Silahlı Qüvvələrimizin arsenalında olan 9K111 "Faqot" TƏİRK-ləri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

Silahlı Qüvvələrimizin arsenalında olan 9K111 "Faqot" TƏİRK-ləri - ARAŞDIRMA (HƏRBİ EKSPERT)

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan 9K111 "Faqot" tank əleyhinə idarəolunan raket komplekslərinin təyinatı düşmənin zirehli texnikalarını və mühəndis qurğularını 2 km-ə qədər məsafədə məhv etməkdən ibarətdir. Hazırda bu komplekslərin ən az 100 ədədi ordumuzun silahlanmasında aktiv istismar edilir. Yaradılma tarixi

İlk TƏİRK-lər II Dünya müharibəsinin sonunda almanlar tərəfindən yaradılıb. SSRİ-də isə "Malyutka" adlanan ilk TƏİRK 1963-cü ildə silahlanmaya qəbul edilib. Bu tank əleyhinə kompleks o zamana görə qoşunların tələblərinə cavab verirdi və sonrakı yerli münaqişələr zamanı özünü qismən təsirli bir silah kimi təsdiq edə bilmişdi. Buna baxmayaraq, "Faqot" ilk nəsil tank əleyhinə komplekslərin hamısına xas olan bəzi çatışmazlıqlara malik idi. İlk növbədə bu kompleks əl ilə idarə olunurdu, ikincisi qapalı atəş mövqeyindən atıla bilmirdi, üçüncüsü isə onun tətbiq effektivliyi heyətin təlim səviyyəsindən və operatorun psixofizioloji vəziyyətindən daha çox asılı idi. Kompleksin operatorunun hazırlığı isə uzunmüddətli təlim prosesi tələb edirdi.


Ərəb-İsrail münaqişəsi zamanı heyətlərin hazırlığı birbaşa döyüş vəziyyətində həyata keçirilirdi, döyüşlərdə bilavasitə iştirak edən tank əleyhinə sistemlərin operatorları da müvafiq vərdişlərini qorumaq üçün cəbhə xəttinin yaxınlığında yerləşən stimulyatorlarda uzun müddət intensiv təlimlərə cəlb edilirdi. Beləliklə, ilk piyada tank əleyhinə kompleksin yaradılmasının başa çatması ilə eyni vaxtda bu silahın daha da təkmilləşdirilməsi üçün prioritet istiqamətlər açıqlandı. Bu istiqamətlər ikinci nəsilin ilk nümayəndəsi olan 9K111 "Faqot" kompleksinin yaradılması zamanı həyata keçirildi.

Yeni kompleks üzərində fəaliyyətə 1963-cü ildə A.Q. Şipunovun və N.F. Makarovun rəhbərliyi altında Tula Cihazqayırma Dizayn Bürosunda (TsKB-14) başlandı. Klimovsk şəhərindəki Mərkəzi ElmiTədqiqat İnstitutu da layihəyə cəlb edildi.

1967-ci ildə kompleksin sınaqları başladı və 1970-ci ildə isə 9K111 "Faqot" kompleksi (NATO-da AT-4 "Spigot") 9M111 TƏİR ilə taborun tank əleyhinə vasitəsi olaraq silahlanmaya qəbul edildi. Tank əleyhinə komplekslərin istehsalı Kirov şəhərindəki "Mayak" zavodunda həyata keçirildi.

Yeni TƏİR


Kompleks ilə paralel yeni bir raketin dizaynına başlandı. Dizayn analizinin nəticələrinə görə, mühəndislər "ördək" aerodinamik sxeminə uyğun olaraq hazırlanan raketi daha da inkişaf etdirmək üçün model olaraq qəbul etdilər. Yeni qəbul edilən TƏİR modeli, arxasındakı tək rejimli qatı yanacaqlı reaktiv mühərrikə malik atıcı nəqliyyat konteynerindən (ANK) ibarət idi. ANK-nın özü isə açılan qapaqlara malik idi, plastikdən hazırlanırdı və bir dəfəlik istifadə üçün nəzərdə tutulurdu.

TƏİR-in özü isə dörd bölmədən ibarət idi:

1. Elektromaqnit sükan ötürücüsü;
2. Kumulyativ döyüş başlığı;
3. Mühərrik qurğusu (raketin uzunlamasına oxundan 20 dərəcə yayınan iki çıxışlı, sərt yanacaqlı, ikili rejimli reaktiv mühərrik);
4. Aparat bölməsi (koordinator, idarəetmə bölməsi, qeyri-ətalətli sarğı, fara).

