Koronavirus peyvəndinin hazırlanmasına rəhbərlik edən qadın Sarah Gİlbert kİmdİr...

Koronavirus peyvəndinin hazırlanmasına rəhbərlik edən qadın Sarah Gİlbert kİmdİr...

Sarah Gilbert Covid-19-a qarşı peyvəndin hazırlanmasına rəhbərlik edən Oxford Universiteti Araşdırma Laboratoriyasının rəhbəridir. Necə olub ki, üç uşaq anası həm ev işlərinin, həm də elmi işininin öhdəsindən gələ bilib və uğurlu bir elmi karyera qurmağı bacarıb?

"Biz çox sürətlə işləməliydik", - professor Sarah Gilbert BBC-yə müsahibəsində deyib.

Tədqiqatçılar qrupu ilə birlikdə Gilbert dünyada 630 mindən çox insanın ölümünə səbəb olan ölümcül koronavirus pandemiyasına son qoya biləcək bir peyvənd hazırlamağa çalışır.

Professorun tədqiqat qrupuna 300 nəfər daxildir.

Peyvəndin hazırlanması ilə bağlı adi halda beş ilə görüləcək iş həcmini bu komanda cəmi dörd aya yerinə yetirib.

İlk nəticələr ürəkaçan idi, könüllülər üzərində aparılmış klinik sınaqlar peyvəndin immunitet sistemində reaksiyası doğurduğunu və təhlükəsizlik meyarlarına cavab verdiyini göstərdi.

Peyvəndin sənaye miqyasında istehsalına, çox güman ki, ən tezi, gələn ildən başlanıla bilər.

Hal-hazırda dünya boyu 22 peyvənd klinik sınaqlardan keçirilir, digər 100-ü üzərində tədqiqat işləri hələ davam etdirilir, odur ki, Oxford Universitetinin komandası yüksək rəqabət şəraitində işləmək məcburiyyətindədir.

O necə məşhur oldu?

Professor Sarah Gilbert koronavirusa qarşı peyvənd hazırlanması layihəsinin liderlərindən biridir. Britaniya-İsveç əczaçılıq şirkəti AstraZeneca ilə birlikdə Oxford Universitetindəki komandası 1077 könüllü üzərində klinik sınaqlar keçirib.

Peyvəndin infeksiyanı məhv edən antitellər və T-limfositlər yaradan güclü bir immun reaksiyasını doğurduğu məlum olandan sonra, yəni klinik sınaqlar uğurli nəticələndikdən sonra Sarah Gilbert məşhurlaşdı.

Bu peyvəndin insanı Covid-19-a yoluxmadan tam qoruya biləcəyini söyləmək hələ tez olsa da, Oxford Laboratoriyasının nəticələri ümidverici adlandırıla bilər. Daha miqyaslı sınaqlar da sürətlə davam etməkdədir.

Sarah Gilbert həmişə tibbi tədqiqatlar sahəsində işləmək istədiyini bilirdi, lakin nədən başlayacağını bilmirdi.

O, universitetdə biologiya üzrə elmi dərəcəyə nail olduqdan sonra biokimya elmləri doktoru dərəcəsini alıb.

Bundan sonra Sarah Gilbert biotexnologiyalar sahəsində tədqiqat işləri ilə məşğul olmağa başlayıb, burada sənaye miqyasında dərman istehsalı prosesini öyrənib.

1994-cü ildə Sarah Gilbert Oxford Universitetində elmi əməkdaş vəzifəsinə qəbul olunduqdan sonra burada genetika sahəsində tədqiqatlar aparıb, parazitləri və malyariya ilə mübarizə üsullarını öyrənib. Qazandığı bilik və təcrübə ilə Gilbert sonda peyvənd hazırlaya bilib.

İşləyən ana

1998-ci ildə Sarah Gilbert üç əkiz uşaq doğub. Bir il sonra universitetdə dərs deməyə başlayıb.

"Həm elmi iş aparmaq, həm də ailə işlərini görmək çox çətindir, - Sarah Gilbert etiraf edir. - Kömək və dəstək olmadan, demək olar ki, bunu etmək mümkün deyil. Üç uşağa baxırdım. Uşaq bağçasının xərcini ödəməyə maaşım bəs etmirdi".

Sarah deyir ki, uşaqlara baxmaq üçün onun parthyoru özünün iş karyerasını bir müddətə dayandırmaq qərarına gəldi, lakin buna baxmayaraq bəzən çox çətin idi.

"Yalnız bir aylıq analıq məzuniyyətim var idi. Üç vaxtından əvvəl doğulmuş körpələrə baxmalı idim. Bu, çox böyük bir stress idi", - o etiraf edir.

Sarah Gilbert 2004-cü ildə universitetdə dosent oldu və üç il sonra öz tədqiqat qrupu ilə Londonda fəaliyyət göstərən Wellcome Trust xeyriyyə təşkilatı ilə birliktə peyvənd tədqiqatları ilə məşğul olmağa başladı.

Ailənin köməyi

Uşaqları böyüdükdən sonra vəziyyət bir az yüngülləşdi, Sarah xatırlayır.

İndi Sarah-nın övladlarının artıq 21 yaşı var. Analarının nümunəsindən ilhamlanaraq onlar da biokimyaçı təhsili almağa qərar veriblər.

Saranın peyvənd layihəsi onları o dərəcədə maraqlandırıb ki, uşaqlar könüllü qismində bu layihədə iştirak etmək qərarına gəliblər.

"Peyvənd 18-55 yaş arasında olan sağlam insanlar üzərində sınanmalıdır", - professor Gilbert deyir.

Onun böyük sayda könüllülər dəstəsinə ehtiyacı var idi, odur ki, uşaqlarının yardımı onun üçün yerinə düşüb.

Sarah Covid-19 peyvəndi üzərində hazırda gedən işlərin nəticəsindən arxayındır.

"Bu tipli peyvənddən dəfələrlə istifadə etmişik, buna görə burada gözlənilməz nəticələr mümkün deyil", - Sarah deyir.

İndi professorun sözlərinə görə, əsas vəzifə pandemiyanın yayılmasını dayandırmaq üçün əsas diqqəti klinik sınaqlar və istehsalın sürətləndirilməsinə verməkdən ibarətdir.

"Universitetimiz insanların sağlamlığının qorunmasına kömək etməyə çalışır", - Sarah deyir.

"Biz bunu təkcə ölkəmiz üçün etmirik. Peyvəndi bütün dünya üçün hazırlamalıyıq", - o vurğulayır.

Mənbə: virtualaz.org