Azərbaycanda kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub? – ARAŞDIRMA

Azərbaycanda kibercinayətlər üçün hansı cəzalar nəzərdə tutulub? – ARAŞDIRMA

Pandemiyanın elektron ticarətə tələbatı artırması bir sıra kibercinayətkarlıq hallarına yol açıb. Bəziləri kompüter və informasiya texnologiyaları vasitəsilə yaradıcılıqlarını işə salaraq müxtəlif növ kibercinayətlərin iştirakçısına çevrilirlər.

Maraqlıdır, ölkəmizdə qanunvericilik kibercinayətkarlar üçün hansı cəza tədbirlərini nəzərdə tutur?

TED.az xəbər verir ki, ölkəmizdə ən çox təkrarlanan kibercinayətkarlıq halları və uyğun cəza tədbirləri Cinayət Məcəlləsinin 271-273-cü maddələrində əks olunub.

Bu maddələr aşağıdakı qrup kibercinayətləri əhatə edir:

-Kompüter sisteminə qanunsuz daxil olma;

-Kompüter məlumatlarını qanunsuz ələ keçirmə;

-Kompüter sisteminə və ya məlumatlarına qanunsuz

müdaxilə;

-Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin

dövriyyəsi;

-Kompüter məlumatlarının saxtalaşdırılması.

Qanunvericiliyə görə, səlahiyyəti olmadan kompüter sisteminə və ya onun hansısa hissəsinə daxil olmaq, yaxud burada saxlanılan məlumatları ələ keçirmək 2 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma

hüququndan məhrum edilməklə, həmçinin 1 min manatdan 2 min manatadək cərimə ilə cəzalandırılır. Bununla yanaşı, 2 ilədək azadlıqdan məhrum etmə də gözləniləndir.

Eyni əməl təkrar, əlbir bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə bu cəza uyğun olaraq 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək, 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrum etmə ilə əvəzlənir.

Kompüter sistemində ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların, kompüter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi halları da məcəllədə nəzərə alınıb. Bu tip cinayətlər üçün 2 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək, 1 min manatdan 2 min manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulub.

Kompüter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən törədilməklə əhəmiyyətli zərərə səbəb olduqda aşağıdakı cəzalarla nəticələnir:

-3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma

hüququndan məhrum edilmək;

-Min manatdan 2 min manatadək cərimə, 2 ilədək azadlıqdan məhrum etmə.

Burada “əhəmiyyətli zərər” dedikdə, ictimai təhlükəli əməl

nəticəsində min manatdan artıq məbləğdə ziyan başa düşülür.

Saxtalaşdırılmış kompüter məlumatlarını həqiqi kimi qələmə vermək və ya istifadə məqsədilə onları hüququ olmadan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya bloklama halları da cəzasız qalmır. Bu əməllər ilkin kompüter məlumatlarının həqiqiliyinin pozulmasına səbəb olduqda 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 min manatdan 3 min manatadək cərimə, həmçinin 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, məcəllə istənilən kibercinayət təkrar, qabaqcadan əlbir bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə və digər hallarda daha ağır cəza tədbirləri nəzərdə tutur.

Lamiyə SÜLEYMANLI

Mənbə: ted.az