Azərbaycan-ABŞ hərbi əməkdaşlığı: 15 ədəd çoxməqsədli kater nəyə işarədir? - MERC (HƏRBİ EKSPERT)

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı: 15 ədəd çoxməqsədli kater nəyə işarədir? - MERC (HƏRBİ EKSPERT)

Ordu.az vasitəsilə ABŞ-ın “United States Marine Inc” (USMI) şirkətinin Azərbaycana 15 ədəd çoxməqsədli “Multi-Use EOD Response Craft” (MERC) kateri tədarük etməsi bağlı verilən xəbərə ictimaiyyətin artan marağını nəzərə alaraq, oxuculara bu katerlərin alınması barədə müqavilənin şərtləri, onların təyinatı, istehsalçısı, texniki xüsusiyyətləri və s. barədə məlumat verməyi qərara aldıq. Xatırladaq ki, məlumat Pentaqon tərəfindən 4 avqust 2020-ci il tarixdə təsdiqlənib. Müqavilə şərtləri

Katerlərin hazırlanması üzrə işlər USMI şirkəti tərəfindən Baş ofisin də yerləşdiyi Missisipi ştatının Qalfport şəhərindəki müəssisədə həyata keçiriləcək. 9 metrlik uzunluğa malik katerlərin tədarükünün 2022-ci ilin aprelinə qədər başa çatdırılması müqavilədə öz əksini tapıb. Pentaqonun verdiyi məlumata görə, ABŞ-ın Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində həyata keçiriləcək tədarükün dəyəri 7 milyon 572 min 364 ABŞ dolları təşkil edir. Xarici Hərbi Satış İdarəsinin dəstəklədiyi layinənin yerinə yetirilməsinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəniz Sistemləri Komandanlığı nəzarət edəcək.

Təyinatı

“Multi-Use EOD Response Craft” katerləri adından da göründüyü kimi, əsasən partlayıcı vasitələri və sursatların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan suüstü vasitələrdir. Onları limanların patrul xidmətində, SAT/dalğıc əməliyyatlarında, minaya qarşı tədbirlərdə, pilotsuz sistemlərin tətbiqində, limanların (sahilyanı zonanın) mühafizəsində və təmizlənməsində, ekspedisiya, araşdırma və xilasetmə əməliyyatlarında, yaralıların təxliyəsində, şəxsi heyətin daşınmasında və s. kimi geniş sferalarda tətbiq etmək mümkündür.

Bəzi mənbələr bu katerlərin AT/FP əməliyyatlarında, dəniz müdaxiləsində, ətraf mühitin qorunmasında, yanğınsöndürmədə və dalğıcların dəstəklənməsində istifadə edilə bildiyini iddia edir.

USMI


Bu katerlərin istehsalçısı “United States Marine Inc” (USMİ) şirkəti mərhum Tom Dreyfus tərəfindən 1971-ci ildə qurulub. Qısa müddət sonra mərhum şirkətin prezidenti Larry Ellis də Tom Dreyfusa qoşuldu. Hazırda şirkətə icraçı direktor Con Deyn, prezident Barry Dreyfus və vitse prezidentlər - Bryant Bernhard, Fernando Mejia və Şeffer Deyn rəhbərlik edir. Şirkət əvvəlcə dünya səviyyəli yarış təyinatlı yelkənli katerlərini böyük uğurla inşa edirdi. 1987-ci ildən bəri “United States Marine Inc.” şirkəti 21-dən 90 fut uzunluğa qədər yüksək keyfiyyətli kompozit materiallardan və ya alüminiumdan hazırlanan hərbi, patrul və xüsusi təyinatlı hərbi katerlərin inkişafı və istehsalı ilə məşğuldur. USMI tamamilə inteqrasiya olunan sistemlərin istehsalçısıdır, şirkət qayıqları müstəqil şəkildə həm inkişaf etdirir, həm layihələndirir, həm inşa edir, həm də sınaqlarını keçirir.

