“Nazirlik yeni dərs ilinədək internet tariflərinin endirlməsini təmin etməlidir” – EKSPERT

“Nazirlik yeni dərs ilinədək internet tariflərinin endirlməsini təmin etməlidir” – EKSPERT

Yeni dərs ilində müəllimlərin, şagirdlərin və tələbələrin internet və kompüter təminatı necə həll olunacağı, bu problemin həlli üçün hansı addımlar atıla biləcəyi hər kəsi düşündürür.

Cebhe.info-nun xəbərinə görə, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu barədə öz rəyini bildirib:

“Təhsil Nazirliti artıq bildirib ki, yeni dərs ilində müxtəlif təhsil formaları olacaq. Onlardan biri də, ənənəvi təhsil formasını seçənlər üçün təklif olunacaq Hibrid (əyani, distant) təhsil forması olacaq.

Bu təhsil forması üçün gərəkli olan internet və kompüter təminatı necə həll olunacaq?

Fikrimcə, aşağıdakı addımlar atıla bilər:

1. İlk öncə ölkə üzrə keyfiyyətli internet infrastrukturu olan ərazilər müəyyən olunmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dövlət və özəl provayderlərin şəbəkəsinin əhatə dairəsi, mobil operatorların 3G və 4G stansiyalarının əraziləri haqqında məlumatı Təhsil Nazirliyinə (TN) təqdim etməlidir.

2. NRYTN qarşıdakı müddətdə təhsilin təşkili üçün zəruri olan keyfiyyətli infrastrukturun inkişafı məqsədilə “DeltaTelekom” və “AzərTelecom” magistral provayderlərin ölkə daxili infrastrukturundan, özəl və dövlət provayderlərin imkanlarından istifadə etməlidir, onlara münbit şərait yaratmalıdır. İmkan olan ərazilərdə bu provayderlərin xəttilə internetə əlçatımlıq yaradılmalıdır.

3. Beləliklə, keyfiyyətli internetə əlçatım imkanı olan ərazilərdə distant texnologiyaların tətbiqində problemi olan müəllim və şagirdlər, tələbələr müəyyən olunmalıdır. Onların internet təminatı və kompüterlərlə təminat üçün köməklik göstərilməlidir, internet paketləri təqdim olunmalıdır” .

Ekspert hesab edir ki, Hibrid təhsil formasında internet və digər texnoloji təminat məsələsində cavabdehliyi Təhsil Nazirliyi və təhsil müəssisələri üzərinə götürməlidir. Bu məqsədlə Təhsil Nazirliyi dəstək üçün hökumətə, mobil operatorlara və provayderlərə, İnformasiya Texnologiyaları şirkərlərinə və beynəlxalq donorlara müraciətlər etməlidir:

“Universitetlər tələbələrə kömək üçün mobil operator və provayderlərlə birgə müxtəlif güzəştli paketlər hazırlaya bilərlər.

4. Ölkənin pərakəndə internet bazarında dövlətin xüsusi çəkisi (“Aztelekom”, “Baktelecom”, “Azercell” və s.) hədsiz yüksək, təxminən 65%-dir. Odur ki, ilk öncə dövlət provayderləri qiyməti endirməlidir. Eyni zamanda mövcud tariflərə uyğun internet sürətlərini qaldırmalıdır.

Düşünürəm ki, NRYTN yeni dərs ilinədək internet tariflərinin endirlməsini təmin etməlidir. “Backbone” provayderlər də yeni dərs ilinədək provayderlərə güzəştlər tətbiq edərsə, istifadəçilərə satılan internet sürəti artar və TN üçün distant texnologiyaları tətbiq etmək daha əlverişli olardı.

TN məktəblərdə dərs olmadığı müddətdə təhsil üçün ayrılan internet trafikdən effektiv istifadə etməlidir.

5. Yalnız keyfiyyətli internet olmayan ərazilərdə teledərslərə və digər alternativlərə üstünlük verilə bilər.

6. Gizli deyil ki, NRYTN indiyədək inhisarçı siyasət yürüdərək əsasən dövlət ptovayderlərinə üstün şərait yaradıb. Özəllər xüsusilə də regionlarda sıxışdırılıb.

Düşünürəm ki, indiki şəraitdə NRYTN özəlləri regionlara cəlb etməli, onlara münbit şərait yaratmalıdır.

Hazırda regionlarda az-çox qalan provayderlərə müştəri əldə olunmasına NRYTN tərəfindən qoyulan məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır.

7. Regionlarda internetin inkişafı ilə bağlı 6-7 il öncə Dövlət Neft Fondundan maliyyələşməli olan Proqram uzun müzakirələr hazırlıqlar olsa da, yekunda icra olunmadı. Amma regionlardakı problem də həllini tapmadı.

Hazırda region interneti əsasən mis telefon məftili üzərində "oturan" ADSL internetidir. Bununla normal, keyfiyyətli və dayanıqlı təhsil və ya digər xidmət qurmaq mümkünsüzdür.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kreditlə, öz resusları ilə buna müəyyən cəhdlər etsə də, indiyədək də kəndlərdə keyfiyyətli internet yoxdur.

Xatırlayıram ki, bir müddət öncə Prezident də bu məsələyə münasibət bildirmişdi”.

Osman Gündüzə görə, regionlarda keyfiyyətli internet təminatı üçün hökumət ciddi addımlar atmalıdır, bu məqsədlə dövlət proqramı hazırlanmalıdır:

“Bura investisiyalar ayrılmalıdır. Fikrimcə, “DeltaTelekom”, “AzərTelekom”, “Aztelekom” və digər provayderlərin gücü ilə bütün ölkə üzrə, xüsusilə də kəndlərdə normal internet infrastukturu qurmaq olardı”.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info