Tank dünyasının ilk yaradıcılarından biri - Ernest Suinton

Tank dünyasının ilk yaradıcılarından biri - Ernest Suinton

Düşmənin möhkəmləndirilən müdafiə xətlərindən keçmək üçün hazırlanan, böyük bir gücə malik olan daşınan və qorunan silahın yaradılması ideyası çox köhnədir. XV əsrdə böyük italyan ixtiraçısı Leonardo da Vinçi özünə zərər vermədən düşmənin qoşunlarına atəş açmaq mümkün olan bir maşın hazırlamaq istəyirdi. Əlbətdə ki, böyük ixtiraçının planını XV əsr şəraitində reallaşdırmaq sadəcə mümkün deyildi, lakin bütün müasir tankların ilk prototipi Leonardo da Vinçinin yaradıcılığı hesab edilir. Bizə daha yaxın olan müasir döyüş maşınları haqqında danışırıqsa, onlar yalnız Birinci Dünya müharibəsi illərində yaradılıb. İngilis ordusunun zabiti Ernest Dunlop Suinton isə tank inşaatının quruluşunun başında dururdu.

İtaliyan dahinin ideyaları XX əsrin əvvəllərinə qədər yerinə yetirilmədi. Lakin bir çox ölkə kifayət qədər sayda prototip yaradaraq yeni bir növ döyüş texnikasının hazırlanması üzərində çalışdı. Müasir tankın birbaşa sələfləri zirehli qatar və zirehli maşın hesab olunur, lakin onların əhəmiyyətli çatışmazlıqları da mövcud idi. Məsələn, zirehli qatarın fəaliyyət radiusu ciddi dərəcədə məhdud idi, o yalnız dəmir yolu üzərində hərəkət edə bilirdi.

Aşağı keçicilik qabiliyyətinə malik avtomobil şassilərinin gücləndirilən silah və zireh ilə həddindən artıq yüklənməsi isə manevr imkanlarına mənfi təsir edirdi, bu da onun döyüş imkanlarını və tətbiq dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Bu maşınlar ərazinin relyefindən, növündən və xüsusiyyətlərindən ciddi şəkildə asılı idi.

İlk real tankı müasir mənada qurmaq üçün texniki imkanlar, özündə yüksək keçiciliyi, ağır silahı və zirehi daşımaq qabiliyyətini birləşdirən tırtıllı traktorların yaradılması ilə ortaya çıxdı. Lakin uzun müddət belə bir döyüş maşını yaratmaq ideyası hərbçilərin mühafizəkar baxışlarına görə anlaşılmazlıqlara məruz qaldı. Çoxları isə belə bir tankı döyüş meydanında yeri olmayan bahalı bir oyuncaq hesab edirdi.


Ernest Dunlop Suinton

Hər şeyi, Böyük Britaniya və digər ölkələrdən hərbi doktrinalarına köklü şəkildə yenidən baxılmasını tələb edən Birinci Dünya müharibəsi dəyişdirdi. Xüsusilə hərbi əməliyyatların gedişatı barədə hesabat tərtib etmək üçün qərb cəbhəsinə göndərilən ingilis polkovnik Ernest Suinton şəxsən Britaniya qoşunlarının hücum əməliyyatlarının təsirsizliyini aşkar edə bildi. Bütün hücumları eyni şəkildə sona çatırdı: düşmən sadəcə yaxşı ərazidə mövqe seçməklə bir neçə pulemyot heyəti ilə minlərlə insanı "biçirdi". Yaradılan "mövqe dalanı"ndan yalnız düşmənin atəş nöqtələrini basdırmaqla çıxmaq olardı. Lakin davam edən kütləvi artilleriya atəşi çox vaxt düşmənin müdafiə olunan qüvvələrinin vəziyyətini yaxşılaşdırırdı. Artilleriya zərbələri düşmən nəzarətində olan ərazilərdə səngərləri dərinləşdirir, çökəkliklər yaradır və ərazini öz qoşunları üçün keçilməz hala gətirirdi. Adi piyada hücumları da bu vəzifənin öhdəsindən gələ bilmirdi.