Raketdə sarğı oxları boyunca quraşdırılan işıq filtrli fara şüalanma enerjisinin böyük hissəsini infraqırmızı (IR) bölgəyə ötürür. İkiqat qeyri-metal naqilə zərər verməmək üçün trasser əvəzinə közərmə lampasından istifadə edilir. Zərbə qurğusu işə salındıqda, reflektor və fara raket konteynerdən çıxdıqdan sonra açılan qapaqlar tərəfindən qorunur. Eyni zamanda, tərləmə ehtimalını aradan qaldırmaq üçün zərbə qurğusunun yanma materialı reflektor güzgüsünü qızdırır. Faranın lak ilə boyanması operatorun zəif işıqlanma şəraitində görmə imkanlarının məhdudlaşmasının qarşısını alır.

Aerodinamik sükanların kütlə mərkəzindən böyük məsafədə yerləşdirilməsi, onlarının ölçüsünü, gücünü və kütləsini azaltmağa imkan verdi. Lakin belə bir konstruksiya döyüş başlığını işə saldıqda kumulyativ axının keçməsinə maneə yaradırdı. Tula dizaynerləri bu ziddiyyəti aradan qaldırmaq üçün zərif bir konstruktiv həll tapdılar.


Başlanğıcda açılan dörd ədəd qatlanan qanad, aparat bölməsinin gövdəsinə bərkidildi. Onlar mərminin uzununa oxuna və aerodinamik sükanlara nisbətən 45 dərəcəlik bucaq altında yerləşdirildi. Digər mərmilərdən fərqli olaraq, "Faqot" raketində ayrıca bir element kimi qanad açma qurğusu olmadığı üçün, qanadların açılması materialın sərt konstruksiyası hesabına təmin edilir.

Qanadlar paslanmayan iki polad örtüklü nazik təbəqələrdən hazırlanaraq bir-birindən aralıda yerləşdirilir. Bu qanadlar raketin atıcı nəqliyyat konteynerinə yüklənməzdən əvvəl korpusun ətrafında qatlanır. Raket konteynerdən çıxdıqdan sonra, elastik qüvvələrin təsiri altında qanadlar özü açılır.

"Faqot" kompleksi üçün hazırlanan 9M111 raketi, yarımavtomatik idarəetmə sistemi olan ilk SSRİ istehsalı TƏİR kimi tarixə düşdü.

Atıcı qurğu və digər köməkçi elementlər

Kompleksin təyinatına uyğun olaraq 9P135 atıcı qurğusuna malik "Faqot"un daşınan versiyası yaradıldı. Kompleksin inkişafı zamanı yerüstü tuşlama avadanlıqları kökündən dəyişdirilməli idi. Televiziya tipli sistemin əvəzinə iki kanaldan ibarət olan elektromexaniki tuşlama sistemi tətbiq edildi. 1-ci "kobud" kanal sərt qəbulediciyə, 2-ci "dəqiq" kanal isə özütuşlanan termal başlığa malik oldu.

9P135 atıcı qurğusunun tərkibinə daxildir:


- fırlanan və yellənən hissələrə, enən və qalxan mexanizmlərə malik 9P56 açılan üçayaq;
- 9S451 yerüstü idarəetmə cihazı (9Ş119 cihazı və 9S474-1aparat bloku);
- 9P155 buraxılış mexanizmi;
daşınma çantası.

Şaquli tuşlama bucağı -20 ilə 20 dərəcə arasında, üfüqi tuşlanma bucağı isə 360 dərəcədir. ANK-da yerləşən TƏİR yellənən hissənin beşiyindəki yuvaya quraşdırılır. Atəşdan sonra boş TPK əl ilə çıxarılır və qurğu yenidən əl ilə doldurulur.

9S451 yerüstü idarəetmə qurğusu hədəfi vizual olaraq aşkar etmək, onu izləmək, mərminin buraxılmasını təmin etmək, avtomatik olaraq uçan sursatın koordinatlarını görmə xəttinə nisbətdə müəyyənləşdirmək, idarəetmə komandalarını formalaşdırmaq, bu komandaları atıcı qurğu ilə TƏİR arasında ikikanallı rabitə xəttinə ötürmək vəzifələrini yerinə yetirir. 9C474 aparat bloku plastik konteynerə yerləşdirilir.

