“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans

“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans

Sumqayıt Dövlət Universiteti (SDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə "İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etiblər.
Universitetin rektoru, professor Elxan Hüseynov konfransı açaraq bildirib ki, bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır və insanları yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır:”Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri birlik və həmrəylikdir. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür, əməli addımlar atılır”.
"İnformasiya sistemləri və texnologiyaları istər nəzəri baxımdan, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf edən bir sahədir və şübhəsiz ki, ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər, qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır”-deyən rektor vurğulayıb ki, XX əsrin sonlarından başlayaraq müasirləşən, qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrilib. Onun sözlərinə görə, qısa zamanda bu istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyanın tezliklə İKT baxımından inkişaf etməsinə gətirib çıxardı və bugün hər hansı bir ölkəni İKT, internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil.
Rektor Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin İKT sahəsində qazandığı ən böyük nailiyyətlərdən birinin Azərbaycanda kosmik sənayenin yaradılması olduğunu vurğulayıb. Dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və tele-kommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncamını, tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramının hazırlandığını xatırladıb:” Dövlət proqramında kosmik sənayenin yaradılması və inkişafı, tele-kommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası öz əksini tapırdı. Beləliklə, BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans
Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə "Azərkosmos" ASC yaradıldı. 2013-cü il fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" tele-kommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"nə ən böyük töhfə idi. Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci tele-kommunikasiya peyki "Azerspace-2" isə 25 sentyabr 2018-ci il tarixində orbitə buraxıldı. Göründüyü kimi, Azərbaycan hər bir sahədə olduğu kimi, İKT sahəsində də özünün inkişaf, tərəqqi dövrünü yaşayır”.
Konfransın həmsədri, İnformasiya Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev informasiya-kommunikasiya texnologiyaları əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hazırda istənilən ölkənin inkişafı informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsindən çox asılıdır. Xüsusilə də sosial-iqtisadi siyasətin həyata keçirilməsində İKT-nin rolu sürətlə artır.
Sonra Türkiyənin Bülent Ecevit Universitetinin professoru Ahmet Altun "Ətraf mühit problemlərinin həllində informasiya texnologiyalarından istifadə edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda SDU-nun professoru Əli Nağıyevin "İdarəetmə mühəndisliyində qeyri-xətti dinamika və bu sahə üçün xarakterik olan kritik təzahürlər”, Türkiyənin Ege Universitetinin Riyaziyyat kafedrasının professoru Urfat Nuriyevin "Blokçeynin miqyaslanmasi və paylanmış reyestr texnologiyası”, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun professoru Asif Rzayevin "Yüksək sululuqlu az debitli quyularin neftə görə məhsuldarlığının trap AQÖQ-də ölçülmə texnologiyası”, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin dosenti Popova Olqa İvanovnanın "Üçölçülü emal kəsici alətinin trayektoriyasının formalaşması alqoritmləri”, Ufa Dövlət Neft Texniki Universitetinin professoru Zaxorniçnaya Marina Mixaylovnanın "Solartron 7830 markalı rezonator sıxlıqölçənin istismardan sonra daxili səthinin zədələnmə dərəcəsinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.
Konfrans öz işini 6 bölmə üzrə davam etdirib.

Mənbə: aztehsil.com