Moskva Dövlət Universitetinin alimləri Rusiya dənizlərinin dalğa və külək veb-atlasını yaradıblar

Moskva Dövlət Universitetinin alimləri Rusiya dənizlərinin dalğa və külək veb-atlasını yaradıblar

Bakı, 11 iyul, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşları Rusiya dənizlərinin dalğa və külək enerjisi üzrə veb-atlasını yaradıblar. Fakültənin mətbuat xidmətinin məlumatına görə, indi hər kəs külək və ya qabarma elektrik stansiyaları üçün münasib yer tapa bilər: “Bütün maraqlananlar üçün Qara dəniz, Xəzər, Azov, Baltik, Barens, Kara, Yapon, Oxot və Berinq dənizlərində dalğa və külək enerjilərinin məkanda paylanması haqqında məlumatlar əlçatandır”.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, coğrafiyaçılar atlasın tərtibi üçün külək dalğalanmasının modelləşdirilməsinin nəticələrindən istifadə ediblər. Alimlər bütün informasiyanı xüsusi CİS (coğrafi informasiya sistemi) proqram təminatına yükləyiblər. Belə ki, onun sayəsində internet vasitəsilə xəritənin miqyasını dəyişməklə zəruri parametrləri vizuallaşdırmaq mümkündür.

Layihənin əlaqələndiricisi olan Stanislan Mıslenkov deyib: “Bu cür veb-atlas yaratmağım əsas ideyası istifadəçiyə zəruri nöqtədə dalğa və külək enerjisinin miqdarını qiymətləndirmək imkanını təqdim etməkdir. Məsələn, əgər siz sahildə enerji qurğusu yerləşdirmək istəyirsinizsə, veb-atlasın materialları külək və dalğa enerjisinin kifayət qədər olduğu yeri seçməkdə kömək edə bilər, eyni zamanda, ən böyük dalğalar sizin qurğunuzu uçura bilməz”. Onun sözlərinə görə, veb-atlasın köməyilə külək və dalğa hibrid generatorlarından müxtəlif kombinasiyalar layihələndirmək mümkündür. Alimlər gələcəkdə atlası daha rahat etmək məqsədilə verilənlər bazasını təkmilləşdirməyi və kartoqrafik veb-interfeysi inkişaf etdirməyi planlaşdırırlar.

Mənbə: azertag.az