Stressdən azad olmağın ən asan yolu

Səsinizin bülbül ya blender səsi kimi çıxdığından asılı olmayaraq, oxumağın insana bir sıra olduqca müsbət təsirləri ola bilər.

Michigan-da, Detroit şəhərinin St Mary Mercy Livonia Hospitalında səhər gələn işçilərə növbəni təhvil verən həkimlər yorğun görünür.

Onların cərrahiyyə şöbəsi koronavirus xəstələrinə xidmət göstərilməsinə uyğunlaşdırılmışdı və həkimlər yüksək əhval-ruhiyyədə deyildilər.

Səhər iclasında tibb bacısı Laurie Mary Kay-dən həmkarları üçün ruhlandırıcı bir mahnı oxumaq xahiş olundu. O oxudu. Onun səsi yüksəkldikcə həmkarlarından biri Mary-nin ifasını lentə alaraq sosial şəbəkədə paylaşdı və həmin video istifadəçilər arasında böyük populyarlıq qazanıb.

Həmin anlarda daha qabarıq duyulan həmrəylik hissi mahnının nəyə qadir olduğunu göstərir. Amma bu yalnız abstrakt bir şey deyil, oxumağın insana müsbət psixoloji təsirinin elmi səbəbləri mövcuddur.

Bəlkə də buna görədir ki, dünyanın əksər ölkələri Covid-19 pandemiyasının qarşısını almaq üçün karantinə bağlandığı dövrdə, insanlar təsəlli tapmaq üçün mahnıya müraciət ediblər. Buna dair saysız-hesabsız nümunələr var.

İtalyanlar öz eyvanlarından ariyalar oxuyublar, məşhur musiqiçilər öz otaqlarından mini-konsertlər veriblər, xorlar isə internetin onlayn imkanlarından istifadə edərək çıxışlar təşkil ediblər.

Oxuduğumuz zaman, beynimizn böyük hissələri "işə düşür", klinik neyropsixoloq və Melbourne Universitetinin Psixoloji Elmlər Məktəbinin rəhbəri Sarah Wilson deyir. O, müxtəlif vokal qabiliyyətli könüllülərin mahnı oxuduqları zaman beyin reaksiyasını öyrənmək üçün MRT müayinəsi üsuluyla aparılan tədqiqatlara rəhbərlik edir.

"Beyində nəğmə oxumaqla əlaqəli olan olduqca geniş yayılmış bir şəbəkə var, - Sarah Wilson deyir. - Biz danışanda, beynin danışmaq üçün cavabdeh olan beyin yarımkürəsi işə düşür. Mahnı oxuduğumuz zaman isə beynin hər iki tərəfi oyanır".

"Biz eləcə də beyində emosiyalar şəbəkəsinin də oyanmasını görürük", - Wilson əlavə edir. Səs və artikulyasiya üçün cavabdeh olan sahələr də bu prosesdə iştirak edir.

Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərə bilər

Bədən və beyin

Oxumaqla bağlı olan fiziki gərginlik - ağciyərlərimizin dolması, səs tellərimizdəki yaranan gərginlik, ağız və bədənimizin hərəkəti - bütün bunlar əhval-ruhiyyəmizi artıra bilən səbəblərdən biridir.

"Aerob məşğələnin bir növü olan mahnı oxunması zamanı beyində "yaxşı emosiyalara" cavabdeh olan kimyəvi maddə - endorfin - əmələ gəlir", - Musiqi Terapiyası Dünya Federasiyasının Cənub-Şərqi Asiya üzrə təmsilçisi Baishali Mukherjee deyir.

"Endorfinlər xoşbəxtlik hissini gücləndirir, insanda eyforiya hissi yaradır, bütün bunlar stressin azalmasına səbəb olur, - o deyir. - İnsanın stress altında və ya xəstə olmasından asılı olmayaraq, musiqi bədənimiz və zehnimizə müsbət təsir etmək potensialına malikdir".

Mukherjee deyir ki, yaxşı əhval-ruhiyyədə olmaq hər cür mənada daha faydalıdır.

"Əhval-ruhiyyəniz yüksək olanda , immunitetiniz də güclənir, orqanizmin stressə qarşı reaksiyası və yuxu rejimi yaxşılaşır", - Mukherjee deyir.

Həmçinin orqanizmdə stressi aradan qaldırmaq üçün potensial olaraq ən böyük vasitə olan nəfəsalma da bu prosesdə iştirak edir.

Vahimə anları yaşamış hər bir kəsə nəfəsin almanın çətinləşməsi, təngnəfəs olmaq halı tanışdır. Bu qısa, dayaz nəfəsalma qanda karbon dioksidi səviyyəsini azaldır.

Karbon dioksidinin çatışmazlığı başgicəllənmə və narahatlıq hissinin yaranmasına gətirib çıxara bilər. Və əksinə, dərin və ya diafraqmal nəfəs ürək döyüntüsü ritmini normallaşdırır, aşağı salır və qan damarlarını genişləndirir.

