Azərbaycan mətbuatı sosial şəbəkələrə niyə uduzur? – AÇIQLAMA

Azərbaycan mətbuatı sosial şəbəkələrə niyə uduzur? – AÇIQLAMA

Son illər sosial şəbəkələr yazılı və virtual medianın əsas məlumat mənbələrindən birinə çevrilib.

Demək olar ki, media sosial şəbəkələrə uduzur. Qəzetlər və saytlar məşhur insanların - siyasətçilərin, incəsənət adamlarının, idmançıların “Facebook”, “Twitter”, “İnstagram” hesablarını daim izləyir, onların sosial şəbəkədəki fəaliyyətindən xəbər istehsal edirlər. Bu zaman da sosial şəbəkələr xəbərin mənbəyinə çevrilir.

Son vaxtlar isə sosial şəbəkələrdə yazılanlardan ciddi mənbə kimi istifadə edib-etməmək mübahisələrə səbəb olub.

Maraqlıdır, sosial şəbəkələrin mediaya uduzmasının əsas səbəbi nədir?

Mövzu ilə əlaqədar yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Cebhe.info-ya danışıb.

O bildirib ki, medianın sosial şəbəkələrə uduzmasının səbəbi ilk növbədə sosial şəbəkələrin operativliyidir:

"Hazırda sosial şəbəkələr çox operativdir. Eyni zamanda sosial şəbəkələrdə həddindən çox informasiya var və bu informasiyalar tez zamanda sosial şəbəkələrdə yayılır".

Rəşad Məcid bildirib ki, etibarlılıq məsələsinə qalanda sosial şəbəkələrə etibar etmək olmaz:

"Sosial şəbəkələrdə yalan xəbərlər, düz olmayan informasiyalar, sosial məsuliyyət hissinin zəif olması halları müşahidə olunur. Lakin hazırda sosial şəbəkələr yeni dövrün tələbidir, dövrün gətirdiyi yenilikdir. Adətən zaman-zaman texnologiyalar da inkişaf etdikcə belə hallar olur. Bu da sabitləşəcək, xaotik vəziyyət aradan qalxacaq, yenə də etibarlı media orqanları daha çox diqqət çəkəcək".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info