“United States Marine, Inc.” hazırda hərbi və digər güc strukturları üçün yüksək keyfiyyətli xüsusi təyinatlı qayıqların aparıcı istehsalçısına çevrilib. USMI şirkətinin Baş ofisi Missisipi ştatının Qalfport şəhərində, təmir və serviz mərkəzi isə Virciniya ştatının Çesapika rayonunda yerləşir. Qalfport zavodu mühəndis bölmələri, müxtəlif ofislər, konfrans salonları və müştəri ofislərinin də daxil olduğu inzibati binanı nəzərə almaqla, qaynaq, elektrik, daxili tərtibat, boya, sınaq və s. emalatxanaları üçün 131550 kvadrat futdan çox qapalı əraziyə malikdir.

Şirkətin göstərdiyi servis xidmətn siyahısı uzundur. USMI təkcə gəmiləri deyil, həm də tam sənəd paketini, inteqrasiya edilən sistemlərin maddi-texniki dəstəyini, dünya miqyaslı “Tiger Team Support” proqramına uyğun təlim və təmir təhsilini də göstərir. Şirkət məhsullarının təhvil verildiyi gündən istismar müddətinin sonuna qədər müştərisinə dəstək olmağa can atan bir firma kimi müsbət imicə malikdir.

USMI şirkətinin əsas dəyərləri hər bir işçidən müştərilərə, satıcılardan son istifadəçilərə qədər hər bir fərdə qayğı ilə yanaşmaqdan, hər kəsə qarşı dürüst olmaqdan və müştərinin yalnız yüksək keyfiyətli məhsulla təmin etməkdən ibarətdir. Katerin daxili səthlərinin xüsusi sobalarda temperatura nəzarət olunan şəraitdə eboksid qarışığı ilə laminasiya olunması, USMI şirkətinin tətbiq etdiyi innovativ proseslərinin yalnız bir hissəsidir.



MERC katerlərinin istehsalında məhsuldarlıq, etibarlılıq və dayanıqlıq göstəricilərinə daha ciddi diqqət yetirilib. Şirkət Pentaqon və əlaqəli digər strukturların sərt tələblərinə cavab vermək üçün ən ekstremal şəraitdə yüksək xüsusiyətləri təmin edən vasitələr hazırlamaqda davam edir.

USMI hazırda bir neçə çoxməqsədli vasitələr hazırlamaq üçün digər müqavilələrə də malikdir. Bunlara “Special Operations Craft Riverine” (SOCR) və “Naval Special Warfare Rigid Inflatable Boat” (NSWRIB) aid edilə bilər. Bu müqavilələr vasitələrin təmirə ehtiyac duyduğu təqdirdə, şirkətin beynəlxalq ezamiyyət səyahətlərini də özündə ehtiva edir.

USMI bir neçə beynəlxalq dəstək təmin etmək üçün müqavilələri artıq icra edir. Bu müqavilələrə digər istehsalçılar tərəfindən inşa edilən suüstü vasitələrə texniki dəstək verilməsi də daxildir. Müqavilə öhdəliklərinə ev sahibi olan ölkələrdə vasitələrin təmiri, standart texniki qulluq və təcili təmir işləri ilə bərabər, yerli təmir heyətlərinin hazırlanması da daxil ola bilər.

USMI şirkəti hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə, Sahil Mühafizə Xidmətinə (CNIC və NECC) və digər müştərilərin katerlərinə serviz xidmətləri təqdim edir.

Mühərriki


4.6 litrlik V-8 tipli, 4 taktlı asma “Verabo 250” mühərriki rəvan və sakit çalışmaqla bərabər katerə təsirli dinamika bəxş edir. Bu isə katerin dənizdə inamlı səyahəti üçün 73 km/saatlıq yüksək sürət göstəricisini təmin edir. Mühərrikin böyük işçi həcmi və düşünülmüş dizaynı isə onun etibarlılığını və davamlılığına zəmanət verir. “Advanced MidSection” (AMS) adlanan mühərrik çərçivəsi və səs-küy azaldılması sistemi ilə katerin suda axımlı, hamar və səssiz hərəkətinə şərait yaradır.

4.6 litrlik “Verado” mühərriki asma mühərrik sinifində ən böyük həcmə malikdir. İkiqat qazpaylayıcı val və 32 ədəd klapan (DOHC) hesabına mühərrikin maksimum səmərəliliyi ilə bərabər onun maksimal fırlanma sayına daha sürətli çatmasına imkan verən əlavə fırlanma anı da təmin edilir. Xüsusi gücu artırmaq üçün mühərrikin kütləsi 272 kq-a dəqər azaldılıb. “Transient Spark” texnologiyası şamların alışma müddətini optimallaşdıraraq mühərrikin işə salınması anında fırlanma anını 7% artıraraq dərhal hərəkət gücünü təmin edir.

