Jaguar I-Pace yenilikləri əldə edib - FOTO

Jaguar I-Pace yenilikləri əldə edib - FOTO

Jaguar şirkəti 2021-ci model ilinin I-Pace elektrik krossoverini təqdim edib. Yeni model ilinin krossoveri Land Rover Defender modelindən tanış olan Pivi Pro multimedia sisteminə və daha güclü yükləmə cihazına sahib olub. Bundan başqa, krossover üçün təklif edilən rəng palitrası genişləndirilib və onun təchizatına bir neçə yeni dekor variantı əlavə edilib.

2021 model ilinin Jaguar I-Pace krossoverində baş vermiş əsas texniki yenilik birfazalı yeddi kilovatlıq yükləmə qurğusunu əvəzləmiş üçfazalı 11 kilovatlıq qurğudur. İndi bir saat ərzində divarda quraşdırılmış AC terminalından əlavə 53 kilometr yürüş məsafəsi əldə etmək olar. Boş batareyanı 100 faizə qədər doldurmaq 8,6 saat çəkəcəkdir. Müqayisə üçün, yeddi kilovatlıq divar qurğusundan bir saat ərzində 35 kilometr yürüş məsafəsi əlavə etmək mümkün idi. Batareyanı tam doldurulmaq üçün isə 12,75 saat tələb olunurdu.

Milli.Az autograph.az-a istinadən bildirir ki, daha bir yenilik Pivi Pro məlumat-əyləncə kompleksidir. Bu sistem 12.3-düymlük rəqəmsal cihazlar panelindən və mərkəzi konsolda yerləşdirilmiş iki displeydən ibarətdir: yuxarıdakı displeyin diaqonalı 10, aşağıdakının isə 5 düymdür. Hər iki ekran sensorludur, klimat-kontrolun fırlanan düymələri isə toxunuşa cavab verirlər.

Pivi Pro kompleksində quraşdırılmış naviqasiya sistemi özüöyrənən alqoritmlər əsasında işləyir. Məsələn, sistem avtomatik olaraq təyin edilmiş marşruta elektrik yükləmə stansiyalarını əlavə edə bilər. Xəritənin "hava üzərindən" yenilənməsi də dəstəklənir.

Modelin standart təchizatına Apple CarPlay, Android Auto və Baidu CarLife tətbiqlərini dəstəkləyən Smartphone Pack dəsti daxil edilib. Opsional olaraq, şəbəkəsinin siqnalını gücləndirmə funksiyasına malik olan smartfonların simsiz doldurulması sistemi təklif edilir.

Yuxarıda göstərilənlərə əlavə olaraq, yenilənmiş I-Pace modeli təkmilləşdirilmiş dairəvi müşahidə sistemini, havanı ionlaşdırma funksiyası və PM2.5 incə hissəciklər filtri olan iqlim sistemini, həmçinin 16 dinamiki və subvuferi olan Meridian səs sistemini əldə edib.

Krossoverin eksteryer tərtibatını Bright Pack xrom dəstindən və ya parlaq qara Black Pack dəstindən istifadə edərək dəyişdirmək olar. Krossoverin rəng palitrasına Caldera Red, Portofino Blue, Eiger Grey çalarları əlavə edilib. Bundan başqa, krossoveri 19-düymlük təkər diskləri ilə təchiz etmək olar.

Jaguar I-Pace modelinin güc qurğusu dəyişməz qalıb. İki elektrik mühərrikinin ümumi hasilatı 400 at qüvvəsi və 696 Nm fırlanma anı təşkil edir. 90 kilovat-saatlıq batareya krossoverə 470 kilometrə qədər məsafə qət etməyə imkan verir. Krossover 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 200 km/saatlıq maksimal sürət həddinə malikdir.

Milli.Az

Mənbə: news.milli.az