Mercedes-Benz EQA modelinin eksklüziv şəkilləri dərc edilib - FOTO

Mercedes-Benz şirkəti ilk yığcam elektrik krossoveri olan EQA modelinin son sinaqlarına başlayıb. Yeni modelin seriya versiyasının 2021-ci ilin əvvəlində diler salonlarında nümayiş etdiriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Mercedes-Benz EQA modeli premium B-SUV seqmentində təklif edilən ilk elektrokar olacaqdır. Audi və BMW şirkətlərinin bənzər modellərinin olmaması, Mercedes-Benz şirkətinə rəqiblərini bu seqmentdə üstələmək şansı verir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz EQA krossoveri artıq istehsal edilən EQC modelinin üslubunda eksteryer dizaynına malik olacaqdır. Bunu nəzərə alan Auto Express nəşrinin dizaynerləri yeni yığcam elektrik krossoverinin eskizlərini hazırlayıblar. Mercedes-Benz şirkətinin baş dizayneri Qordon Vagener EQ ailəsinin özünəməxsus dizayn üslubuna malik olmasını vacib sayır. O, yeni üslubun keçən il göstərilmiş EQS konseptində nümayiş etdirdiyini vurğulayıb. Sonradan bu üslubdan yeddi yerlik EQB krossoverində və EQS sedanının seriya variantında istifadə ediləcəkdir.

İlkin olaraq, Mercedes-Benz şirkəti EQA adını A-Class modelinə alternativ olacaq elektrik hetçbekinə verməyi planlaşdırırdı. Hətta, alman istehsalçısı 2107-ci ildə Frankfurtda keçirilən avtosalonda EQA Concept konseptual hetçbekini də nümayiş etdirmişdi. Lakin, sonradan krossoverlərə olan tələbatı nəzərə alan Mercedes-Benz şirkəti, fikrini dəyişərək, daha universal xarakteristikalara malik olan GLA modelini elektrikləşdirmək qərarına gəlib.

Bundan başqa, yığcam elektrokarın öndən və ya tam ötürməyə malik olacağını və dolu batareya ilə 400 km qət edəcəyi bildirilib. Mercedes-Benz nümayəndələri elektrokarın ən güclü versiyasının 268 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən güc qurğusu ulə təchiz ediləcəyini qeyd ediblər. Belə versiya 100 km/saat həddinə 5,0 saniyəyə sürətlənməlidir. Üstəlik, elektrokrossover sürətli yükləmə qurğusuna da malik olacaqdır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Dünən gecəki ildırımın möhtəşəm görüntüsü - Foto

SONRAKI XƏBƏR

Ruslar distant səs verə biləcək - PUTİN TƏSDİQLƏDİ