Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts vaxtilə sahibi olduğu şirkətin Çin mənşəli “TikTok” mobil əlavəsini almaqla bağlı proses barədə danışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bununla bağlı “Wired” jurnalına müsahibə verib.

Amerikalı milyarder, ümumiyyətlə, “TikTok”un alınması ilə bağlı rəsmi Vaşinqtonun zorla təlqin etdirmək istədiyi prinsipləri "qəribə" adlandırıb.

Bill Geytsin fikrincə, əgər “Microsoft” bütün hallarda müqavilə imzalasa, bunu prezident Donald Trampın istədiyi şərtlər altında həyata keçirməli olacaq. Bunlardan biri də ABŞ Maliyyə Nazirliyinin həmin sazişdə tərəf kimi iştirak etməsidir.

“Belə olan halda, saziş içi zəhərlə dolu stəkana bənzəyəcək. Ona görə də irəlidə nə baş verəcəyini görmək çətindir”, - deyə, o söyləyib.

Qeyd olunur ki, daha öncələr ABŞ prezidenti Donald Tramp “TikTok”un sahibi, Çinin “ByteDance” şirkətindən onu bu ilin sentyabr ayının 15-nə qədər ya “Microsoft”, ya da hansısa başqa bir ABŞ şirkətinə satmağı tələb etmişdi. Əks təqdirdə Ağ Ev rəhbəri videoservis proqramını ABŞ-dakı mobil qurğulardan sildirəcəyini söyləyib.

Donald Tramp bununla bağlı niyyətinin ciddi olduğunu göstərmək üçün hətta müvafiq fərman da imzalayıb.

Mənbə: moderator.az