Buraxılış mexanizmi əl ilə idarə olunan qoruyucuya və tətik qarmağına malikdir. Tətik qarmağı çəkildikdə, mexanizm sursatı işə salmaq və avadanlıq batareyalarını işçi rejiminə keçirmək üçün ilkin komandaları hazırlayır. Batareyaların piroqızdırıcılar tərəfindən aktivləşdirilməsi və koordinator giroskopunun rotorunun barıt yükü ilə hərəkətə başlaması buraxılış müddətini əhəmiyyətli dərəcədə azaldır.

9M111 döyüş başlığı hədəfə tuş gələndə, elektromexaniki qoruyucu-detonator mexanizm tərəfindən dərhal partlayır. Heyətin təhlükəsizliyi üçün, mexanizm atıcı qurğudan 70 m məsafədə aktivləşir. Raket hədəfdən yayındığı təqdirdə, TƏİR öz-özünü məhv edir.

9K111 "Faqot" kompleksinin tərkibinə 9S469 işıq müdaxilə indikatoru da daxildir. Hər 6 atıcı qurğu üçün 1 ədəd 9S469 işıq müdaxilə indikatoru nəzərdə tutulur. Onun təyinatı operatorları nişangahın görmə sahəsində müdaxilənin mövcudluğu barədə xəbərdar etməkdən ibarətdir. Bundan əlavə kompleksə xidmət etmək üçün digər nəzarət və sınaq avadanlıqları nəzərdə tutulur.

Müşahidə vasitələri


"Faqot" TƏİRK NPO QIPO tərəfindən hazırlanan 1PN65 "Trakt" (kütləsi 12.5 kq) və ya 1PN86 "Mulat" termal nişangahı ilə təchiz edilə bilər. 1PN86 tank tipli hədəfləri 3600 m-də aşkarlayır, 2000 m-də isə onları tanıyır.

Nişangahın görmə sahəsi aşkarlama rejimində 3.6 x 7.2 dərəcə, tanıma rejimində isə 1.8 x 3.6 dərəcədir. Spektral diapazon 8-13 mikrondur. Fasiləsiz iş müddəti 2.5 saatdır. Soyutma sisteminin batareyası və balonu ilə birlikdə nişangahın kütləsi 9 kq, optik elektron qurğunun ölçüləri isə 530 x 204 x 182 mm-dir. Nişangah standart müşahidə cihazının yanında, atıcı qurğunun üst tərəfində quraşdırılır.

9Ş119 müşahidə nişangah cihazı hədəfi aşkarlamaq və izləmək üçün istifadə olunur. Yuxarı hissədə yerləşən cihaz optik-mexaniki koordinator ilə monokulyar periskopik vizirin birləşməsindən ibarətdir.

9Ş119 cihazının görünüş sahəsi 5 dərəcə, böyütməsi 10 qat, periskopikliyi isə 340 mm-dir. Nişangah nöqtəsi kimi torun + işarəsindən istifadə olunur. Cihaz atıcı qurğunun sol tərəfində hərəkətli beşik hissəsinə quraşdırılır.

Cihazın iki istiqamət tapan pelenq kanalları mövcuddur. Birincisi 500 m-ə qədər geniş, ikincisi isə 500 ilə 2000 m arasında TƏİR-i izləməyən dar baxış sahəsinə malikdir.

Daşınması


Səfər zamanı 2 ədəd raketə malik TƏİRK 2 ədəd kürək çantasında daşınır. Atıcı qurğu ilə 22.5 kq kütləyə malik 1-ci çantanı heyət komandiri, 2 ədəd ANK ilə 26.5 kq kütləyə malik 2-ci çantanı isə heyət komandirinin köməkçisi daşıyır. Üç nəfərlik heyət isə 8 ədəd sursat dəstini daşıya bilər. Operator atıcı qurğunun sol tərəfində uzanaraq atəş açır, lakin dizi üstə oturaq vəziyyətdən də atəş açmaq mümkündür.