Bu anda general-mayor rütbəsinə yüksələn ingilis zabiti, ser Ernest Dunlop Suinton (21 oktyabr 1868 - 15 yanvar 1951) tarixi səhnəyə çıxdı. Birinci Dünya müharibəsi dövründə tankın döyüş vasitəsi olaraq meydana gəlməsində və inkişafında yaxından iştirak edən məhz o oldu. Ernest Dunlop Suinton Hindistanın Banqalor şəhərində ingilis müstəmləkə məmurunun ailəsində anadan olub. Həm xarici, həm də daxili "məzmunu"na görə Suinton Kiplinq dövründən olan bir ingilis zabitinin etalonu idi: parlaq bir ziyalı, hərbi mühəndis, komandir, jurnalist və yazıçı. Vulviç şəhərində yerləşən Kral Hərbi Akademiyasını bitirib. Kapitan rütbəsində Cənubi Afrikada baş verən İkinci Bur müharibəsində (1899-1901) iştirak edib. "Daffer cərəyanın müdafiəsi" adlı kiçik bölmələrin fəaliyyətləri haqqında lakonik taktiki təlimatın müəllifidir, bu əsər demək olar ki, dərhal klassikaya çevrildi. Sülh dövründə Ernest Suinton yazıçı Ole-Lukoye təxəllüsünü seçdi, bu isə onun yumor və özünə istehza hissindən xəbər verirdi. Yaradıcılıq yolu onu o qədər valeh etdi ki, Ernest Birinci Dünya müharibəsini ingilis səhra zabiti kimi deyil, müharibə müxbiri kimi qarşıladı.

İngilis aristokratiyasının bir çox nümayəndəsi kimi, Ernest Dunlop Suinton da həyatını hərbi xidmətlə bağladı. Çox güman ki, babalarının isti qanı onun damarlarında axırdı, onların arasında Şotlandiya kralı I Robert və II Robert kimi məşhur şəxsiyyətlər də mövcud idi. Peşə seçməsində mühüm rolu Suintonun doğduğu, "Süveyşdən şərqdə" yerləşən Hindistanın Banqalor şəhəri oynadı. Bu yerlərdə ordu peşəsinin nüfuzu o illərdə metropolitenin özündən daha yüksək idi. Buna görə də onun Vulviçdə yerləşən Kral Hərbi Akademiyasını mükəmməl şəkildə bitirdikdən və hərbi mühəndis olduqdan sonra, demək olar ki, 14 il Britaniya imperiyasının ən isti yerlərində - Hindistan və Cənubi Afrikada xidmət etməsi təəccüblü olmadı.

İngilislərin piyada qüvvələrinin ciddi itki verdikləri Cənubi Afrikadakı ingilis-bur müharibəsi zamanı zirehlə qorunan hərəkətli bir atəş nöqtəsi yaratmaq ideyası ilk dəfə ortaya çıxdı. Üstəlik, onların gözü önündə bariz bir nümunə mövcud idi. Qoşunların və təchizatın daşınması üçün artıq bu müharibədə ingilislər "zirehli" buxar qatarlarından və müxtəlif yük daşıyan bir neçə arabanı çəkən özünəməxsus buxar traktorlarından (lokomobil) geniş istifadə edirdilər.


Bütün ilk tankların sələfi "Holt-Caterpillar" traktorudur

Növbəti dəfə Ernest Suinton ön cəbhəyə 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı müharibə müxbiri kimi getdi. Adi "tommi"lər (ingilis əsgərləri belə adlanırdı) ilə birlikdə Suinton artilleriya atəşi altındakı səngərlərdə otururdu, "ay mənzərəsi" hücumlarında iştirak edirdi, ağır alman pulemyotlarının atəşi altında yerə yatırdı. 1914-cü ilin oktyabrında cəbhədən İngiltərəyə qayıtdıqdan sonra, Ernest Suinton Britaniya Müdafiə nazirinə "traktora əsaslanan itırtıllı kreyser" yaratmağı təklif etdi. Artıq o zaman Ernest başa düşürdü ki, bu qədər itki ilə Böyük Britaniya müharibəni çox tez bir zamanda uduza bilər.

