KOVİD-19 virusuna qarşı mübarizə aparan robot

KOVİD-19 virusuna qarşı mübarizə aparan robot

Birləşmiş Ərəb Əmirliklərində otaqları dezinfeksiya edən və ultrabənövşəyi şüalar vasitəsi ilə viruslarla mübarizə aparan yeni bir robot yaradılıb. Robot, ofis və anbar binalarının sanitar təmizlənməsi üzrə ixtisaslaşmış "Sanitizeexperts" şirkəti tərəfindən təqdim edilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, robot 800 kvadratmetr ərazini 150 dəqiqə ərzində dezinfeksiya etmə imkanına malikdir. O, insanlara nisbətən 10 qat daha səmərəli işləyir və zərərli kimyəvi maddələrdən istifadə etmir. Qeyd edildiyi kimi, robot yalnız KOVİD-19 virusuna qarşı deyil, həmçinin havadakı digər virus və bakteriyalara qarşı mübarizə apara bilir. Süni intellekt texnologiyaları ilə təchiz olunması sayəsində robot, müstəqil marşrutunu planlaşdırır, dezinfeksiya rejimini seçir və insan köməyi olmadan maneələri təyin edərək onları rahat keçə bilir. Ultrabənövşəyi lampalar özləri səkkiz min saata qədər işləyə bilər, infraqırmızı sistemlər isə insanın yaxınlaşmasını hiss edərək dezinfeksiya prosesini dayandıra bilər. Qeyd olunur ki, Wi-fi texnologiyası sayəsində robot kompyuterdən və ya smartfondan mobil tətbiqetmə ilə idarə oluna bilər. Batareya tükənəndə robot özü doldurma stansiyası tapır. İstehsalçının sözlərinə görə, avtomatlaşdırılmış robot koronavirusun yayılması ilə mübarizə üçün hazırlanmış və xəstəxanalar, hava limanları, ticarət mərkəzləri və yaşayış binalarında işləyə bilər.

Milli.Az

Mənbə: news.milli.az