Dərin nəfəs üsulu uzun müddətdir, terapevtik təcrübələrdə istifadə olunmasına baxmayaraq, bu effektin neyrofiziologiyası yalnız bu yaxınlarda tədqiq edilmişdir.

Son araşdırmalardan birində alimlərin gəldiyi nəticəyə əsasən, oxuma bacarığının mühüm elementi olan nəfəsalma prosesinin tənzimlənməsi emosiyalar, diqqət və bu kimi orqanizmin digər funksiyalarının da aktivləşməsinə gətirib çıxarır".

Bağlılıq hissi

Bəs görəsən, mahnı oxumaq üçün hər hansı bir bacarıq olmalıdırmı?

Həm hə, həm də yox. Melbourne Universitetindən Sarah Wilson tədqiqatında müğənnilər qabiliyyətlərinə uyğun olaraq qruplara bölünmüşdülər.

Qeyri-müğənnilər MRT-dən keçirildikdə aşkar olub ki, onların beyni oxumaq üçün yalnız danışmaq üçün istifadə olunan zonalardan istifadə edir, oxumağa cavabdeh olan beyin hissələri isə bu zaman işə heç salınmır.

Ancaq qeyri-peşəkarlar və peşəkar müğənnilər MRT-dən keçirildikdə, "beynin oxuma və danışma funksiyalarına cavabdeh şəbəkələri arasında artan fərqlilik diqqəti çəkib", - Wilson deyir. Beləliklə, oxumaq bacarığı nə qədər yaxşı olarsa, beynin oxuma funksiyası ilə bağlı olan şəbəkə də bir o qədər inkişaf etmiş olur.

"Biz oxuyanda beynin müvafiq şəbəkəsi inkişaf edir, bu isə öz növbəsində bizi fizioloji cəhətdən mükafatlandırır - qızışdırır, titrəmə verir, dofamin əmələ gəlir, yaxşı əhval-ruhiyyə yaranır", - Wilson qeyd edir. Beləliklə, nə qədər çox oxuyuruqsa, beynimizdəki bu şəbəkə də bir o qədər çox inkişaf edir və nəticədə özümüzü daha yaxşı hiss edirik.

Kollektiv şəkildə oxumaq isə bu prosesi daha da gücləndirir, daha bir qat əlavə edir.

Xoşbəxt olmağımız üçün çatışmayan şey nədir?

Wilson-un qrupu musiqinin necə birlik hissi yaratdığını araşdırmaq məqsədiylə yeni tədqiqata başlamaq üzrədir. "Bu hala Kama Muta adı verilib, - Sanskritin "sevgi ilə idarə olunan" mənasını verən kəlməsinə istinad edən Wilson deyir.

Gözəl mahnı eşidən zaman insanın keçirdiyi hiss və ya yeni doğulmuş körpəni ilk dəfə gucağa alarkən gözdən çıxan yaş bu cür halın zahiri görüntülərindəndir.

Musiqi kontekstində, bu tədqiqat qeyd edilən hallarda "kollektiv iştirak hissinin necə yarandığını" təhlil edəcək.

"Ümumilikdə, qrupda oxumağımızın şəfqət və sosial bağlılıq hissini gücləndirdiyinə dair sübutlar var, - Wilson deyir. - Biz bunu futbol klublarında... (və) insanların kilsədə oxuduqları zaman görürük. Bu, icma qurmaq fəaliyyətidir, çünki bizi səsimiz birləşdirir."

Endorfin bədənimizə yayıldıqca, oxuduğumuz zaman başqa bir hormon da əmələ gəlir - oksitosin. Mukherjee deyir ki, oksitosin insanlar arasında birlik hissinin gücləndirilməsində mühüm təsirə malikdir.

"Bu, tez-tez ana südü ilə qidalanma, eləcə də cinsi fəaliyyətlə əlaqələndirilir, - o deyir. - Bunun məhz belə olduğunu təsdiq edən tədqiqat bazası da mövcuddur. Hesab olunur ki, insanlar arasında əlaqələrin və etimadın möhkəmləndirilməsində neyropeptidlər müəyyən rol oynayır". (Bəzi tədqiqatçılar oksitosinin inam hissinin yaranmasında rol oynamasına şübhəylə yanaşırlar, ən son tədqiqatlar göstərir ki, o, məlumata nə qədər böyük dəyər verilməsi hissinə təsir edə bilər).

Bir səs

Görünməmiş qlobal vəziyyət bir çoxumuzu naməlum və narahat hisslərə qərq etdiyi bir dövrdə insanları bir araya gətirə bilən bu güc mahnı oxumağı xüsusilə təsirli bir amilə çevirir.

"Mahnı və ya musiqi bizim adətən rasional, məntiqi şüurumuzda ifadə edə biləcəyimizlərin çərçivəsindən kənara çıxan nəyisə əks etdirmək gücündədir, - London Universitet Kollecindən antropoloq Jerome Lewis deyir. - Bu, bəzən sözlər vasitəsilə təsvir edilməsi çətin olan sevinc, çətinlik, kədər hisslərini araşdırmaq üçün imkan yaradır".