Fransada olarkən Ernest Suintonun ixtiraçı və sənayeçi Holtun hazırladığı ABŞ tırtıllı traktorunun keçilməz bataqlıqdan artilleriya silahını necə rahat daşıdığının şahidi olduğu deyilir. Onun ixtirası ser Ernestin qəlbini ovsunlayır və o, bu traktoru gələcək ixtirası üçün "şassi" olaraq görür. 1914-cü ildə tank yaratmaq ideyası nəhayət saraya gəlir. Çox ağır itkilərdən və müharibənin aparılması ilə bağlı bütün ideyaların məhv olmasından heyrətlənən ingilis generallar növbəti hərbi ixtiraçını dəli hesab etmədilər. Müdafiə Nazirliyi isə hərbi texnikanın yeni layihəsinə çox da canfəşanlıqla yanaşmırdı, tankın hazırlanmasının bir neçə il çəkəcəyini və bu vaxtadək müharibənin hansısa nəticə ilə başa çatacağına inanırdılar.

Qeyd etmək lazımdır ki, "Holt-Caterpillar" traktoru həm İngiltərə, həm də Fransada eyni vaxtda göründü, bu da polkovnik Ernest Dunlop Suintonun və Fransa ordusunun polkovniki Jan-Baptist Egen Etiennin diqqətini çəkmişdi. Bu iki personaj tank inşaatı tarixinə əbədi daxil olan simvollar oldu. Onları tank qoşunlarının hətta qurucu ataları da adlandırmaq olar. Bir-birlərindən asılı olmayaraq, hər ikisi ilk tankların hazırlanması və ölkələrinin ən yüksək hərbi dairələri arasında bu ideyanın təbliği ilə məşğul oldular. Tank ideyasının yaradıcısı və həyat təcəssümü Ernest Suinton oldu. Yeni bir döyüş maşınının inşası üçün tırtıllı bazanı seçən Suinton, həmçinin onun üçün "tank" (çən, anbar) sözündən istifadə edilməsini təklif etdi. Yalnız bu polkovnikin hesabatları və səyləri nəticəsində Müharibə Nazirliyində bu istiqamətdə inkişaflara başlandı, ilk tank heyətlərinin hazırlanması polkovnikə həvalə edildi və nəhayət, ilk "tankçının yaddaş kitabçası"nı da hazırlayan Suinton oldu.

Əgər buna Britaniya Admirallığının ilk lordu ser Uinston Çörçill əhəmiyyət verməsəydi, Avropada gedən qanlı müharibə şəraitində belə Suinton layihəsi gerçəkləşdirilməmiş qala bilərdi. Yeni döyüş vasitəsini müdafiə etmək üçün lordun verdiyi arqumentlər də əvvəlcə mühafizəkar hərbi rəhbərliyi inandıra bilmədi, lakin o belə asanlıqla geri çəkilsəydi Çörçil olmazdı. Suinton və digər ixtiraçıların ideyasına və dizaynına inanan ilk Admirallıq lordu hərəkət etmək qərarına gəldi. 1915-ci ilin yanvarında ölkənin Baş naziri lord Asqvitə bir məktub yazdı, burada yeni bir döyüş maşınının təsvirlərini özündə cəmləşdirərək "quru zirehli gəmisinin" inkişaf etdirilməsinin zəruriliyini əsaslandırdı və 1915-ci ilin fevral ayında gələcək Britaniya Baş naziri Quru Gəmiləri Komitəsini təsis etdi.