Taktiki-Texniki Xüsusiyyətləri


MERC katerləri üç fərqli versiyada inşa edilib, bu xüsusiyyətlər isə OCC versiyasına aiddir. “Cabin” versiyası əsasən 200 kq qədər artıq kütləsi ilə fərqlənir. NOMWC versiyası barədə kütlə göstəricilərinə rast gəlinmir. Lakin əlavə mina aşkarlama və zərərsizləşdirmə avadanlıqları hesabına NOMWC versiyasının da “Cabin” ilə təxminən eyni kütləyə malik ola biləcəyi ehtimal edilir.

Eni: 10 fut (3 m);
Tam faydalı yükə suya oturma: 1.9 fut (0.57 m);
Ümumi kütləsi: 14600 funt (6622 kq);
Faydalı yükün kütləsi: 1361 kq;
Kabinin materialı: Laminasiya prosesinə məruz qalan FRP;
Mühərrik: 250 at gücünə malik 4 taktlı "Mercury Verado";
Generatoru: 6.5 KVt-lıq WESTERBEKE 6.5MCG;
Maksimum sürəti 39 düyündən (73 km/saatdan) çox;
Kreyser sürəti: 30 düyündən (56 km/saatdan) çox;
Heyəti: 7 nəfər;
Silahlanması: .50 (12.7 mm) çaplı pulemyot.
Sursat dəsi: məlum deyil.

MERC katerləri hava vasitələri ilə daşına bilir. Onların digər suüstü vasitələrdən suya kran vasitəsilə buraxılması da mümkündür. Katerlər yedəkdə daşınmaqla bərabər digər kiçik həcmli vasitələri də özü daşıya bilir.

Nəticə


Əvvəlcə qeyd edək ki, istehsalçı katerin avadanlıqları, o cümlədən idarəetmə kompüteri, naviqasiya planşeti, idarəetmə orqanları, üfüq kompası, GPS, exolot, rabitə vasitələri, müşahidə və nişangah sistemləri, diaqnostika qurğusu, meteostansiya və s. barədə məlumatları açıqlamır. Buna görə də nəticə açıq mənbələrdən əldə edilən məhdud məlumatlara əsaslanır.

Bu katerlər qatran infuziyalı laminasiya prosesindən istifadə edərək kompozit materiallardan hazırlanır. Bu günə qədər USMI şirkəti 4 taktlı və 250 at gücünə malik “Mercury Verado 250” benzin mühərrikləri ilə təchiz olunan MERC katerləri üç fərqli versiyada - OCC (Open Center Console - Açıq Ön Konsol), “Cabin” (Kabin) və NOMWC (Naval Oceanography Mine Warfare Center - Dəniz Okeanoqrafiya Mina Mübarizə Mərkəzi) - inşa edilə bilər. Kompozit materiallardan hazırlanan MERC katerlərinin 2022-ci ilin ikinci yarısından silahlanmaya qəbulu gözlənilir. Onlardan limanların patrul xidmətində, SAT/dalğıc əməliyyatlarında, minaya qarşı tədbirlərdə, pilotsuz sistemlərin tətbiqində, limanların (sahilyanı zonanın) mühafizəsində və təmizlənməsində, ekspedisiya, araşdırma və xilasetmə əməliyyatlarında, yaralıların təxliyəsində, şəxsi heyətin daşınmasında və s. kimi geniş sferalarda tətbiq etmək mümkündür.


Qayıqların .50 çaplı (12.7 mm) pulemyotlarla təchiz edilməsi, bu katerlərin daha çox hərbi məqsədlər üçün istifadə ediləcəyini göstərir. Bu katerlərdən HDQ-nin və DSX-nin mühəndis və axtarış xilasetmə xidməti ilə bərabər, FHN-nin də Səyyar Dalğıc və Xilasetmə Bölmələri tərəfindən istifadə edilməsi mümkündür. Livanda baş verən hadisələr, limanların təhlükəsizliyinin təmin olunmasının vacibliyini bir daha gözlər önünə sərdikdən sonra, bu katerlərin alınması həm təyinatına, həm də zamanına görə məqsədəuyğun hesab edilir.