Lewis Mərkəzi Afrika Respublikasının ucqarlıqlarında yaşayan ovçu qəbilələrini, xüsusilə də, BaYaka xalqının həyat tərzini uzun illər ərzində araşdırıb. Öz tədqiqatında o, BaYaka nümayəndələrinin mahnıdan bir ifa aktı kimi deyil, dərin ünsiyyət vasitəsi kimi necə istifadə etdiklərini araşdırıb.

BaYaka icmasında heç bir lider yoxdur. Onların oxuma tərzi sosial iyerarxiyanın olmamasından qaynaqlanır.

Heç bir təşkilatçılıq olmadan onların oxuma tərzi sıx polifoniya ilə zəngindir, eyni zamanda hər bir iştirakçı öz harmoniyasını yaratmalı və mahnı ifasında öz yerini tapmalıdır. "Oxuyaraq bunu etməyi öyrənmək şəxsi müstəqillik hissinin yetişməsinə kömək edir, - Lewis deyir.

"Milanda balkondan balkona mahnı ifasının təsirli və gözəl olmasını təmin edən amil bərabərlik hissi idi. Emosiyaların digər insanlarla paylaşması istənilən iyerarxiyadan azad olan bir icma hissi formalaşdırır... bütün səslər bərabərdir."

Qəbilə səsləri

Bir çox insanlar xor tərkibində oxumağı özünə daha uyğun sayıb. Son vaxtlarda bəzi qruplar hətta ən ucqar yerlərdə olan oxumaq həvəskarlarının da iştirakını mümkün edən internetdə onlayn xor sessiyaları təşkil edir.

Belə qruplardan biri Avstraliyadakı Pab Xorudur. Bu qrup Covid-19-un ortaya çıxmasından əvvəl yaranıb. Qrup üzvləri adından da aydın olduğu kimi pablarda toplaşaraq mahnı oxumaq bacarıqlarını sınayıblar. Bu xor pandemiyadan əvvəl də böyük populyarlıq qazanıb, çox vaxt bu qrupda 1500-dək adam iştirak edib. Sonradan isə Pab Xoru daha çoxsaylı olan və bir dəfəyə 45 ölkədən 6000 min adamın qoşulduğu virtual Divan Xoruna çevrilib. Bu qrupa qoşulmaq üçün seçilmiş mahnının bir parçasını öyrənmək və onu oxuyaraq özünü lentə almaq lazımdır.

"Söhbət musiqi kamilliyindən yox, əməkdaşlıqdan gedir, - qrupun təsisçisi və direktoru Astrid Jorgensen deyir. - Bizim iştirakçılarımızın sayı o dərəcədə böyükdür ki, kimsə notu buraxsa, başqaları həmin boşluğu dərhal dolduracaq".

Onun sözlərinə görə, nəticə heyrətamizdir. "İnsanlar video göndərdikdə ona mesajlarını da əlavə edə bilərlər, - o deyir. - Demək olar ki, hər kəs bizə öz səmimi şərhlərini göndərir."

O bir mesajı yada salır - New York-da 14 saatlıq iş növbəsindən sonra özünü tükənmiş kimi hiss edən təcili yardım həkiminin göndərdiyi mesajı.

Jorgensen deyir ki, insanların göndərdiyi videolara baxan tamaşaçıda hədsiz "ümid hissi" yaranır.

"İnsanlara evdə təklikdə oxumaq qəribə gəlir, lakin sonradan onların üzü gülümsəyir, onlar gözəl bir sənət parçası yaranacağına ümidlərini bildirirlər. Bunların hamısı çox sevindiricidir".

Sadə sevinc hisi bir tərəfə, Sarah Wilson hesab edir ki, mahnı oxumaq "bizim bioloji quruluşumuz üçün fundamental əhəmiyyətlidir və ola bilsin ki, qədim insn danışmaqdan əvvəl oxumağı birinci olaraq öyrənib".

"Oxumağı öyrənəndə biz yalnız oxumağı öyrənmirik, - o deyir. - Biz insanı unikal edən məqamları da öyrənirik və beynin necə inkişaf etdiyi, niyə məhz belə inkişaf etdiyi, və bizim niyə musiqi üzərində dayandığımız barədə də bir fikir əldə edirik."

Mərkəzi Afrika Respublikasındakı BaYaka tayfalarında olduğu kimi, birgə oxumaq müasir həyatda iyerarxiya və ya nitq mürəkkəbliyi olmadan ünsiyyət yaratmağın ilkin formasıdır.

"Biz pandemiya vəziyyətindəyik və indi biz nə edirik?- Sarah Wilson deyir. - Biz ünsiyyət və güc verən köklərimizə qayıdırıq. Bunun üçün balkonlarda oxumaqdan daha yaxşı nə ola bilər."

Bbc.com/azeri

ƏVVƏLKİ XƏBƏR

GünazTV May.23.2020: ABŞ Müdafiə Naziri İranın təxribatçı hərəkətlərinə qarşı xəbərdarlıq edir

SONRAKI XƏBƏR

Daha bir ölkədə çempionatla bağlı qərar verildi