Çinli alimdən koronavirusla bağlı şok açıqlama: "Deyə bilmək üçün ölkəmdən qaçdım"

Çinli alimdən koronavirusla bağlı şok açıqlama: "Deyə bilmək üçün ölkəmdən qaçdım"

Çinli viroloq doktor Li Menq Yan koronavirusla bağlı həqiqətləri dünyaya çatdıra bilmək üçün ölkəsindən qaçdığını etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, ABŞ-ın "Fox News" kanalına müsahibə verib. Yan bildirib ki, koronavirus epidemiyası yayılmağa başladığı vaxtlarda Honq Konq Dövlət Universitetində çalışırdı. O, xəstəliklə bağlı araşdırma apardığını, lakin rəhbərlərinin tapdığı önəmli məlumatları görməzdən gələrək, gizlətməyə çalışdıqlarını iddia edib.

Epidemiya araşdırma briqadasında yer alan və xəstəliyin yayıldığı ilk günlərdə Uhana gedən qrupun tərkibində olan doktor Yan virusun insandan insana keçdiyi barədə məlumatı ilk əldə edənlərdəndir.

Lakin tədiqqatçı alim bu çox önəmli məlumatı Çin Kommunist Partiyası səlahiyyətliləri və öz müdirlərinin gizlətməyə çalışdığını açıqlayıb. O, yaşadıqlarından sonra Honq Konqu tərk etmək məcburiyyətində qaldığını deyib:

"Çinin mənim kimi insanlara nə edəcəyini yaxşı bildiyim üçün ABŞ-a qaçdım. Hazırda dünyada 6 milyard insan olduğunu nəzərə alsaq, virus hər 600 nəfərdən birinə yoluxur. Ancaq yoluxma sürəti də böyükdür. Yaxın zamanda bu nisbətin hər 100 nəfərdən birinə yüksələcəyini görəcəyik. Çinin ölü sayını bu günə qədər necə gizlətmiş ola biləcəyini bir düşünün. Hazırda hər hansısa bir peyvənd tapmamışıq və bu yaxında da tapılacağını düşünmürəm. Edə biləcəyimiz yeganə şey, diqqətli olub özümüzü, sevdiklərimizi və ətrafımızdakıları virusdan qorumaqdır. Peyvənddən möcüzə gözləməkdənsə virusun mənbəyini və ortaya necə çıxdığını tapmalıyıq. Məhz bunu dünyaya deyə bilmək üçün ölkəmdən qaçmışam".

Yanın bu iddialarına çalışdığı universitetdən cavab gəlib. Universitet heç bir məlumatın ört-basdır edilmədiyini və səsləndirilən iddiaların əsassız olduğunu bildirib.

Qeyd edək ki, doktor Yan hazırda ABŞ-da heç kəsin bilmədiyi bir yerdə gizlənməyə davam edir.

Mənbə: qaynarinfo.az