hansı fənlər üzrə keçirilir?

Microsoft Teams proqramı üzrə bütün məktəbi əhatə edən 22 sinif yaradılıb. Dərslər də müvafiq olaraq siniflərin içərisində yaradılan hər bir fənn üçün ayrılan kanallar üzrə aparılır.

Qeyd edək ki, Azərbaycan dili, Riyaziyyat, Rus dili, İngilis dili, Tarix, Ədəbiyyat, Kimya, Fizika, Biologiya, Coğrafiya kimi əsas fənnlərlə yanaşı Təsviri incəsənət, Fiziki tərbiyə, Musiqi və Drama dərsləri də tədris olunur.

Bu dərslərə həftədə bir saat da OFİ adlı dərs əlavə etmişik. Açılışı Onlayn Fərdi İnkişaf saatıdır. Burada sinif rəhbərlərimiz tərbiyəvi mövzuda dərslər keçir, dəyərlərdən danışır, psixoloqun söhbətləri olur və ya hansısa əsər və filmlərin müzakirə aparılır.

Proqramı həm görüntülü canlı dərslərin keçirilməsi, həm də ev tapşırıqları, test və digər sənədlərin bir yerdən idarə olunması baxımından faydalı hesab etmək olar. İlk istifadə zamanı proqramla tanışlıq, texniki və internet problemlərinin yaranması halları yaşansa da onların optimal həlli də mümkündür. Proqramın daha faydalı istifadəsi üçün müasir texniki avadanlıq və güclü internet sürəti tələb edilir.

Müəllimlərdən əsas tələbiniz nədir?

Şagirdlərin idarə olunması, ekranın digər iştirakçılarla bölüşməsi, müasir veb resurslardan istifadə müəllimlərin İKT biliklərinin olmasını tələb edir. Bizim liseyin müəllimlərinin bu bacarığı çox yüksəkdir. Belə ki, hələ iki il bundan öncə müəllimlərin işə qəbulu zamanı həm Google Classroom, həm Microsoft Teams, həm də digər internet resurslarını müəllimlərimizə təlim kimi keçmiş və sertifikatlaşdırmışıq.

Valideynlərlə iş necə aparılır?

Hazırkı şəraitdə ilk olaraq valideynlərimizə bu resursdan istifadə qaydalarını video roliklərlə izah etdik, bir neçə gün məşqdən sonra 25 martda tam rəsmi şəkildə dərslərə başladıq. Həmin 150 valideynin iştirak etdiyi onlayn iclas keçirdik. Təklifləri dinlədik, gedişatı izah etdik.

İstifadə etdiyiniz proqramın üstünlükləri nələrdir?

Bu proqram bizə imkan verir ki, rəhbərlik istədiyi zaman sinfin kanalına daxil olub dərsin gedişini izləsin və keyfiyyətə nəzarət etsin. Hələ ki, hər şey maraqlıdır. Yuxarıda da dediyimiz kimi, ən vacib texniki avadanlığın imkanları, internetin sürəti hələ də problem olaraq qalır.

Bu dərs rejiminə münasibət necədir?

Valideynlərin proqram və dərslərin keçirilməsi, cədvəl, ev tapşırıqlarının verilməsi, şagirdlər tərəfindən yerinə yetirilib yenidən yüklənməsi, dərs prosesinin virtual qurulmasından razılıq və təşəkkür geri dönüşü alınıb. Yeni həftələrdən isə informatika və STEAM dərslərinin tədrisinə başlamağı valideynlərimizə dərslərin gedişi ilə bağlı sorğu keçirməyi planlaşdırırıq.

Bəs müəllimlərin işi nədən ibarətdir?

 

Müəllimlərimiz evdə olsalar da, günün 7-8 saatını iş prosesində keçirirlər. Distant təhsil deyəndə bəziləri elə bilir ki, elə kameranı açıb danışmaqla iş bitir. Əslində isə bu cür dərslərin qurulması və tədrisi canlı dərsdən çox çətindir. Onlayn testlər yaratmalı, resursları müəyyənləşdirməli, öncədən hər bir şagirdə göndərməli, dərs prosesi üçün hazırladığın materialı onlayn şəkildə şagirdlərlə paylaşmalı, onları kompyuter qarşısında maraqlandıracaq qədər aktiv olmalısan. Digər tərəfdən də əminsən ki, digər tərəfdə səni nəinki ata və ya ana, bəzən bütün ailə izləyə bilər. Bunun həyəcanı, narahatlığı da çoxdur.

Bütün bunlara baxmayaraq müəllimlərimiz fədakarlıq edərək gecə-gündüz çalışırlar. Hətta liseyin idarə heyəti qərara alıb ki, Təhsil Nazirliyinə dəstəyimizi təklif edək. Çünki Microsoftun rəsmi lisenziyası ilə işləyirik, 10000 yaxın şagirdi sistemə daxil edə bilərik. Bir neçə məktəbin bu sistemlə işləməsi üçün onlayn təlim verə, şagird və müəllim heyətini bazaya yerləşdirib virtual siniflərini açarıq. Bu həm şəhər məktəbləri, həm də rayon məktəbləri də ola bilər. Bunu da özümüzün vətəndaşlıq borcu bilir, prezidentin səsləndirdiyi şuardakı kimi “Biz birlikdə güclüyük!” prinsipini yaşatmağa çalışırıq.

Sizə təqdim etdiyimiz aşağıdakı linklər müəllim və valideynlərimiz üçün faydalı ola bilər, deyə düşünürəm.

1. Şəmil Sadiqin valideynlərə MÜRACİƏTİ:

2. Hədəf STEAM Liseyinin 140 nəfərlik valideyn İCLASI:

3. Online dərsin davranış QAYDALARI:

Cavid QƏDİR

Mənbə: ted.az