Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır və yeni cəza növü tətbiq olunur

Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır və yeni cəza növü tətbiq olunur

Gürcüstanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanun pozuntularına görə tətbiq edilən cərimələr artırılır.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, bir sıra qayda pozuntularına görə cəza tədbirləri sərtləşdirilir və yeni cəza növü – ölkədən çıxarılma və müəyyən müddətə giriş qadağası tətbiq olunur.

Layihəyə əsasən, əcnəbinin qanuni qalma müddəti bitdikdən sonra Gürcüstanda üç ayadək qalması 180 lari deyil, 1 000 lari cərimə ilə nəticələnəcək. Bundan əlavə, həmin şəxsə ölkəyə 6 ay müddətinə giriş qadağası qoyula bilər. Əgər əcnəbi qanuni müddət bitdikdən sonra bir ilədək Gürcüstanda qalarsa, bu zaman 2 000 lari cərimə və 2 il müddətinə giriş qadağası tətbiq ediləcək. Bir ildən çox qalma halında isə daha uzunmüddətli qadağa nəzərdə tutulur.

Tranzit qaydalarının pozulmasına görə tətbiq edilən cərimə də artırılaraq 100 laridən 500 lariyə qaldırılır. Həmçinin, əcnəbinin Gürcüstana dəvəti, ona xidmət göstərilməsi və ya xidmətlərindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin pozulması halında, əvvəllər 100 lari olan cərimə 2 000 laridək artırılır.

Ən diqqətçəkən dəyişikliklərdən biri isə əcnəbilər tərəfindən cinayət törədilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən, əcnəbi Gürcüstandan çıxarılacaq və 2 ildən 20 ilədək ölkəyə girişinə qadağa qoyulacaq. Bu, həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər.

Bundan başqa, deportasiya qərarının icrasına əngəl törədən – məsələn, səyahət sənədini qəsdən məhv edən və ya onu əldə etməkdən yayınan şəxslər bir ildən altı ilədək azadlıqdan məhrum edilə bilər.

Qanun layihəsi hazırda parlamentin müzakirəsindədir.

Mənbə: report.az