"Faqot" kompleksləri BMP-1P və BMP-2, BMD-1P və BMD-2 zirehli maşınlarına, "LuAZ-967M" yüngül ərazi vasitələrinə və s. quraşdırılıb. Bu TƏİRK-lər keçmiş SSRİ-nin müttəfiqi olan ölkələrin Silahlı Qüvvələrinin silahlanmasında uzun müddət mövcud olub. Bir çoxlarında hələ də istismar edilir. Bolqarıstanda, sonra isə Hindistanda lisenziya ilə istehsal edilib.

1-ci və 2-ci nəslin fərqi


İdarəetməsi əl ilə həyata keçirilən "Malyutka"dan fərqli olaraq operator 9K111 "Faqot"dan atəş açarkən, üfüqi və şaquli tuşlama mexanizmlərini çevirib nişangah nöqtəsini (+ işarəsini) raketin uçuş müddəti boyunca hədəf üzərində saxlayır. Yarımavtomatik idarəetmə sistemi raketi hədəfə yönləndirərək ona zərbə endirilməsini təmin edir. Yarımavtomatik idarəetmə sisteminin istifadəsi, atəş effektivliyinin operator hazırlığı səviyyəsindən asılılığını əhəmiyyətli dərəcədə azaldır və raketin sürətini artırmağa imkan verir. "Malyutka"da 115 m/s olan raketin orta uçuş sürəti "Faqot"da 186 m/s-yə qədər artdı və bu raketin uçuş müddətini azaltdı. Bütün bunlar isə raketin hədəfi məhvetmə ehtimalını xeyli artırdı.

Modernləşdirilməsi

1975-ci ildə 9M111-2 indeksinin təyin edilməsi ilə TƏİR modernləşdirildi. Yeni raketlər "Konkurs" kompleksi silahlanmaya qəbul edildikdən sonra bu kompleksin də silahlanmasının bir hissəsi oldu. "Konkurs" barədə sonrakı məqalələrdə daha geniş məlumat veriləcək.

Kompleksin əsas çatışmazlıqları, hədəfi yalnız vizual görüntü sahəsində məhv etməsindən, raketin adi kumulyativ döyüş başlığına malik olmasından və dinamik mühafizə ilə təchiz olunan zirehli texnikaları məhv edə bilməməsindən ibarət idi.

1983-cü ildə modernləşdirilən "Faqot-M" ("Faktoriya" adı ilə də tanınır) kompleksi üçün 9M111M adlı modernləşdirilən raket versiyası da yaradıldı. Yeni raket daha çox zireh nüfuzetməsinə və maksimum atəş məsafəsinin 500 metr atmasını təmin etdi.

9M111M raketində artan zirehə nüfuzetməni təmin etmək üçün əlavə barıt yükünü yerləşdirmək məqsədilə döyüş başlığının korpusu və dizaynı dəyişdirildi. Döyüş başlığının təkmilləşdirilməsi zirehə nüfuzetmənin 400-dən 460 mm-ə qədər artmasına səbəb oldu.

Uzunluğu 500 m artaraq 2500 metr olan ikili idarəetmə naqili, əvvəlki kimi ətalətsiz bir sarğıda yerləşdirildi. Hücum qabiliyyətinin artmasına orta sürətin bir qədər azalması, həmçinin raket konteynerinin kütləsinin artması ilə əldə olundu.

9M111 və 9M111M raketlərinin Taktiki-Texniki Xüsusiyyətləri


Atəş məsafəsi: 70-2000 m/75-2500 m;
Atəş tempi: dəqiqədə 3 dəfə;
Orta sürət: 186 m/s; 180 m/s;
Maksimal sürəti: 240 m/s;
Ölçüləri:
- çapı 120 mm;
- uzunluğu 863 mm/910 mm;
- qanad açılımı 369 mm.
Konteynerin ölçüləri:
- uzunluğu 1098 mm;
- eni 150 mm;
- hündürlüyü 205 mm.
Raketin kütləsi:
- ANK ilə 13 kq/11.3 kq;
- ANK olmadan: 13.2 kq/11.5 kq.
Döyüş başlığının kütləsi: 2.5 kq;
Nüfuzetmə: 400 mm/460-500 mm;
60° bucaq altında nüfuzetmə: 200 mm/230 mm.

Raketlərin modifikasiyaları


"Faqot" komplekslərinin yalnız 9P135M modernləşdirilən atıcı qurğuları 2-ci nəsilə aid həm 120, həm də 135 mm-lik ("Konkurs") raketlərdən atəş aça bilir.

