COVID-19: Fransada yeni rəqəmsal sertifikatlar təcridolma rejimindən sui-istifadənin qarşısını alacaq

COVID-19: Fransada yeni rəqəmsal sertifikatlar təcridolma rejimindən sui-istifadənin qarşısını alacaq

Fransada aprelin 6-dan COVID-19 epidemiyası ilə bağlı tətbiq olunan təcridolma rejimi zamanı evdən çıxmaq üçün yeni rəqəmsal sertifikatlardan istifadə olunur.

AZƏRTAC xəbər verir ki, insanlar bu gündən etibarən Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş rəqəmsal sertifikat formasını mobil telefonlara yükləyərək, zəruri hallarda həmin formanı doldurub küçəyə çıxa bilərlər.

Bu günə qədər istifadə olunan kağız formatlı sertifikatlardan sui-istifadə olunduğu üçün rəqəmsal sertifikata keçmək qərara alınıb. Artıq mobil telefona yüklənmiş rəqəmsal sertifikatları dolduranda məlumatların düzlüyü, eləcə də evdən çıxmaq saatı əks olunacaq. Beləliklə, insanlar yalnız 1 saatlıq evdən çıxmaq qaydasına riayət etməli olacaqlar.

Yeni rəqəmsal sertifikat nəzarətçi polis və jandarmların da işini yüngülləşdirir. Belə ki, nəzarətçi polis və jandarmlar kağız sertifikatlara toxunmaqdan azad olurlar, bu da onların koronavirusa yoluxma riskini azaldaraq təhlükəsizliyini təmin edir. Eyni zamanda, insanların mobil telefonundakı sertifikatın kodunu skaner edərək, nəzarətçi həmin şəxs haqqında ətraflı məlumat əldə edir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az