Zoom-da yeni təhlükə: Bu dəfə hədəf Windows istifadəçiləridir

Zoom-da yeni təhlükə: Bu dəfə hədəf Windows istifadəçiləridir

Təhlükəsizlik məsələsində ciddi problemlər yaşayan Zoom tətbiqinin indi də Windows 7 əməliyyat sistemini təhdid edir.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sloveniyanın kibertəhlükəsizlik şirkəti ACROS Security Zoom-da indiyə qədər nəzərə çarpmayan təhlükəni aşkara çıxarıb.

ACROS Security tətbiqdəki xətanı kibercinayətkarlar üçün əsl fürsət kimi dəyərləndirib. Belə ki, sözügedən boşluq vasitəsilə Windows 7 və daha köhnə Windows versiyalarını istifadə edən şəxslərin kompüteri ələ keçirilə bilər.

Bu boşluğun uzun zamandan bəri hakerlər tərəfindən istifadə edildiyi də ortaya çıxıb. "Sıfırıncı gün" (zero-day) adlandırılan bu kimi hallar tətbiqlərin imicini ciddi şəkildə zədələyir.

Qeyd edək ki, Microsoft bu ilin 15 yanvarında Windows 7-nin daha yenilənməyəcəyini bildirmişdi. Yəni şirkət bu və ya başqa təhlükə ilə bağlı məsuliyyət daşımır.

Zoom-dan verilən açıqlamada isə qeyd edilir ki, tətbiq potensal təhlükəsizlik boşluğu ilə bağlı bütün hesabatlara diqqətlə yanaşır: "Windows 7 və daha köhnə Windows versiyaları ilə bağlı problemdən xəbərdarıq. Hazırda sürətli şəkildə xətanın düzəldilməsinə çalışırıq".

Mənbə: ted.az