Uçan balina - Airbus Beluga XL - FOTO

Uçan balina - Airbus Beluga XL - FOTO

Təyyarələrin istehsal prosesi də elə özləri qədər mürəkkəbdir. Bir çoxlarımızın təsəvvüründəkinin əksinə olaraq, təyyarə məhz bir mərkəzdə yığılmır. Hər hissəsi fərqli yerlərdə istehsal olunur və bəziləri olduqca böyük olan parçaları son montaj mərkəzinə daşımaq lazım gəlir. Məhz bu işi görən xüsusi qəhrəmanlar var və Airbus öz təyyarədaşıyanının adını Beluga qoyub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, fransızlar Beluga layihəsini 90-cı illərin əvvəllərində başladıblar və məqsəd Hamburqla Tuluza arasında hissələri daşımaq olub. 1992-ci ildə istehsalına başlanan təyyarə A300-600 modelinin bazasında yaradılıb. Beş ədəd buraxılıb və 2 il sonra ilk uçuşunu reallaşdırıb. Hazırda da xidmətə davam edən bu təyyarələr indiki dövrün tələblərinə tam cavab vermədiyindən, Airbus onun növbəti nəslini Beluga XL-i istehsal etmək fikrinə gəlib.

Beluga XL proqramı 2014-cü ildə start götürüb, 2016-cı ildə isə istehsalına başlanılıb. Bu nəhəng "dəmir quş" 2018-ci ilin yayında ilk uçuşunu reallaşdırıb və bu ilin yanvar ayının 19-dan etibarən aktiv xidmətdədir. Sələfi kimi, ondan da 2023-cü ilə qədər 5 ədəd istehsal olunması planlaşdırılıb. Airbus daha geniş ölçülərə və imkanlara qovuşmaq üçün bu dəfə A330-200 modelinin bazasından istifadə etmək qərarına gəlib.

Şirkətin 20 mindən artıq əməkdaşı tərəfindən səs verilərək seçilən "Gülən Üz" boyamalı XL əvvəlki modeldən daha uzun məsafəni - 4300 km-i fasiləsiz uça bilir. Uzunluğu 63,1 metrdir ki, bu da adi Beluga-dan 7 metr uzundur. Aerodinamikanın artırılması üçün kokpit hissə bir qədər aşağı endirilib. Gövdənin eni 8,8 metrə yüksəldilib ki, bu da eyni zaman 2 ədəd A350 qanadı daşımağa imkan verir. Əvvəlki model isə bir dəfəyə yalnız bir qanad daşıya bilirdi.

İstehsal edilən neçənci XL olduğu həm "alnının ortasına", həm də unikal quyruğunun kənarlarına böyük rəqəmlə əks etdirilir. İlham aldıqları Beluqa balinasına daha çox oxşatmaq üçün yan tərəflərə göz çəkməyi də unutmayıblar. Kokpitin pəncərələri isə "uçan balığın" "ağız" hissəsinə düşür. Airbus bu möhtəşəm yükdaşıyanları istehsal edib fəaliyyətə başlatdıqca, əvvəlki Beluga modellərini tarixin yaddaşına göndərəcək. XL isə məhz onun kimi, həftənin 6 günü, günsə isə orta hesabla 5 uçuş reallaşdıracaq...

Xüsusiyyətləri:

Tutumu: 50 500 kq

Uzunluğu: 63,1 m

Qanadların ucları arasındakı məsafə: 60,3 m

Hündürlüyü: 18,9 m

Boş ağırlığı: 127 500 kq

Maksimal qalxış ağırlığı: 227 000 kq

Gövdənin genişliyi: 8,8 m

Yük həcmi: 2,209 m3

Mühərrik: 2 ədəd Rolls-Royce Trent 700 turbofan

Sürəti: 737 km/s (0,69 Mach)

Uçuş mənzili: 4300 km

Xidmət göstərdiyi maksimal hündürlük: 11000 m

Milli.Az

Mənbə: news.milli.az