9M111 "Faqot" (NATO-da AT-4 "Spigot" və AT-4A "Spigot A") raketi 1970-ci ildən silahlanmaya qəbul edilib, çapı 120 mm, maksimum atəş məsafəsi 2000 m-dir;

9M111-2 "Faqot" (NATO-da AT-4B "Spigot B") modernləşdirilən və uzaqdan idarəetmə sistemi olan raketdir, çapı 120 mm, maksimum atəş məsafəsi 2000 m-dir. Döyüş başlıqlarının homogen zirehə nüfuzetməsi 460 mm-ə qədər artırılıb;

9M111M "Faktoriya"/"Faqot-M" (NATO-da AT-4C "Spigot C") artan kütlə və zirehə nüfuzetmə üçün döyüş başlığının korpusunun dizaynı dəyişdirilib. Maksimum atəş məsafəsi 2500 m-ə çatdırılıb;

9M113 "Konkurs" 135 mm çaplı raketdir. Maksimum atəş məsafəsi 3000 metrdir, kumulyativ döyüş başlığının nüfuzetməsi 600 mm-ə qədərdir;

9M113M "Konkurs" da 135 mm çapa malikdir. Atəş məsafəsi 4000 m-dir. Tandem-kumulativ döyüş başlığının dinamik mühafizəli zirehə nüfuzetməsi 800 mm-dir.

Atıcı qurğularn modifikasiyaları


9P135 qurğusunun kütləsi 22.5 kq-dır. Yalnız 9M111 seriyalı raketləri istifadə edilə bilir;

9P135M atıcı qurğuları həm 9M111 "Faqot", həm də 9M113 "Konkurs" raketlərindən istifadə edə bilir;

9P135M1 və 9P135M2 təkmilləşdirilən digər versiyalardır;

9P135M3 qurğusu 1990-cı illərin əvvəllərində silahlanmaya qəbul edilib. 13 kq kütləyə malik termal kamera ilə gecə 2500 metr məsafəyə atəş aça bilir;

9S451М2 qurğusu isə avtomatik qaranlıq yaratma sistemi ilə təchiz olunan gecə nişangahına malikdir.

İstifadəçiləri

"Faqot" TƏİRK sinfinin ən geniş yayılan nümayəndəsidir. Azərbaycan Silahlı Qüvvələri hazırda 100 ədəd "Faqot" kompleksindən istifadə edir. İstehsalçıdan başqa Anqola, Ermənistan, Əfqanıstan, Əlcəzair, Belarusiya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Vyetnam, Yunanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İraq, Yəmən, Qazaxıstan, Qırğızıstan, KXDR, Kuba, Küveyt, Liviya, Moldova, Mozambik, Nikaraqua, Peru, Polşa, Rumıniya, Serbiya, Suriya, Slovakiya, Özbəkistan, Ukrayna, Xorvatiya, Çexiya və Efiopiya da bu komplekslərdən istifadə edir.

Döyüş tətbiqi


"Faqot" kompleksi motoatıcı taborların tank əleyhinə taqımlarında əsas silah kimi istifadə edilir. Bu komplekslərdən bir çox lokal müharibə və münaqişələrdə istifadə edilib. Ərəb-İsrail müharibəsində, Azərbaycanın Qarabağ bölgəsində, Çeçenistanda, Gürcüstanda, Yəməndə və s. bu komplekslərdən aktiv istifadə edilib.

"Faqot" TƏİRK-in 1992-1994-cü illərdə istifadəsinin şahidlərindənəm. Həmin kompleks ilə Ağdam istiqamətində 2 km məsafədən Zaqatalada doğulan avar əsilli gizir, xidmət etdiyim taborun kəşfiyyat taqımının komandiri Məmməd Məmmədov tərəfindən ən azı 1 ədəd düşmən tankı məhv edilib.


Bu kompleksdən hazırda bir çox qeyri-leqal silahlı qruplaşmalar da istifadə edir. "Hizbullah" təşkilatının silahlanmasında da bu raketlər mövcuddur, lakin onların İsrail tanklarına qarşı effektivliyi barədə dəqiq məlumatlar mövcud deyil.

Kompleksin ən son və uğurlu tətbiqinin 2015-ci ilin avqustunda Yəməndəki silahlı qarşıdurma zamanı baş verdiyi iddia edilir. Bu iddiaya görə, husi qiyamçıları "Faqot" tank əleyhinə kompleksindən istifadə edərək Səudiyyə Ərəbistanının ABŞ istehsalı M1 "Abrams" tankını məhv etməyi bacarıb.

