Sosial şəbəkələrə nəzarət mexanizmi – ekspertdən təklif

Sosial şəbəkələrə nəzarət mexanizmi – ekspertdən təklif

Osman Gündüz: “Uğurlu normalar hazırlana bilər”

ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin izlənilməsinə dair sərəncamından sonra bu istiqamətdə ciddi müzakirələr açılıb.

Azərbaycanda da məsələ aktualdır. Mayın 31-də Milli Məclisin iclasında sosial şəbəkələrin qanunla tənzimlənməsi barədə deputatların təklifləri səslənib. Sosial medianın üstün və mənfi tərəfləri haqda fikirlər birmənalı deyil. Amma bu bir reallıqdır ki, sosial məkan böyük bir gücdür. Bu sistemdən faydalı istifadə ilə yanaşı, zaman-zaman təxribatların törədilməsinin, müxtəlif xoşagəlməz kampaniyaların aparılmasının da şahidi olmuşuq.

Sosial şəbəkələrə nəzarət etməyin elə də asan olmadığı bəllidir. Amma bununla belə, Trampın qərarının ardından bəzi məhdudiyyətlərin tətbiq ediləcəyi istisna deyil.

 

Osman Gündüz

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a mövzu ilə bağlı danışıb. Onun sözlərinə görə, sosial medianın hüdudsuz bir hakimiyyətə malik olması reallıqdır: “İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan ölkələrdə bu belədir. Cəmiyyətləri bütünlüklə əhatə edib. Dövlət idarəetməsində, siyasi-ictimai proseslərdə sosial media əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Amma müsbət tərəfləri daha çoxdur. Hökumət qurumları üçün vətəndaşlarla əlaqə saxlamaq baxımından bunun əhəmiyyəti böyükdür. Cəmiyyət üçün də rolu danılmazdır. Əlbəttə, sosial şəbəkələrdən sui-istifadə halları da çoxdur. Bəzən hiss olunur ki, böyük və ya kiçik ölkələrə, ayrı-ayrı adamlara qarşı burada ikili standartlar var. Sosial media resurslarının sahiblərinin kontingentə müdaxiləsi yeni bir situasiya yaradır. Əvvəlki situasiya belə idi ki, bu resursların sahibi məsuliyyət daşımır. Amma son dövrlərdə məlum olur ki, bu resursların sahibləri artıq kontingentə əl gəzdirirlər. Nəticədə situasiya dəyişir. Əgər resursun sahibi kontingentə əl gəzdirirsə, bu situasiya o zaman necə tənzimlənməlidir? Necə ki, əvvəlki ilə artıq tənzimlənə bilməz. Əvvəlki deyirdi ki, biz kontingentə qarışmırıq, ona görə də məsuliyyətdən kənarıq. Amma indi qarışır. Yeni situasiyada düşünürəm ki, ifadə azadlığı üçün də müəyyən təhlükələr yaranır. Vətəndaşın, ayrı-ayrı şəxslərin ifadə azadlığı ilə bağlı problemlərin yarandığının şahidi oluruq. Eyni zamanda burada ciddi bir tənzimləmə aparılarsa, senzura ola bilər.

Düşünürəm ki, müzakirələr açılmalıdır. Beynəlxalq səviyyədə hökumətlər arasında konvensiyalar ola bilər. İndi deyək ki, ayrı-ayrı hökumətlər arasında konvensiyalar var. Qlobal resurslarla bağlı da beynəlxalq çərçivədə müəyyən tənzimləmələrin olması mümkündür. Beynəlxalq qurumların qlobal resurslara qarşı da müəyyən tələbləri ola bilər. Nəticədə bu tələblər çərçivəsində hərəkət edilə bilər. Düşünürəm ki, milli hökumətlər, ayrı-ayrı ölkələr çərçivəsində bunun tənzimlənməsi mümkünsüz olacaq. Çünki bu resurslar başqa yerlərdə qeydiyyatdan keçib. Məlumat bazaları başqa yerlərdədir. Bunun milli hökumətlər tərəfindən tənzimlənməsi problemlər yarada bilər. Hesab edirəm ki, burada problem var. Bu məsələnin beynəlxalq müstəvidə tənzimlənməsi daha doğru ola bilər. Amma eyni zamanda milli hökumətlərdə, o cümlədən Azərbaycanda sosial media ilə bağlı qanunvericilikdə bir xeyli müddəalar var. Qanunvericiliyin imkan verdiyi çərçivədə ifadə, internet azadlığına xələl gəlmədən milli hökumətlər çərçivəsində tənzimlənmələri məqbul hesab edirəm".

Müsahibimiz sosial şəbəkələrə nəzarət mexanizminin çətin olacağını düşünür: “Çünki resurs qlobaldır. Bir ölkənin resursu ayrı ölkədə qeydiyyatdan keçib. Onun qanunları ilə tənzimlənir. Amerikada 1996-cı ildən bir qanun var. Facebook, Twitter, Google bu qanunla tənzimlənir. İndi məlum olur ki, bu qanun çərçivəsindən kənara çıxıblar. Bu baxımdan düşünürəm ki, burada sərt yanaşmalar, tənzimləmələr yolverilməzdir. Bu, inkişafın qarşısını ala bilər. Amma ifrat dərəcədə məsuliyyətsizlik də doğru olmazdı. İndi görünür ki, bu, problemlər yaradır. Düşünürəm ki, beynəlxalq alətlərdən istifadə edərək, ümumi qəbul edilmiş bir sənədin ortaya çıxarılmasına diqqət yetirmək doğru olar. Avropada son dövrlərdə bu istiqamətdə müəyyən təcrübələr var. Hansı ki, facebookda seçkilərə təsirlə bağlı müəyyən hadisələr baş vermişdi. Avropavf fərdi məlumatların, informasiyaların qorunması ilə bağlı müəyyən addımlar atıldı. Bu resurslara qarşı Avropanın bəlli qaydaları var. Bu baxımdan düşünürəm ki, təkcə fərdi məlumatların qorunması ilə bağlı deyil, ümumiyyətlə, müəyyən nəzarət mexanizmləri ilə bağlı da uğurlu normalar hazırlana bilər. Deyim ki, fərdi məlumatların qorunması ilə bağlı qanun 15-20 il öncə qəbul olunub. İndi situasiya dəyişib. Yeni sənəd ortaya qoyulub. Hansı ki, bu sənəd elə də asanlıqla başa gəlmədi. Çox müzakirələr oldu. İstənilən halda internet, ifadə azadlığının pozulmasının qarşısını almaq şərtilə milli hökumətlər bunun tənzimlənməsi istiqamətində müəyyən addımlar ata bilərlər”.

 

Mənbə: cia.az