Danimarkada xarici və ölkədaxili səfərlər zamanı istifadə üçün “Koronavirus pasportu” təqdim edilib

Danimarkada xarici və ölkədaxili səfərlər zamanı istifadə üçün “Koronavirus pasportu” təqdim edilib

Stokholm, 10 iyul, AZƏRTAC

Danimarkada Avropada ilk dəfə olaraq, həm xarici, həm də ölkədaxili səfərlər zamanı istifadə üçün “Koronavirus pasportu” təqdim edilib.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, indi krallığın vətəndaşları COVID-19 virusuna yoluxma ilə bağlı testin nəticəsi mənfi olduqda bu haqda rəsmi sənədi öz mobil qurğularına köçürə biləcəklər. Müvafiq sistem Danimarka sakinlərinə ölkənin Səhiyyə Nazirliyinin saytı vasitəsilə testdən keçmək üçün sifariş vermək imkanı yaradacaq. Testin nəticəsi mənfi olduqda vətəndaşlar bu pasportu yükləyərək bir həftə ərzində ondan istifadə edə biləcəklər.

Danimarkada ayrı-ayrı tibbi mərkəzlər və yerli hakimiyyət orqanları koronavirusa yoluxma aşkar edilməmiş şəxslərə bu haqda xüsusi məktublar təqdim ediblər. Lakin belə hesab edirlər ki, koronavirus pasportlarından istifadə edilməsi daha səmərəli tədbir olacaq. Belə ki, əgər bu pasportlar Danimarkada uğurla tətbiq edilərsə, onların ümumavropa standartına çevrilmək şansı var.

Danimarkanın Səhiyyə naziri deyib: “Yeni COVID-19 pasportu sayəsində indi biz səyahətlər zamanı test yoxlamasından keçmək barədə rəsmi sənəd təqdim edilməsi zəruri olan vətəndaşlara elektron imkan təklif edə biləcəyik”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az