TikTok bağlanır: Azərbaycan nə edəcək? - Ekspert

Son günlər TikTok sosial şəbəkəsinin Hindistanda tətbiqinə qadağa qoyulması, eyni zamanda ABŞ Prezidenti Donald Trampın bu qərarı dəstəkləməsi böyük səs-küyə səbəb oldu. Maraqlıdır, bu qərar ölkəmizdə sözügedən sosial şəbəkənin istifadəsinə təsir edə bilərmi? İstifadəçilər sosial şəbəkələrdən düzgün istifadə edə bilirlərmi?

Mövzu ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Teleqraf.com-a bildirib ki, ölkəmizdə sosial şəbəkələrin istifadəsi istiqamətində dövlət siyasəti liberaldır və Azərbaycanda bu günə qədər heç bir sosial şəbəkə bağlanmayıb:

“Müxtəlif qonşu ölkələrdə hər hansı iradlar olduqda sosial şəbəkə bağlanırsa, Azərbaycanda bu istiqamətdə heç bir hala rast gəlinməyib. Bu, çox liberal yanaşmadır və mən bunu təqdirəlayiq hesab edirəm. İnanmıram ki, Azərbaycanda TikTok və ya başqa bir sosial şəbəkənin istifadəsinə qadağa qoyulsun.

Dövlətlərin bu istiqamətdə öz siyasəti, kommersiya maraqları var. Diqqət yetirsəniz, Çində heç bir iri biznes xarakterli sosial şəbəkələr, nə Yutub, nə Feysbuk var. Lakin onların özlərinin hər istiqamət üzrə internet resursları var ki, bu da onlara ölkə daxilində milyardlarla gəlir gətirir. Əgər Çində adı sadalanan sosial şəbəkələr olsaydı, onların qazandıqları bu pullar Çindən axacaqdı. Eyniylə başqa dövlətlər TikToku bağlamaqla şəxsi kommersiya maraqlarını qoruyurlar. Onlar bəzi hallarda deyə bilərlər ki, şəxsi məlumatların gizliliyi məsələsində problemlər yaradır”.

Azərbaycan kiçik olduğuna görə sosial şəbəkə istifadəçilərinin sayının çox az olduğuna diqqət çəkən Fərid Kazımov bu istiqamətdə ölkəmizin kommersiya maraqlarının olmadığını qeyd edib: “Əgər dövlətçilik, qanunvericiliyə əsasən təhlükəli məqamlar varsa, onun üçün aidiyyatı qurumlar məsələ qaldıra bilərlər. Lakin sosial şəbəkəni bağlayıb-açmaq mövzusunda ölkədə liberal siyasət hökm sürür".

Ekspertin fikrincə, sosial şəbəkə əlaqələrin qurulmasında rol oynayır: "Hər bir insan öz maraqlarına, imkanlarına uyğun şəkildə sosial şəbəkələrdən istifadə edir. Məsələn, mən azı 2 saat vaxtımı Yutubda keçirirəm. Mənim izlədiyim resurslarla sizin istifadə etdikləriniz üst-üstə düşməyə bilər. Mən əsasən təhsillə bağlı videolar izləyirəmsə, sizin maraq dairəniz fərqli ola bilər. Hər kəs öz maraq dairəsinə uyğun şəkildə sosial şəbəkələrdən faydalanır. Bunun düzgün və ya səhv istifadəsi subyektiv yanaşmadır”.

O hesab edir ki, sosial şəbəkələrdə qeydiyyatdan keçən zaman yaş həddi olmalıdır: “Ən azı 18 yaşı tamam olmayan insanlara qarşı aqressiyanın qarşısını almaq üçün bu yaş həddi tətbiq olunmalıdır. Elə zənn edilir ki, internet aləmində gizlilik var. Amma biz real həyatda gizliliyimizi daha çox qoruyuruq, nəinki virtual dünyada. İnternetdə gizlilik yoxdur. Təklif edirəm ki, sosial şəbəkələrdə qeydiyyatdan keçən zaman insanların telefonunun imei kodu, yaxud şəxsiyyət vəsiqələrinin nömrəsi qeyd olunmalıdır. Bu, bizim təhlükəsizliyimizin qorunması, aqressiyaların aradan qaldırılması üçün lazımdır. Ola bilər ki, bu sistem tətbiq ediləcək, çünki gizlilik artıq itib.

Bir çoxları danışırlar ki, koronavirus yoxdur, amma bizə çip qoyulur. Onlar unudurlar ki, bizim artıq çipimiz var, bu, telefonumuzdur. Haraya gedirik, nə ediriksə, bütün məlumatlar qeyd olunur. Bu, çip deyil bəs nədir? Gizliliyin qorunmaması bir tərəfdən yaxşıdır ki, insanlar artıq-əskik hərəkətlərə yol vermirlər, danışıqlarına diqqət edirlər. Təhlükəsizlik nöqteyi nəzərdən gizliliyin olmaması yaxşı məsələdir”.

Psixoloq Orxan Oruc hesab edir ki, istənilən sahədə kəşf olunan yenilikdən hər kəs müxtəlif məqsədlər üçün istifadə edir və buna görə birmənalı fikir söymək çətindir: “Hər bir kəşfdən inkişaf məqsədi ilə istifadə edən də var, cəmiyyətin geriləməsi üçün istifadə edənlər də. Ümumillikdə kütləni nəzərə alsaq, TikTok kimi sosial şəbəkələr vasitəsilə insanlar çox zəif bacarıqları ilə qısa zamanda məşhurlaşa bildilər. Xüsusilə də bəzi insanlarda daxildən özünü sübut etmə, digərlərinə özünü təsdiq etmə instinkti var. Həmin hissin tələblərinə uyğun gələn ehtiyacların qarşılanmasına TikTok kimi sosial şəbəkələr onlara kömək edir. Bu baxımdan deyə bilərik ki, TikTok bayağı, ümumi intellekt səviyyəsi aşağı olan şəxslərə video çəkməklə məşhurlaşmaq üçün imkan yaratması, bunun tez bir zamanda kütləviləşməsi və insanlar tərəfindən istifadə olunmasına səbəb oldu”.

O bildirib ki, sözügedən sosial şəbəkənin mənfi tərəfləri olduğu kimi, müsbət cəhətləri də var: “Sosial şəbəkənin bağlanması ilə bağlı qərar ölkələrin siyasətindən asılıdır. Ola bilər həmin ölkə hesab edir ki, hansısa sosial şəbəkənin zərəri faydasından daha azdır. Bu baxımdan sözsüz ki, düzgün yaxud səhv qərar olmasını demək çətindir. TikTok sayəsində bəzi istedadlı insanlar var idi ki, onların potensiallarının aşkarlanması, insanlar tərəfindən rəğbət qazanmasına səbəb oldu. Bu baxımdan faydaları da olur”.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Qazaxda ehtiyat hissələri satılan mağazadan oğurluq kameraya düşdü - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Bakıda karantin qaydalarını pozan restoran aşkarlanıb - FOTO