Kriptovalyutaların bayraqdarı olan bitcoin qarşıdakı aylarda çətinliklərə baxmayaraq, 250 min dollar həddini aşa bilər.
Bu proqnozla Cardano (ADA) blokçeyn platformasının təsisçisi Çarlz Hoskinson çıxış edib.
“Bazarlarda sabitlik yaranır. Yeni normalara uyğunlaşma gedir və tezliklə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini endirəcək. Bu da kriptovalyutalara doğru ucuz və sürətli kapital axınına yol açacaq”, – deyə Hoskinson 9 aprel tarixində CNBC telekanalına müsahibəsində bildirib.
Hoskinsonun fikrincə, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət tarifləri səbəbilə dəyər itirən bitcoin 3–5 ay davam edəcək durğunluqdan sonra güclü yüksəliş dövrünə daxil olacaq.
Bu artım dalğası təxminən bir il davam edə bilər.
Raket kimi artım üçün 3 əsas səbəb:
1. Kripto istifadəçilərinin sürətli artımı
Hoskinson statistikaya əsaslanaraq bildirib ki, 2024-cü ildə dünyada kriptovalyuta istifadəçilərinin sayı 659 milyona çatıb. Bu, əvvəlki illə müqayisədə 13% artım deməkdir. Hər il kripto alıcılarının sayı artır və bu tendensiya qiymətlərə də təzyiq edir.
2. Geosiyasi gərginlik və yeni reallıqlar
Ekspertə görə, "qaydalara əsaslanan beynəlxalq sistem" artıq zəifləyir və "böyük dövlətlərin qarşıdurması" dövrünə daxil oluruq. Bu proseslər isə biznesin mərkəzsizləşməsinə səbəb olacaq.
“Bu şəraitdə qlobal iqtisadiyyatın yeganə çıxış yolu kriptovalyuta olacaq”, – deyə Hoskinson vurğulayır.
3. ABŞ-da qanunvericilikdə irəliləyişlər
Kriptovalyuta bazarına dair ABŞ qanunvericiliyində gözlənilən şəffaflıq və dəqiqləşmələr, bir çox tərəddüd edən investorları bu sektora cəlb edə bilər. Hoskinsonun fikrincə, Apple, Microsoft, Amazon kimi nəhəng texnologiya şirkətləri də məhz bu səbəbdən kripto sahəsinə daxil ola bilər.
Nəticə: Kriptovalyuta yalnız texnoloji bir yenilik deyil, yeni dövrün iqtisadi modeli kimi səhnəyə çıxır. Bitcoinin 2025-ci ildə 250 min dollara çatması artıq fantastik ssenari deyil, yaxın gələcəyin real mənzərəsidir.
Mənbə: bizim.media