Nəticə


İstehsal ediləndən sonra onlarla ölkənin silahlanmasına qəbul edilən "Faqot" kompleksləri ikinci nəsilin ilk nümayəndəsi kimi zəif hesab edilə bilməzdi. Ən azından SSRİ tarixində ilk dəfə yarımavtomatik rejimə malik kompleks ola bilmişdi. Təbii ki, bu günün baxış bucağından onu mükəmməl hesab etmək olmaz. Raketin aşağı sürəti, təcrübəli rəqib tərəfindən heyətin və raketin asanlıqla sıradan çıxarılmasına səbəb olurdu. Raketin hədəfə uçuşunu qeydə alan rəqib həm raketi, həm də heyətin atəş mövqeyini atəşə tuturdu, hədəfə alınan obyekt isə sayıqlığını itirməsə, çox vaxt zərbədən yayınmağa nail ola bilirdi.

Atəşdən sonra boş TPK əl ilə çıxarılır və qurğu yenidən əl ilə doldurulur. Müasir döyüşdə isə zirehli vasitələrin 60-70 km/saat sürətlə hərəkət etməsini nəzərə alsaq, boşaltma və yükləmə prosesinə itirilən dəqiqələrin nə qədər qiymətli olduğunu anlaya bilərik.

Həmçinin qeyd edim ki, düşmən hədəflərinə zəif sürətə görə yayınmaq imkanı verən kompleksin raketinin nüfuzetməsini artırmaq üçün kütləsini artıraraq yenidən sürətini azaltmaq, heç bir halda uğurlu addım hesab edilə bilməz. Bu həm kompleksin heyətinin düşmən atəşinə məruz qalmasına, həm də aşağı sürətli raketin hədəfə çatmadan havada məhv edilməsinə səbəb ola bilir.

2 km atəş məsafəsi bu gün bir qədər qısa görünə bilər. Lakin burada əsas olan TƏİRK-in gələcək istismar müddətində perspektiv rəqib tanklarının atəş məsafəsindən daha uzaq məsafəyə effektiv zərbə endirə bilməsidir. Dəqiqlik, kütlə və ölçü parametrlərinə görə SSRİ kompleksləri 80-ci illərə qədər qismən Qərb modelləri ilə rəqabət apara bilirdi, indi isə bu sahədə kəskin məsafə yaranıb. İstifadəmizdə olan bu komplekslərin əvəzlənməsinə başlanılıb. Çünki son hərbi əməliyyatlarda ordumuz onlarla düşmən tankını bu komplekslərlə deyil, daha müasir 3-cü nəsil kilidlənən TƏİRK-lərlə məhv etdi. Hər bir fakt rəqəmlərlə daha cəlbedici və inandırıcı olur. Buna görə də "Faqot" kompleksləri zamanla və planlı şəkildə əvəz edilməlidir.

Mənbələr:

https://www.mil.by/ru/forces/special/rhbz/467/20013/
https://militaryarms.ru/boepripasy/rakety/ptrk-Faqot/
https://fas.org/man/dod-101/sys/land/row/at4spigot.htm
http://rbase.new-factoria.ru/missile/wobb/fagot/fagot.shtml?fbclid=IwAR26w9N17RvZYgvAeCeC9i2N7JBiaytFg-OHPW7Q9sUNq-R1EN8XpZ1kdEY
https://www.militaryfactory.com/smallarms/detail.asp?smallarms_id=161
https://tvzvezda.ru/news/opk/content/201703270859-uyiq.htm
https://ria.ru/20200307/1565243816.html?fbclid=IwAR3LEbu_VWRGWQq7Z_R5RvNZVxlGROiNc5FWzoaevnZLNQTzkBKWyfONYzE
http://www.btvt.narod.ru/4/Faqot.htm
http://www.military-today.com/missiles/Faqot.htm
https://warriors.fandom.com/ru/wiki/%D0%9F%D0%A2%D0%A0%D0%9A_%22%D0%A4%D0%B0%D0%B3%D0%BE%D1%82%22
https://udcusa.com/product/9m111-fagot-at-4-spigot/?fbclid=IwAR0brWt6L1mbOgrZdskhls0QvliZRUXpzFqcwo35PrruEAOpC5qIh5AkFgo

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az