Trampın “dərmanları” işə yaramadı

Trampın “dərmanları” işə yaramadı

Tədqiqat müəlliflərinin fikrincə, koronavirusa yoluxmuş adamlarda müşayiətedici xroniki xəstəliklər varsa, malyariya əleyhinə preparatlar onların ölüm ruskini 45% artırır

 Alimlər koronavirus infeksiyasının müalicəsində xloroxin və hidroksixloroxinin heç bir effektinin olmadığını sübut ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə tədqiqatın nəticələrini Lancet jurnalı dərc edib.

Bu preparatlar malyariya əleyhinə dərmanlar siyahısına daxildir. Ancaq bəzi hallarda onlardan COVID-19 xəstələrinin müalicəsində də istifadə olunub.

ABŞ Prezidenti Donald Tramp bir müddət öncə bəyan etmişdi ki, koronavirusun profilaktikası üçün hər gün hidroksixloroxin qəbul edir. KİV isə onun bu bəyanatını tənqid etdi, çünki adıçəkilən preparat COVID-19-un müalicəsi üçün rəsmi olaraq təsdiq edilməyib. Bundan başqa, həkimlər onun güclü yan təsirlərinin olduğunu bildiriblər: ən azından, o, ürək aritmiyasına səbəb olur. Amerika Prezidentinin şəxsi həkimi isə bəyan edib ki, hidroksixloroxin qəbulu Tramp üçün bütün mümkün riskləri aşmağa imkan verib.

Brigemin Boston hospitalındakı Ürəyin mürəkkəb xəstəliklərinin araşdırılması mərkəzinin tədqiqatçıları yeni tip koronavirusun təsbit edildiyi 96 min xəstə haqda məlumatları və müalicə metodlarını öyrəniblər.

Onlar belə nəticəyə gəliblər ki, hidroksixloroxin və xloroxin nəinki COVID-19-un müalicəsində effektiv deyil, üstəlik, zərərlidir, çünki xəstələrin ölüm ehtimalını artırır.

Həkimlər 3 qrupa bölünmüş pasiyentlərin məlumatlarını müqayisə ediblər. Birincidə xəstələri yalnız malyariya əleyhinə preparatla, ikincidə - bu preparatlar və antibiotiklərlə müalicə edirmişlər, üçüncüdə isə malyariya əleyhinə dərmanlardan istifadə olunmayıb.

Nəticədə üçüncü qrupda xəstələrin 9%-i ölüb. Birinci qrupda, hidroksixloroxin və ya xloroxin qəbul edənlərin müvafiq olaraq 18% və 16,4%-i dünyasını dəyişib. Ən çox ölüm faizi isə kompleks müalicə alanlar arasında olub – müvafiq olaraq 23.8% və 22.8%.

Tədqiqat müəlliflərinin fikrincə, koronavirusa yoluxmuş adamlarda müşayiətedici xroniki xəstəliklər varsa, malyariya əleyhinə preparatlar onların ölüm ruskini 45% artırır.

ÜST-ün məlumatına görə, indiyədək dünyanın 188 ölkəsində 5.1 milyon insan SARS-CoV-2 koronavirusuna yoluxub, 333 mindən çox adam COVID-19-dan həlak olub.

Mənbə: sputnik.az