Yalan məlumatları önləmək üçün: “Mətbuat xidmətlərinin tərkibində çevik informasiya qrupları yaradılmalıdır"

Yalan məlumatları önləmək üçün: “Mətbuat xidmətlərinin tərkibində çevik informasiya qrupları yaradılmalıdır"

Son günlər mövcud vəziyyətlə əlaqədar dezinformasiyaların sayı artıb.

Ancaq rəsmi məlumatlara istinad edilməsinin zəruriliyi dəfələrlə vurğulansa da, yalan məlumatların xüsusilə sosial şəbəkələrdə yayılmasının qarşısını almaq olmur.

"Yeni Media Jurnalistləri" İctimai Birliyinin Sədri Xaqani Səfəroğlu Cebhe.info-ya bildirib ki, dezinformasiya təbliğatın ən sevimli alətidir:

"İnformasiya çatışmazlığı olanda insanlar istənilən xəbərə inanmağa meyilli olurlar. Məhz buna görə bir çox saxta xəbərlər hərbi əməliyyatlar zamanı, gərgin siyasi vəziyyətdə, terror aktları və fövqəladə hallar zamanında meydana çıxır. Bəzi insanlar saxta xəbərlərin köməyi ilə öz nöqtəyi-nəzərini təlqin etməyə çalışırlar. Onlayn media, sosial şəbəkələr terror çağırışlarının, dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib. İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır".

Müsahibimiz qeyd edir ki, yalnız Azərbaycanda deyil, ümumilikdə onlayn media sahəsində dezinformasiyaya qarşı mübarizə gedir:

"İndi dünyada bu məsələlər ciddi şəkildə müzakirə edilir. Saxta xəbərlər bu gün ciddi problemə çevrilib. Avropa İttifaqı hesab edir ki, belə xəbərlər KİV-in (Kütləvi İnformasiya Vasitələri) reputasiyasına ciddi zərbə vurur. Dünya bu problemin aktual olduğunu etiraf edir. Amma hələlik saxta xəbərlərin dövlət nəzarətinə alınması cəhdləri nəticə vermir. Odur ki, yalnız ayıq-sayıq olmaq, internet üzərindən xəbərləri yoxlamaq lazım gəlir. Azərbaycan da onlayn media trendin daşıyıcısıdır. Sadalanan problemlər bizdə də mövcuddur. İnternet dənizində seçilmək, oxucu qazanmaq və onu əldə saxlamaq onlayn media üçün “həyat iksiri”nə çevrilib. Odur ki, xəbər əldə etmək üçün onlayn jurnalisitika özünün “qardaş”ları ilə - bloq və sosial şəbəkələrlə sıx işləməyə məcburdur. Yalan xəbərin yayılmasının əsas səbəblərindən biri də xəbəri dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni onlayn media sürətli, çevik iş tələb etdiyinə görə, istənilən xəbərin dərhal aydınlaşdırılması vacibdir. Bu baxımdan, həm jurnalist, həm də müvafiq dövlət qurumları məsuliyyətli olmalıdırlar".

Xaqani Səfəroğlu dezinformasiyalardan xilas olunmağın yolundan danışarkan qeyd edib ki, bu zaman dövlət qurumlarının üzərinə ciddi məsuliyyət düşür:

"Təəssüf ki, Azərbaycanda dövlət qurumları tərəfindən belə xəbərlərə çevik reaksiya çox aşağı səviyyədədir. Onların əksəriyyəti hələ də “off -layn”, yəni çap mətbuatı dövrünü yaşayır. İnformasiya məkanında qələbə çalan məlumatı ram etmək üçün onu qadağan etmək yox, ona uyğun davranmaq lazımdır. Bütün nazirliklərin mətbuat xidmətləri dövrün tələblərinə uyğun yenidən qurulmalı və çevik struktura çevrilməlidir. Mətbuat xidmətində yalnız bir nəfərin oturub vaxtından gec və qeyri-dəqiq mətnlər yayması informasiya tələbatını ödəyə bilməz. Mətbuat xidmətlərinin tərkibində çevik informasiya qrupları yaradılmalıdır".

Müsahibimiz son olaraq bu sahədə atılan ciddi tədbirləri də qeyd edib:

"Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”da informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi qeyd olunub. 2010-cu ildə imzalanmış Azərbaycan Respublikasının Hərbi Doktrinasında isə əks tərəfin malik olduğu informasiya və radioelektron mübarizə sistemləri dövlətimizə qarşı mümkün hərbi fəaliyyət kimi xarakterizə edilib".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info