Selfilərinizi belə “Xiaomi Mi Band 5” çəkəcək

Selfilərinizi belə “Xiaomi Mi Band 5” çəkəcək

Son zamanlarda şəbəkədə “Xiaomi Mi Band 5” fitnes qolbağı ilə əlaqəli paylaşılan məlumatların ardı-arası kəsilmir. Bu isə yeniliyin tezliklə böyük kütləyə nümayiş etdirilməsinə işarədir.

Beləliklə də, “Mi Wear” tətbiqində paylaşılan fitnes qolbağın son canlı görüntülərindən sonra brendin pərəstişkarları “Xiaomi Mi Band 5” saatının yeni renderlərini əldə edib.

Open.az xəbər verir ki, görənlərin diqqətini çəkən ilk məqam isə displeyin tam ortasında yerləşdirilən göy rəngli halqadır. İddialara görə sözügedən göy halqa “Amazon Alexa” virtual köməkçisi ilə inteqrasiya üçün nəzərdə tutulub.

“Xiaomi Mi Band 5” fitnes qolbağının özəlliyinə gəldikdə isə cihaz smartfonun kamerasını asanlıqla idarə edə bilir. Məsələn, “Mi Band 5” vasitəsi ilə qrup şəkilləri, selfi və smartfonun kameralarını çevirmək mümkündür. Bundan əlavə olaraq fitnes-trekerə 11 fərqli idman rejimi (yoqa, avarçəkmə və sairə rejimlər) əlavə edilib.

Qeyd edək ki, “Mi Band 5” modeli, səyahətçilərin fərqli ölkələrdəki vaxtı müqayisə edə bilməsi üçün dünya saatı ilə belə təchiz olunacaq.

Mənbə: open.az