Hazırda müasir katerlərin inkişaf ənənəsi, onların pilotsuz avtonom və çoxfunksiyalı robot kompleksi şəklində hazırlanmasına doğru gedir. Onların da əsas təyinatı Silahlı Qüvvələrin, Sərhəd və Sahil Mühafizə Xidmətinin, Axtarış və Xilasetmə Xidmətlərinin, Polis bölmələrinin maraqlarına uyğun vəzifələrin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. USMI şirkətinin məhsullarının daim üstün texnoloji proseslərə önəm verdiyini nəzərə alsaq, yaxın gələcəkdə şirkətin pilotsuz katerlərinin də peyda ola biləcəyini ehtimal edə bilərik.


Əldə edilən bu katerlər Azərbaycanın quruda və dənizdə minaların təmizlənməsi sahəsində atdığı ilk addım deyil. Azərbaycan üçün bu mövzu daim prioritet hesab edilib. Hələ 2012-ci ildə Azərbaycan təhlükəsizlik əməliyyatlarında istifadə etmək üçün bir il əvvəl bağlanan müqavilə əsasında Polşadan robotlar əldə etmişdi. Bu robotlar partlamayan hərbi sursatı və bombaları zərərsizləşdirmək üçün nəzərdə tutulurdu.

2013-cü ildə ildə isə Azərbaycan Kanadanın “Alen Vanguard” şirkətindən çətin yerdə (məsələn qapalı qapı arxasında) mövcud olan bombaları zərərsizləşdirmək üçün yeni avadanlıqlar əldə etdi. Şirkət əlavə olaraq Azərbaycana qapalı sərt qapıları açmaq üçün xüsusi qurğular və istehkamçılar üçün qoruyucu geyim dəstləri ixrac etmişdi.

2014-cü ildə Azərbaycan Kanadanın “Meg-Eng” şirkətindən də bomba zərərsizləşdirən robotlar əldə edib. Bu avadanlıqlar Fövqəladə Hallar Nazirliyinin istifadəsindədir. Bundan əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu şirkətdən müxtəlif növ avadanlıqlar alıb. Lakin Ermənistanla real hərbi siyasi gərginlik şəraitində bağlanan bu müqavilə tam fərqli əhəmiyyət daşıyır.

Əslində Azərbaycanın ABŞ ilə dəniz sərhədlərimizin mühafizəsi sahəsində əməkdaşlığının tarixi artıq onillərlə ölçülür. ABŞ tərəfindən Azərbaycanın güc strukturlarına verilən dəniz vasitələri barədə əvvəllər məlumat verdiyimiz üçün bu faktları təkrar etməyəcəyik. Bu əməkdaşlıq İsrail və Türkiyə kimi digər tərəfdaş ölkələrlə də aktiv şəkildə davam etdirilir. Lakin bu əməkdaşlığın ABŞ-la real vəziyyətdə davam etdirilməsi, Azərbaycan üçün daha vacib əhəmiyyət daşıyır. İşğalçı ölkənin silah təchizat kanallarının məhdudlaşdırılması yönündə atılan adımlar fonunda Pentaqondan belə bir açıqlamanın verilməsi, təbii ki, Ermənistan hakimiyyətinin həyəcanlanmasına səbəb olacaq. Çünki onlar bu addımların digər Qərb ölkələri və onların aparıcı şirkətləri üçün müsbət nümunə hesab edilə biləcəyini yaxşı anlayırlar.

Mənbələr

https://militaryleak.com/2020/08/05/usmi-awarded-7-million-contract-to-provide-eod-response-craft-to-azerbaijan/
https://usmi.com/portfolio/9mrib/
https://iwbs-static.s3.amazonaws.com/uploads/2016/12/International-WorkBoat-Show-PMS325-Presentation-2016.pdf
https://www.defense.gov/Newsroom/Contracts/Contract/Article/2300395/
https://defence.pk/pdf/threads/united-states-marine-inc-to-supply-15-eod-response-craft-boats-to-azerbaijan.679406/
https://armynow.net/usmi-contract-eod-response-craft-azerbaijan/
https://www.flickr.com/photos/metalcraftmarine/albums/72157661691706425

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Mənbə: ordu.az