Bir zəhmət, itinizi bağlayın ! – “Qorxanı, əliuşaqlısı, diksinəni, iyrənəni var...”

Bir zəhmət, itinizi bağlayın ! – “Qorxanı, əliuşaqlısı, diksinəni, iyrənəni var...”

“Şəhərdə it gəzdirən adamlar üçün şəhərdə xüsusi yerlər olmalıdır"

“Əvvəllər belə hallar olmurdu. İndi insanlar özlərini göstərirlər. Guya avropalaşıblar, müasirləşiblər”

“Əziz bakılılar və şəhərimizin qonaqları. O bulvarda sevimli itlərinizi açıq şəkildə ətrafa buraxırsız ha, onu bir zəhmət etməyin”.

Bu sözləri jurnalist Sevinc Telmanqızı özünün “Facebook” hesabında yazıb. O, bildirib ki, it gəzdirənlər digərlərini də nəzərə almalıdırlar:


“Ölçüsünün balaca-böyüklüyü fərq etməz, bütün hallarda uşaqların, böyüklərin üstünə qaça, qova, oynamaq və ya elə hücum etmək istəyə bilərlər. Heç də hər kəs sizin kimi it sevdalısı deyil və olmaq öhdəliyi də yoxdur. Bunun mənim kimi itdən qorxanı var, əliuşaqlısı var, diksinəni, iyrənəni var...

Bir zəhmət, sizə "itinizi bağlayın" deyəndə də sanki övladınızı, məsum körpənizi təhqir etmişik kimi reaksiya verməyin. İnsanlar axşamlar bulvara rahat, stressiz gəzmək üçün çıxır. Hər saniyə sizin itiniz onların üstünə yürüyəcək, qovacaq təlaşı ilə gəzinti etmək zorunda deyil... Bilməm, anlada bildimmi???”.

Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında jurnalistlə razılaşdığını deyib:

“Söhbət təkcə uşaqlardan getmir. İtlərdən qorxan, stress keçirən adamlar kifayət qədərdirlər. Hələ hamilə qadınları demirəm...Ona görə it gəzdirən adamlar üçün şəhərdə xüsusi yerlər olmalıdır. Həm də işarələr qoyulmalıdır ki, harda it gəzdirmək olar, harda olmaz”.

Sosioloqun fikrincə, bu, lazımsız bir tendensiyadır:

“Əvvəllər belə hallar olmurdu. İndi insanlar özlərini göstərirlər. Guya avropalaşıblar, müasirləşiblər. Amma düzgün deyil”.

Mənbə: sherg.az