ÜST: Pandemiya ilə mübarizə davam edir

ÜST: Pandemiya ilə mübarizə davam edir

Ümümdünya Səhiyyə Təşkilatının araşdırma qrupu Çin alimləri ilə birgə koronavirus pandemiyası üzərində tədqiqat aparacaq. Baş direktor Tedros Adanom Qebreyesus yeni növ koronavirusun mənbəyini araşdırmaq üçün təşkilat daxilindəki bir mütəxəssis qrupunun Çinə getdiyini bildirib.

Baş direktor ÜST mütəxəssislərinin çinli həmkarları ilə birgə virusun heyvanlardan insanlara necə keçdiyini araşdıracaqlarını qeyd edib. O, Çindəki araşdırmaların ÜST-ün rəhbərliyi altında beynəlxalq missiyanın virus mənbəyi üzərində işləməsinə də kömək edəcəyini söyləyib.

ÜST-ün İsveçrənin Cenevrə şəhərindəki baş qərargahında təşkil edilən mətbuat konfransında baş direktor deyib: "Pandemiya ilə mübarizəni davam etdirərkən, eyni zamanda virusun mənbəyini (mənşəyini) araşdırırıq. ÜST mütəxəssisləri və çinli həmkarları virusun heyvanlardan insana necə keçdiyini də araşdıracaq”.

ÜST COVID-19 virusunun epidemiyanın ilk günlərindən bəri təbii mənşəli olduğunu iddia edir. Təşkilatın virusun mənbəyini araşdırmaq üçün 7 ay gözləməsi isə tənqidlərə səbəb olub.

Qeyd edək ki, ÜST-ün yanvarın 14-də “Twitter” üzərindən verdiyi açıqlamasında Çin rəsmilərinə istinad edərək, virusun insandan insana ötürüldüyünə dair konkret dəlil olmadığı iddia edilmişdi. Təşkilat yanvarın 20-də virusun daha çox heyvanlardan insanlara kecdiyini açıqlayıb. Lakin istisna hallarda və məhdud sayda yaxın əlaqədə olan insanlardan virusun bir-birinə keçə biləcəyini bildirmişdi.

Mənbə: xalqqazeti.com