Prezident Azərbaycanın ən müasir texnologiyalara hazır olduğunun vacib şərtlərini bəyan etdi - insan kapitalı...

Prezident Azərbaycanın ən müasir texnologiyalara hazır olduğunun vacib şərtlərini bəyan etdi  - insan kapitalı...

Osman Gündüz: “Burada söhbət Azərbaycanda bu sahə üzrə həyata keçirilən kadr hazırlığından, rəqəmsallaşma sahəsinin...”

“...Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır”.

Bu fikirləri mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda dövlət başçısı bildirib.

Yeni texnologiyaların tətbiqi üçün yaradılan insan kapitalı nə deməkdir, bu insan kapitalı inkişaf prosesi fonunda yetərlidirmi?

“Ölkəmizdə informasiya texnologiyaları, kompyuter elmləri, nanotexnologiyalarla bağlı kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilir”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə tanınmış mütəxəssis Osman Gündüz baki-xeber.com-a bildirdi ki, son dövrlər Prezidentin bu cür qlobal texnoloji şirkətlərlə videoformatda görüşləri çox təqdirəlayiq haldır. “Həm CISCO şirkəti, həm də “Signify” şirkəti dünyada ayrı-ayrı texnoloji sahələrdə oturuşmuş şirkətlərdir. Hər biri öz sahəsində söz sahibidir. Deyək ki, CISCO server və müxtəlif təhlükəsizlik avadanlıqları və sair, “Signify” isə işıqlandırma ilə əlaqəli şirkətdir. Ümumiyyətlə, dünyadakı bu cür aparıcı trendlərin Azərbaycana gətirilməsi, ölkəmizin bu şirkətlərlə əməkdaşlığı çox uğurlu bir addımdır. Söhbət oturuşmuş şirkətlərdən gedir. Bilirsiniz ki, son dövrlər Azərbaycanda bir neçə böyük layihə həyata keçirilib. Onlardan biri də “Ağıllı şəhər” layihəsidir. Əvvəllər bu layihədə Bakı, Sumqayıt kimi iri şəhərlər nəzərdə tutulurdusa, Prezidentin çıxışlarından belə anladım ki, bütün ölkə üzrə bu cür rəqəmsallaşma, ağıllı sistemlərin quraşdırılması prosesi gedir. İşıqlandırma sisteminə də “Ağıllı şəhər”in tərkib hissəsi kimi yanaşmaq olar. “Signify” şirkəti bu sahədə bir nömrəli şirkət hesab olunur. İndi bunun bir çox üstünlüyü var. Bu cür işıqlandırmadan istifadədə üstünlük qənaətlə bağlıdır. Bizim istifadə etdiyimiz köhnə lampalardan bunların enerjidən istifadə dərəcəsi 7-8 dəfə azdır. Yəni bu, enerjidən 7-8 dəfə az istifadə edəcək. Bu böyük şeydir. Həm də bunların istifadə imkanları hardasa köhnələrdən on dəfəyə qədər çoxdur. Ümumiyyətlə, bütün parametrlərinə görə bu üstündür. Eyni zamanda, dünya ölkələrinin təcrübəsinə baxanda görürük ki, onlarda tətbiq olunan əsas işıqlandırma texnologiyaları da əsas bundan ibarətdir. Bu gün Azərbaycanın bunu Bakıya gətirməsi və “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq istifadə etməsi müsbət haldır. Mən o görüşdən belə nəticəyə gəldim ki, “Signify” şirkəti Azərbaycanda “Elektron kənd təsərrüfatı” layihəsində də iştirak edəcək, onun bu sahədə də müəyyən təcrübəsi var. Düşünürəm ki, bu uğurlu bir addımdır, bunun faydasını görəcəyimizə əminəm. “Ağıllı şəhər” layihəsinin tərkib hissəsi olaraq onun tətbiq edilməsi, fikrimcə, çox faydalı addımdır”.

O.Gündüz onu da bildirdi ki, yeni texnologiyaların tətbiqi üçün yaradılan insan kapitalı deyəndə, bu, ilk növbədə, ölkədə həyata keçirilən kadr hazırlığı ilə bağlı olan məsələdir. Son dövrlər bu sahədə kadr hazırlığına ciddi əhəmiyyət verildiyini deyən O.Gündüzün sözlərinə görə, artıq ali məktəblər bu istiqamətdə işlər görməyə başlayıblar: “Burada söhbət Azərbaycanda bu sahə üzrə həyata keçirilən kadr hazırlığından, rəqəmsallaşma sahəsinin kadr potensialının formalaşdırılmasından gedir.

Mən sizinlə söhbət edərkən Nazirlər Kabinetinin bu istiqamətdə verdiyi müvafiq qərarları xatırlayıram. Nazirlər Kabinetinin qərarlarına əsasən, müasir dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılıb. Yəni köhnə ixtisaslar ləğv olundu, onların əvəzinə rəqəmsallaşma ilə bağlı ixtisaslar yaradıldı. Ölkəmizdə informasiya texnologiyaları, kompyuter elmləri, nanotexnologiyalarla bağlı kadrların hazırlanmasına xüsusi əhəmiyyət verilir. Artıq universitetlərin bir çoxunda bu ixtisaslar üzrə qəbullar olacaq. Azərbaycanda bu istiqamətdə kadr təminatının formalaşdırılması üçün addımlar atılır. Rəqəmsallaşmanın bir tərəfi də ondan ibarətdir ki, istifadəçilər də, vətəndaşlarımız da bu texnologiyalarla bağlı dövrün tələblərinə uyğun bilik və bacarıq əldə etməyə maraq göstərirlər. Söhbət rəqəmsal bacarıqlardan gedir.

Pandemiya dövründə insanların rəqəmsallaşmaya marağı daha da artdı. Çünki vətəndaşlar məcbur idilər ki, dövlətin verdiyi xidmətlərdən onlayn qaydada istifadə etsinlər. Bütün proseslərin onlayn şəkildə həyata keçirilməsi vətəndaşların bu sahədə bilik və bacarıq əldə etməsinə şərait yaratdı”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com