Elə həmin ilin iyun ayında Ernest Suinton bu komitəyə dəvət olundu, o, yeni bir zirehli döyüş maşını üçün xüsusiyyətləri tərtib etdi. Siyahıda göstərilən tanka qoyulan əsas tələblər arasında saatda 6.4 km sürət, döyüş bölgəsində müvəffəqiyyətlə hərəkət etmək üçün kifayət qədər manevr imkanları, 2.4 metr enində xəndəkləri və 1.5 yüksəkliyə qədər divarları aşmaq bacarığı və s. yer alırdı. Tankın silahlanması iki top və iki pulemyotla təmsil olunmalı idi. Qeyd etmək lazımdır ki, Suinton tərəfindən təklif olunan xüsusiyyətlər konsepsiyası, Komitə tərəfindən daha əvvəl nəzərdən keçirilən mayor Tomas Heterinqtonun nəhəng tank layihəsində olanlardan qat-qat daha real idi. Tomas 6 top və 14 pulemyotla silahlanan, təxminən 14 metr hündürlükdə və 80 mm zirehə malik döyüş maşınının variantını təklif edirdi, şübhəsiz ki, o dövrün şərtlərində onu həyata keçirmək mümkün deyildi. Bu dəmir monstr yaradılsaydı belə, düşmən artilleriyası üçün asan bir hədəfə çevrilərək döyüşdə uğursuzluğunu sübut etmiş olacaqdı.

Suinton konsepsiyasına cavab verən yeni yüngül tankın hazırlanması prosesi, indi "quru zirehli qatarı" əvəzinə "quru kreyseri" adlandırılaraq dəniz aviasiya leytenantı Valter Vilsona və kənd təsərrüfatı avadanlığı istehsalında ixtisaslaşan "Villiam Foster və C. Limited" şirkətinin direktoru Vilyam Trittona həvalə edildi.

Suinton tərəfindən irəli sürülən tələblər əsasında yaradılan tank dizaynının müəllifi şirkətin baş mühəndisi Villiam Riqbi idi. Tankın ilk prototipinin inşasına 1915-ci il avqustun 11-də başlandı və cəmi bir ay sonra döyüş maşını komissiyaya təqdim edildi. Tank "Little Willie" və ya "Kiçik Villi" adlandı. Bu tankın ilk işlək prototipi oldu. 1940-cı ildə tank prototipi utilizasiyadan xilas edildi və onu gələcək nəsillər üçün saxlamaq qərara alındı. Bu gün "Little Willie"ni Bovinqtondakı Tank Muzeyinin bir eksponatı kimi canlı olaraq görmək də mümkündür.


Tankın ilk prototipinin sınaqları zamanı bir sıra əhəmiyyətli çatışmazlıqlar aşkar edildi. Bunlardan birincisi aşağı sürət idi: kobud ərazidə sürət saatda 1.2 km-ə qədər azalırdı, bu isə döyüş maşınını düşmən artilleriyası üçün asan bir hədəfə çevirirdi. İkinci problem aşağı keçicilik idi: prototip Birinci Dünya müharibəsinin döyüş bölgələrindəki çox sayda mərmi çuxurlarını və səngərlərini çətinliklə dəf edə bilirdi. Üçüncü problem idarəetmənin çətinliyindən ibarət idi: maşının ön hissəsindəki iki sürücü mexanikdən biri sükanı, friksionu, transmissiyanı və sürət ötürücü pilləsinin dəyişdirilməsini, ikinci isə əyləcləri idarə edirdi. Digər 2 nəfər mühərrikin yaxınlığında yerləşərək ikinci transmissiyanı hərəkətə gətirirdilər. Tankda quraşdırılan silahları idarə etmək üçün də ən azı əlavə 2 heyət üzvü tələb olunurdu.

Tankın ilk prototipinin yaradılması müsbət nəticələr verdi. Əvvəla bu prototip tankların inkişaf perspektivlərini sübut etdi. İkincisi, sınaqların nəticələrinə görə yeni bir növ döyüş maşınlarının gələcək inkişafı üçün əsas tələblər, xüsusən də xəndəkləri aşa bilmək üçün tank uzunluğunun artırılması zəruriliyi və s. məlum oldu. Üçüncüsü, İngiltərədə Tritton və Vilson kimi iki dizayner yetişdi, onlar isə ölkədə tank istehsalının inkişafına müsbət təsir göstərdilər. Artıq 15 sentyabr 1916-cı ildə müharibələr tarixində ilk dəfə qanlı "Somme Döyüşü"ndə ingilislərin "Mark I" tanklarından istifadə edildi.

 

Mənbə: ordu.az