Qulu Məhərrəmli: “Ənənəvi media sosial şəbəkələrə uduzur”

Qulu Məhərrəmli: “Ənənəvi media sosial şəbəkələrə uduzur”

Müasir dövrdə bir çox insan "Facebook", "Instagram", "Twitter" kimi məşhur sosial şəbəkələrdən xəbər almaq məqsədilə istifadə edir.

Buradakı bəzi məlumatlar düzgün olsa da, dezinformasiyalar da çoxluq təşkil edir. Ənənəvi media bəzən saxta xəbərlərlə mübarizə aparmağa məruz qalsa da, bəzən də bütün bunlara baxmayaraq sosial şəbəkələrə istinad edərək xəbərlər hazırlayır, bir növ sosial şəbəkələrlə əməkdaşlıq edir.

Maraqlıdır, bu gün sosial şəbəkələrin ənənəvi medianı geridə qoymasına əsas səbəb nədir? Ənənəvi media əvvəlki mövqeyinə necə qayıda bilər?

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Cebhe.info-ya danışıb.

O bildirib ki, medianın sosial şəbəkələrə uduzmasının bir neçə əsas səbəbi var:

"Birinci, sosial şəbəkələr hədsiz rahat, əlçatandır. Hər kəs istədiyi informasiyanı buradan operativ şəkildə əldə edə bilir. İkinci, sosial şəbəkələrdə heç bir qaydanın, qanunun, etik normaların olmaması ilə bağlıdır. Çünki sosial şəbəkələrdə nə gəldi, necə gəldi xəbər adı ilə yükləyib verirlər. Üçüncü, medianın özünün problemləri ilə bağlıdır. Bura peşəkarlıq problemi də daxildir. Digər ən ciddi səbəblərdən biri medianın daha çəkingən olması ilə bağlıdır. Növbəti səbəb isə medianın, xüsusilə saytların orijinal materialların ardınca getməsidir - axtarmaq, araşdırmaq, dəqiqləşdirmək. Lakin tənbəlləşmiş, "copy paste" sistemilə işləyən əksər media nümunələri də var. Buna görə də insanlar materialları sosial şəbəkələrdən almağa üstünlük verirlər".

Qulu Məhərrəmli qeyd edib ki, ənənəvi media daha çevik işləməlidir:

"Yuxarda sadaladıqlarımızın hamısı toplaşanda peşəkar deməzdim, ənənəvi media sosial şəbəkələrə uduzur. Əlbəttə, bunu bütün media qurumlarına aid etmək olmaz, amma çoxu bu vəziyyətdədi. Bir də ənənəvi media daha çevik işləməli, özlərinin platformalarını yaratmalıdırlar. Hazırda bəzi media qurumları sosial şəbəkələrdə də platformalarını yaradırlar və çalışırlar. Lakin onlayn adı altında nə gəldi xəbər etmək olmaz. Ənənəvi media çalışmalıdır ki, cəmiyyət üçün faydalı olan, maraqlı olan xəbərləri versin və bununla da insanlarda maraq oyatsın".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info